Peşəkar


“Tədris istedadı rəndələmək, almazı brilyanta çevirmək deməkdir”

“Peşəkar” rubrikasının budəfəki qonağı “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və s. filmlərdə yaratdığı rollarla böyük tamaşaçı rəğbəti qazanan görkəmli aktyor, Xalq artisti Rasim Balayevdir. Müasir kinematoqrafiyanın vəziyyətindən giley-güzarlı olan müsahibimlə Azərbaycan kinosunun hazırkı vəziyyəti, rejissor və aktyor peşəkarlığı məsələlərinə toxunduq. Həmsöhbətimizə öncə rubrikamızın ənənəsinə sadiq qalaraq “Peşəkarlığın meyarları nədir” sualını ünvanlayırıq:

- Peşəkarlığın birinci və istisnasız şərti Allah vergisi, istedaddır. Bu olmadıqca nə peşədən danışmağa dəyər, nə də peşəkarlıqdan. Bəzən elə insanlar olur ki, görürsən, öz sahəsini gözəl bilir, kifayət qədər məlumatlıdır, ancaq ərsəyə gətirdiyi işdə eyni məharət hiss olunmur. Bu artıq istedad çatışmazlığının nəticəsidir. Təhsillə insana istedad verilmir, verilə də bilməz. Tədris istedadı rəndələmək, almazı brilyanta çevirmək deməkdir. Əgər əlinizdəki almaz deyilsə, nə qədər çalışsanız da, brilyant olmayacaq. Daha sonra zəhmət, çalışqanlıq, sənət sevgisi, fədakarlıq gəlir. Bir də mütləq bəxt, tale sənətkarın üzünə gülməlidir, parlamağı üçün uyğun şərtlər olmalıdır. Elə öz nümunəmdən göstərim, mən indiki dövrdə sənətə gəlmiş olsaydım, bəlkə də heç nə ilə yadda qalmazdım. İndi nə “Nəsimi”, nə “Babək”, nə də “Dədə Qorqud” çəkilir, həmin rejissor və aktyor heyəti də yoxdur. Deməli, istedadla, təhsillə, fədakar əməklə yanaşı, bəxt amili də olmalıdır.
- Rasim müəllim, bəs nəsillər arasındakı bağ niyə qırılır? Axı hər dövrün öz istedadı olmalıdır. Sizcə, indi istedad qıtlığı var, yoxsa onları tapıb üzə çıxara bilmirik?
- Bu, əslində, bir az ziddiyyətli məqamdır. Dünya təcrübəsi göstərir ki, hər dövrdə istedadlar olur və çox güman ki, indi də onların sayı bizim dövrümüzdən az deyil. Əsas məsələ o istedadları tapıb ortaya çıxarmaqdır. Ancaq bizim seçim metodlarımız bir çox hallarda istedadın aşkarlanmasına yox, əksinə, onların itib-batmasına xidmət edir. Bizim dövrümüzdə indiki Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq üçün əsas şərt qabiliyyət idi. Tanınmış mütəxəssislər abituriyentin istedadını qiymətləndirirdilər, qabiliyyət imtahanlarından yüksək bal alan şəxslərə digər fənlərdə güzəşt olunurdu. Şəxsən mən özüm sənət imtahanının hər üçündən “əla” qiymət almışdım, digər müəllimlər də həmin qiymətləri görüb, “kafi” cavab verdiyim fənlərdən mənə “yaxşı” yazmışdılar.
Ancaq indi belədirmi? Çox təəssüf ki, yox. Məni qabiliyyət imtahanlarında seçimə dəvət etmişdilər. Bir neçə istedadlı gənc var idi ki, onlara yüksək bal vermişdim, fikirləşirdim ki, parlaq gələcəkləri var. Sonra onlar haqqında maraqlandım, məlum oldu ki, test imtahanlarından yetərli balı yığa bilmədikləri üçün kəsiliblər. Bu isə o deməkdir ki, biz həmin uşaqları itirdik. Nəsillər arasında qırılma da boş yerdən yaranmır ki, hər qəbulda bu qədər istedad öz qabiliyyətini inkişaf etdirmək imkanından məhrum olursa, nəticə də ürəkaçan olmur. Bu gün həmin uşaqların yerinə hüquqşünas olmaq istəyən, ancaq balı yetmədiyindən aktyorluq fakültəsinə daxil olanlar var. Beləliklə, biz nə istedadlı aktyor qazanmış olduq, nə də hüquqşünas. Ona görə də öncə kimi seçirik, necə seçirik, ona baxmalıyıq. İstedadın əsas sayıldığı təhsil ocaqlarının qəbul qaydaları birmənalı olaraq dəyişdirilməlidir, test üsulu ilə istedadları seçmək olmaz.
Daha bir məsələ isə təhsil ocaqları ilə mədəniyyət müəssisələri arasında əlaqənin qırılmasıdır. Əvvəllər istedadlı tələbləri ikinci-üçüncü kursdan teatrlara cəlb edirdilər, kinoya çəkirdilər. Yaxşı yadımdadır, Fuad Poladov, Səməndər Rzayev hələ tələbə ikən sənət həyatına başlamışdılar. İndi dövlət bu sahəyə kifayət qədər vəsait də ayırır, ancaq mənzərə dəyişirmi? Ona görə də incəsənət ilk növbədə istedada bağlıdır, maliyyəyə və digər amillərə yox.
Bundan əlavə, şərt deyil ki, hamı incəsənət təhsilli olsun. O dövrdə kənar sahələrdən də istedadlı insanları tapıb gətirirdilər, filmlərdə onlara ikinci, üçüncü dərəcəli rollar verilirdi. Dərnəklərin də bu işdə böyük rolu olurdu. Axtarıb tapmaq, əziyyət çəkmək lazımdır. Bunun üçün də güclü rejissorlar olmalıdır ki, bu cür istedadları ortaya çıxara bilsinlər. Təəssüf ki, indi bəzi rejissorlar özlərini Fellini hesab etdikləri halda ortaya baxımlı bir iş qoya bilmirlər. İnternetin populyar olduğu bir zamanda auditoriya toplamaq da asan iş deyil, çox səviyyəli ekran əsərləri, tamaşalar hazırlamaq lazımdır ki, diqqəti cəlb edə biləsən.
- Sizin kimi təcrübəli, peşəkar insanlara həmişə ehtiyac olub. Pedaqoji sahədə fəaliyyət göstərirsinizmi?
- Təkliflər çox olsa da, heç vaxt müəllim kimi fəaliyyət göstərmək istəməmişəm. Əvvəllər elə çox vaxtım da yox idi, eyni zamanda, təhsilə, müəllimliyə çox ciddi yanaşırdım, çəkinirdim. Bir müddətdən sonra məni universitetdə dərs deməyə razı saldılar. Birinci dərsə gəldim, otaqda bir tələbə belə yox idi, elə jurnalı oradaca qoyub çıxdım. Beləliklə, müəllimlik fəaliyyətim başlamamış bitdi. Aydın oldu ki, bu tələblərin sənətə maraqları yoxdur. Bizim vaxtımızda sənət dərslərinə tələbələr yarım saat əvvəldən gəlirdilər, müəllimlər də həvəslə dərs keçirdi.
- Bəs film və ya seriallara təcrübəli aktyor, yaxud mütəxəssis kimi dəvət edilirsinizmi?
- Bir-iki filmə dəvət etdilər çəkildim, ancaq sonra çox peşman oldum. Daha sonra bütün dəvətlərdən imtina etdim, aşağı səviyyəli filmə çəkilməkdənsə, çəkilməməyi üstün tutdum. Bilirsiniz, filmdə əsas sima rejissordur. Mən bu gün həmin rejissuranı görmürəm. Axı film çəkmək “motor”, “stop” demək deyil, ideya, məğz olmalıdır, rejissuranın incəliklərinə bələd olmaq lazımdır. Keçmişdə rejissorlar film çəkə-çəkə aktyorlar yetişdirirdilər, bir film bir məktəb idi. Çəkilişlərin birində maraqlı məqam yaşandı. Rejissordan soruşuram ki, sabahkı seriyanın ssenarisini verin, hazırlaşım. Mənə deyir ki, hələ axşam yazılacaq. Bu artıq iş deyil, sadəcə məşğuliyyətdir. Mən çalışıram ki, məşğul olmayım, ciddi iş görüm. O ki qaldı aktyor işində, səhnə danışığında məsləhətçi kimi dəvət olunmağıma, hələ ki bir müraciət belə olmayıb. Tanınmış şairimiz Ramiz Rövşən sırf mənim üçün ssenari yazır. İnşallah, onu ərsəyə gətirməyə çalışacağıq.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar