Hotellərimiz
“Sadə turistləri Azərbaycana cəlb etmək üçün ilk növbədə yerli mədəniyyəti, tarixi zənginlikləri ön plana çıxarmaq lazımdır”
Ötən saylarımızda ölkəmizdə fəaliyyət göstərən beynəlxalq brend hotellərin baş menecerləri ilə silsilə müsahibələr hazırlamış, həmsöhbətlərimizin bu sahədə mövcud vəziyyət və perspektivlərlə bağlı fikirlərini oxuculara çatdırmışdıq. “Hotellərimiz” rubrikasında isə müsahiblərimiz yerli hotellərin baş menecerləri olacaqlar. Çalışacağıq ki, turizm sənayesinə bir də onların gözü ilə nəzər salaq, tanınmış brend hotellərlə rəqabət mühiti, nailiyyətlər, problemlər, yerli hotellərin beynəlxalq brendə çevrilmək imkanları və s. barədə mülahizələrini dinləyək.
Rubrikamızın ilk qonağı “Qafqaz” hotellər şəbəkəsinə aid “Qafqaz Point” hotelinin baş meneceri Davut Akcadır. Ölkəmizdə fəaliyyətə əsas aparıcı turizm bölgəmiz olan Qəbələdən başlayan müsahibim öncə özü haqqında məlumat verdi.
- Turizm sektoruna gəlişim 1979-cu ilə təsadüf edir. O zaman Türkiyədə turizm liseyləri yeni qurulurdu və mən də onlardan birinin məzunu kimi hoteldə xidmətçi olaraq işə başladım. Daha sonra sifarişlərin qeydiyyatı, qəbul şöbəsi, ön büroda fəaliyyət göstərdim, çalışdığım “Merkuri” hotelinin gecə müdiri vəzifəsinə irəli çəkildim. Ölkə xaricində ilk fəaliyyətim isə Qazaxıstanda oldu. Aktau şəhərində məşhur hotellərdən birinin açılışını gerçəkləşdirdik. Orada mənim üzərimə düşən əsas vəzifə kadr hazırlığı ilə bağlı məsələlər idi. Altı aya yaxın Qazaxıstanda fəaliyyət göstərdikdən sonra bir müddət Şimali Kipr Türk Cümhuriyyətində çalışdım. Azərbaycana 2010-cu ilin aprelində gəldim. Həmin il Qəbələdə yerləşən “Qafqaz Riverside Resort” hoteli açıldı. Təxminən yarım il orada kadr hazırlığı məsələləri ilə məşğul olduqdan sonra, “Qafqaz Point” hotelinə baş menecer təyin edildim. Üç ilə yaxındır ki, burada fəaliyyət göstərirəm.
Daha əvvəl ünsiyyətdə olduğum baş menecerlərin də əksəriyyəti hotelçiliyə ən aşağı vəzifədən başlayıblar. Doğrudanmı bu sektorda pillələri qalxmaq daha asandır?
- Bu sualınız mənə 2010-cu ili xatırlatdı. Biz o vaxt Qəbələ və ətraf bölgələrdə yaşayan gəncləri “Qafqaz Riverside” hotelinə işə dəvət edirdik və elan vermişdik. Gənclərin marağı yüksək olsa da, işin xüsusiyyətləri onları bəzən qane etmirdi, aşağı iş hesab edirdilər. Elələri də olurdu ki, təsərrüfat işləri ilə əlaqədar vaxtaşırı icazə istəyirdilər, işə qeyri-ciddi yanaşırdılar. Onlara elə gəlirdi ki, hoteldə şveysar (qapıçı) kimi işə düzəlirlərsə, ancaq bu işi görməli olacaqlar. Ancaq hotel işi azsaylı sahələrdəndir ki, burada hər şey bütün personalın gözü önündə baş verir və onlar asanlıqla digər sahələrin işini müşahidə etməklə öyrənə bilirlər. Məsələn, mən özüm otaq xidmətçisinin işini sırf müşahidə ilə öyrəndim. Zamanla onlar da öyrəndikləri, maraqlandıqları işlərə iddia edib həmin vəzifəni tuturlar. Bu həm də sektorun özünün iş-fəaliyyət şəklidir. Yuxarıda çalışanlar aşağıların işini bilməlidirlər. Şükürlər olsun ki, biz ən çətin mərhələni arxada qoya bildik. Bu gün gənclər hotelçiliyə daha fərqli yanaşmağa başlayıblar. Bizim yetişdirdiyimiz kadrlar brend hotellərdə çalışırlar. Bunun özü fəxrdir ki, paytaxtda fəaliyyət göstərən brend hotellər bizim hazırladığımız kadrlara üstünlük verirlər. O zaman gəncləri təşviq etmək üçün dediyimiz fikirlər də öz təsdiqini artıq tapır. İşə aşağı vəzifələrdən başlayan həmin gənclər artıq departament müdiri vəzifəsində çalışırlar.
Brend hotellər mövzusuna toxundunuz. Yerli brend kimi rəqabətdə çətinlikləriniz olmur ki?
- Əvvəla, onu qeyd edim ki, beynəlxalq brendlər Azərbaycan bazarına daxil olmadan öncə biz artıq işimizi qurmuşduq. Ümumiyyətlə, “Qafqaz” hotellər şəbəkəsi bütün seqmentlər üzrə fəaliyyət göstərir. “Qafqaz Point” isə biznes yönümlü 5 ulduzlu hoteldir. Bu seqmentin də özünə xas xüsusiyyətləri mövcuddur. Müştərilərimiz əsasən işgüzar insanlar olduqlarından onlara maksimum rahat, sakit istirahət lazımdır. Bu baxımdan otaqların ölçülərinə görə ən yüksək göstərici bizdədir. Ancaq bazarın özünün xüsusiyyətləri, müştəri qıtlığı bu seqment üzrə fəaliyyətə o qədər də imkan yaratmır. Demək olar ki, bütün hotellər eyni qrup müştəri uğrunda rəqabət aparırlar. Bu özü də bir mərhələdir. Vaxtilə Türkiyə də bu dövrü yaşayıb. Hotellərin baş menecerləri toplaşıb qiymətlərlə bağlı razılığa gəlirdilər, öz aralarında ən aşağı qiyməti, müştəri seqmentini müəyyənləşdirirdilər. Ancaq elə həmin iclasdan sonra bazarda eyni qrup müştəri uğrunda əvvəlki qaydada mübarizə başlayırdı, bir-birindən fərqli qiymətlər təklif olunurdu. Bu gün biz də eyni mərhələni yaşayırıq. Yeri gələndə beynəlxalq brend online satışlarda aşağı qiymətlər təklif edir və ya biz beynəlxalq tədbirlərdən maksimum çox müştəri almağa çalışırıq. Bu baxımdan rəqabət yüksəkdir və bu qiymətlərə də təsirsiz ötüşmür. Sadə bir misal deyim, bu gün hotel qiymətləri iki il öncə ilə müqayisədə xeyli aşağı düşüb. Ancaq zamanla, müştəri sayı artdıqca hotellər də öz seqmentlərinə uyğun müştəriləri cəlb etmək istəyəcəklər. Çünki biznes yönümlü hotel üçün istirahətə gəlmiş, əyləncə axtaran müştərini məmnun etmək çətinliklər yaradır, müştərini itirməmək üçün əlavə yükə düşür. Eyni ilə resort hoteldəki ab-hava da iş adamının rahatlığını pozur, sakit istirahətinə mane olur. Bütün bunlar təkliflə tələb yaxın olduqda öz həllini tapacaq. İndiki vəziyyətdə isə rəqabət seqmentlər arasında yox, bütün bazar iştirakçıları arasında gedir.
Yerli hotellərin qarşısında duran əsas vəzifələrdən biri də ölkəyə istirahət məqsədilə gələn turistlərin sayını artırmaqdır. Bəllidir ki, neftlə, digər biznes layihələri ilə bağlı ölkəyə gələn bir çox şirkətlər müəyyən müddətdən sonra gedəcəklər və turizmin gələcəyi daha çox istirahətə gələn insanların sayından asılı olacaq. Ölkədə ən böyük yerli hotellər şəbəkəsi olaraq bu istiqamətdə hansı işləri görürsünüz?
- Sadə turistləri Azərbaycana cəlb etmək üçün ilk növbədə yerli mədəniyyəti, tarixi zənginlikləri ön plana çıxarmaq lazımdır. Bütün bölgələr üzrə bu işin həyata keçirilməsi olduqca vacibdir, təkcə Bakı ilə kifayətlənmək olmaz. Biz “Qafqaz” hotellər şəbəkəsi olaraq əsas diqqətimizi bölgələrə ayırırıq. İstəyirik ki, həm regionlarda turizm inkişaf etsin, həm də ölkəmizə səfər edən turistlərimiz bölgələrdəki zənginliklərlə tanış olsunlar. Şəxsən mən ilk dəfə Azərbaycana gəldiyimdə İsmayıllıda, Qəbələdə, Şəkidə oldum. Bu yerlər həm əsrarəngiz təbiəti, həm də zəngin tarixi abidələri ilə tanınır. Düşünürəm ki, ölkəyə gələn hər bir turist Şəki Xan Sarayını mütləq görməlidir. Bakı və ətrafının turizm potensialı isə daha çox dənizlə əlaqəlidir. Xəzərin Bakıətrafı sahillərində ciddi təmizlik işləri aparılarsa, müasir tələblərə uyğun çimərliklər, istirahət mərkəzləri inşa edilərsə, bu da xeyli sayda turistin istirahət üçün buranı seçməsinə səbəb ola bilər. Mən şəxsən turizm üçün Bakıdan çox regionların potensialına üstünlük verilməli olduğunu düşünürəm. Görülməli işlərdən ən başlıcası isə ixtisaslı kadr hazırlığıdır. Bilirsiniz ki, bu istiqamətdə hələlik müəyyən çətinliklərimiz var. Turizmlə məşğul olan ölkələrdə bu istiqamətdə böyük universitetlər, liseylər fəaliyyət göstərir. Biz kadr hazırlığını daha çox öz imkanlarımız hesabına həyata keçiririk ki, bu da kifayət deyil. Brend hotellər daha yüksək maaşa bizim yetişdirdiyimiz kadrları alırlar və biz yeni kadr yetişdirənə qədər xidmət səviyyəsi, təbii ki, aşağı düşür. Bu işlə təhsil müəssisələri daha keyfiyyətli şəkildə məşğul olsalar, rəqabət mühiti də formalaşmış olar. Yerli hotellərin beynəlxalq brendə çevrilməsi də məhz yüksək səviyyəli kadr hazırlığından keçir. Məsələn, “Four Seasons” hotelləri yüksək xidmət keyfiyyəti ilə seçilən hoteldir. Onlar Bakıya gəlirlərsə, ən seçmə kadrlarını buraya göndərirlər və işi eyni səviyyədə qurmağa çalışırlar. Biz də bu yolla irəliləmək istəyiriksə, peşəkar kadrlar yetişdirməliyik ki, onlar dünyanın istənilən nöqtəsində asanlıqla fəaliyyət göstərə bilsinlər.
Sadiq Musa