“Bakıda yapon filmləri festivalı, təsviri incəsənət sərgisi, yapon ifaçıların konsertləri və ikebana sənəti mütəxəssislərinin ustad dərslərini keçirməyi planlaşdırırıq”

Müsahibimiz Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuguo Takaşidir. O, Bakıda bir neçə aydır diplomatik fəaliyyət göstərsə də, ölkəmizlə tanışlığının tarixi daha böyükdür. Həmsöhbətimizdən öncə Azərbaycana səfir təyinatını necə qarşıladığını soruşduq.

- Yaponiyanın Azərbaycanda səfirliyi 2000-ci ildə açılıb. Həmin vaxt Tokioda Xarici İşlər Nazirliyində çalışırdım və Yaponiya hökumətinin Azərbaycanda səfirlik açması ilə bağlı prosesdə mən də iştirak edirdim. Azərbaycanda səfirlik açılması işinə rəhbərlik etdiyimdən hələ o zaman ölkənizə gələ bildim və deyim ki, burada bir doğmalıq hiss etdim. Bu baxımdan, Azərbaycana səfir təyinatımın tale yazısı olduğunu düşünürəm. Bakıya ötən ilin noyabrında gəldim və ötən müddət ərzində şəhərdə baş vermiş böyük bir inkişafın şahidi oldum.

- Azərbaycanla Yaponiya arasında qarşılıqlı əlaqələri necə dəyərləndirirsiniz?
- 2012-ci ildə Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi qeyd olundu. Diplomatik əlaqələrimiz yaranandan ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Yaponiya ilə Azərbaycan arasında siyasi problem yaradacaq, hər hansı həllini tapmayan məsələ mövcud deyil. Ötən ilin noyabr ayında Azərbaycanın İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında dostluq müqaviləsi imzalandı və bununla da əyalətlər arasında münasibətlərin yeni mərhələsi belə başlandı. Biz həmçinin güman edirik ki, bununla şəhərlərin sakinləri arasında da mübadilə yavaş-yavaş genişlənəcək. İqtisadi münasibətlərə gəlincə, yapon investisiyası Azərbaycanda əsasən enerji sektorunu əhatə edir. Lakin ölkənizdə iqtisadi inkişafın yüksəlməsi yapon müəssisələrinin buraya marağını artırıb və biz iqtisadi əlaqələrimizin digər sahələri də əhatə etməsini gözləyirik.

- Ölkələr, xalqlar arasında münasibətlərin inkişafında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Bu baxımdan iki ölkə arasında mədəni əlaqələr barəsində nə deyə bilərsiniz?
- Mədəni əlaqələr əsasən insan mübadiləsi üzərində qurulur. Məhz buna görə Azərbaycan müstəqil olduqdan bəri bir çox azərbaycanlılar Yaponiya Təhsil Nazirliyinin təqaüd proqramlarından və Yaponiya Fondunun müxtəlif proqramlarından istifadə edərək yapon dili öyrənməklə yanaşı, ölkəmizin mədəniyyəti ilə də tanış ola biliblər. Buna görə də, Azərbaycanda yavaş-yavaş yaponşünasların sayı artır və mən ümid edirəm ki, mədəni əlaqələr də uğurla inkişaf edəcək. Diplomatik əlaqələrimizin qurulmasından 20 il keçib və mədəni əlaqələr heç də həmişə standart olmur. Düşünürəm ki, bu sahədə daha çox inkişaf üçün kifayət qədər potensialımız var və biz gələcəkdə iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirmək naminə əməkdaşlığa hazırıq.

- Yeri gəlmişkən, Yaponiyanın Azərbaycandakı səfirliyi olaraq bu istiqamətdə hansı layihələriniz var?
- Bir qədər məhdud büdcə şərtləri ilə müəyyən tədbirlərimiz olur. Səfirlik olaraq yapon filmləri festivalı, təsviri incəsənət sərgisi, yapon ifaçıların konsertləri və digər bu kimi müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Eyni zamanda yayda yapon ikebana sənəti mütəxəssislərini Azərbaycana dəvət etmək və azərbaycanlılar üçün ustad dərsləri keçirməyi nəzərdə tuturuq.

- İki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Azərbaycan tarixi İpək Yolu üzərində yerləşdiyi üçün böyük turizm resurslarına və potensialına malikdir. Turizm iqtisadi əlaqələrdə arzu edilən sahələrdən biridir. Buna qədər “GUAM+Yaponiya” layihəsi çərçivəsində Azərbaycanla Yaponiya arasında turizm sahəsində bir sıra əməkdaşlıqlar həyata keçirilib. 2009-cu ildə Yaponiya hökuməti GUAM-a üzv ölkələrdən nümayəndələri Tokioya dəvət etdi və “GUAM+Yaponiya” turizmin inkişafı üzrə master-klas keçirildi. Bunun davamı olaraq 2011-ci ildə 5 yapon turizm kampaniyası, 2012-ci ildə isə informasiya agentliklərinin nümayəndələri turizmin vəziyyətini müşahidə etmək üçün GUAM ölkələrinə dəvət edildi. 2010-cu ildən Azərbaycan hər il Yaponiya Turizm Assosiasiyaları Agentliyinin keçirdiyi sərgidə öz stendi ilə iştirak edir, iştirakçılara ölkənizin turizm imkanları barədə məlumatlar verilir. Bu səylərin nəticəsində yaponlar Azərbaycan turizmi haqqında daha çox öyrənə bilirlər. Hələ ki, Azərbaycanla Yaponiya arasında kütləvi turizm mövcud deyil. Buna maneə yaradan səbəblərdən biri birbaşa aviasiya əlaqəsinin olmamasıdır. Qeyd edim ki, Azərbaycanda turizmin inkişafı üçün gözəl yerlər var, lakin onların təbliğatı hələ zəif aparılır.

- Yəqin Azərbaycanda olduğunuz müddət sizə xalqlarımız arasında oxşar və fərqli cəhətləri müşahidə etmək imkanı verib. Ümumiyyətlə, ölkəmizdə özünüzü necə hiss edirsiniz, azərbaycanlılar sizdə hansı təəssüratı yaradıb?
- Azərbaycanda, doğrudan da, fərqli xüsusiyyətlərə malik insanlar var və mən hiss edirəm ki, bu ölkə sivilizasiyanın kəsişməsində olub. Digər tərəfdən, müşahidə etmişəm ki, avtobusda qızlara, qadınlara, yaşlı adamlara yer verirlər. Yapon ənənəsində də yaşlılara hörmət mövcuddur və bu baxımdan mədəniyyətlərimizin yaxınlığını hiss edirəm. Burada diplomatik fəaliyyətə başlayandan sonra azərbaycanlılar yaddaşımda başqalarına münasibətdə sakit, xeyirxah insanlar kimi qalıblar.

- Böyük bir ölkənin səfiri kimi yəqin işləriniz çox, boş vaxtınız azdır. Teatra, konsertlərə getmək imkanınız olurmu?
- Bilirəm ki, Azərbaycanda yüksək səviyyədə opera və teatrlar var. Mən rus dilini bilirəm və rus dilində olan teatr tamaşalarına baxmaq istərdim. Düzü, bu günə qədər hansısa tamaşaya vaxt ayıra bilməmişəm. Amma mənə tez-tez dəvətnamələr göndərilir və mən bir gün vaxt ayırıb yüksək səviyyəli operaya getmək niyyətindəyəm.

- Cənab səfir, Azərbaycan tarixi, mədəniyyəti və musiqisi haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanın da daxil olduğu Cənubu Qafqaz regionu Rusiya, İran, Türkiyə kimi ölkələrlə əhatə olunub. Bütün bunlara baxmayaraq, təqdirəlayiq haldır ki, burada yaşayan insanlar öz doğma dillərinin və mədəniyyətlərinin mövcudluğunu qoruya və inkişaf etdirə biliblər. Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman olmasına baxmayaraq, mənə o da məlumdur ki, burada müxtəlif xalqların icmaları var, yəhudi sinaqoqu, xristian kilsəsi fəaliyyət göstərir. Ona görə ki, Azərbaycan cəmiyyəti hələ keçmiş dövrlərdən tolerant və çoxmədəniyyətli olub. Mən burada tez-tez yerli televiziyalara baxıram və hər səhər televiziyada muğamın səslənməsini böyük maraqla müşahidə edirəm. Yaponiyada telekanalların səhər proqramlarında belə şey yoxdur, orada səhər verilişlərində musiqi eşitməzsiniz. Ümumilikdə Azərbaycanda musiqi sənətinin çox inkişaf etdiyini görürəm. Odur ki, vaxt tapıb Beynəlxalq Muğam Mərkəzində canlı muğam ifasını dinləmək istərdim.

- Ölkəmizin regionlarına, görməli yerlərinə səyahət etmək imkanınız olubmu?
- Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Yaponiya təmənnasız yardım olaraq insanların həyatının yaxşılaşdırılması, əsasən də kəndlərdə tibb məntəqələrinin tikintisi, içməli su təchizatı layihələrini dəstəkləyir. Bu qəbildən ildə 10-dək tədbirlər, açılışlar keçirilir. Mən də səfir gəldiyim vaxtdan müxtəlif yerlərə getməli oluram. Ötən il Şəmkirə və Gədəbəyə getdim, başqa rayonlara da baş çəkə bildim. Deyirlər ki, 11 iqlim qurşağının 9-u Azərbaycanda mövcuddur və doğrudan da yerdən asılı olaraq mənzərələr dəyişir ki, yorulmadan səyahət etmək mümkündür. Bu rayonların arasında gözəl turizm məkanlarından biri kimi Şəki xoşuma gəldi. Eyni zamanda dağlıq yer olan İsmayıllıya, Lahıca getmək imkanım da olub. Yuxarıda bildirdiyim kimi, ötən ilin noyabrında Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq haqqında razılaşma imzalandı. Qeyd etməliyəm ki, İsmayıllının landşaftı, təbiəti məni təsirləndirdi.

- Azərbaycan mətbəxini necə, bəyənirsiniz?
- Yaponiyada ərzağın əsas hissəsini düyü təşkil etdiyindən, Azərbaycan plovlarını çox bəyənirəm. Eyni zamanda rayonlara gedərkən daddığım kabab da xoşuma gəldi. Bundan başqa, yaponlar xingalı və düşbərəni çox bəyənir. Bizdə də buna bənzər yeməklər var. Düşünürəm ki, Azərbaycan mətbəxi çox zəngindir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar