“Ölkəmizin turizm sahəsində böyük təcrübəsi vardır. 2013-cü ildə Mərakeşə 10 milyondan artıq turist gəlib. Böyük turizm imkanlarına malik olan Azərbaycan Mərakeşin təcrübəsindən yararlana bilər. Biz bu köməyi göstərməyə hazırıq”

Azərbaycanla Mərakeş Krallığı arasında rəsmi əlaqələrin 20 ildən artıq tarixi var. 1991-ci ilin dekabrında Mərakeş Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. 1992-ci il avqustun 25-də iki dövlət arasında diplomatik münasibətlər qurulub. Ölkələrimiz beynəlxalq qurumlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir. İkitərəfli əlaqələr müxtəlif sahələri əhatə edir. Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami ilə müsahibəmiz bu ölkənin rəsmi bayramı - Əlahəzrət Kral VI Məhəmmədin 1999-cu ildə taxt-taca çıxması ilə bağlı qeyd olunan dövlət günü (30 iyul) ərəfəsinə təsadüf edirdi. Həmsöhbətim bu münasibətlə təbriklərimizi qəbul etdikdən sonra ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətindən söz açdı:

- Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, sıx inkişaf dövrü son illərə təsadüf edir. 2007-ci ildə Azərbaycan Mərakeşin paytaxtı Rabatda səfirlik açıb, 2008-ci ildə isə Mərakeşin Bakıda səfirliyi fəaliyyətə başlayıb. Əlahəzrət Kral VI Məhəmməd və Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi əlaqələr çox yaxşı səviyyədədir. Bu münasibətlər biznes, investisiya, mədəniyyət, turizm və digər sahələri əhatə edir. Biz Azərbaycanda iqtisadi atmosferi öyrənməyə çalışırıq və Azərbaycan da öz növbəsində Mərakeşin iqtisadi mühiti ilə tanış olur. Beynəlxalq səviyyədə əlaqələrimizi uğurla koordinasiya edirik. Bir sözlə, Mərakeş Krallığı ilə Azərbaycan arasında ikitərəfli əlaqələri daha yüksək müstəviyə qaldırmaq istəyirik.

- Mədəni əlaqələr necə inkişaf edir və bu sahədə əsas prioritetlər nədən ibarətdir?
- 2007-ci ildə Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sənədə əsasən iki ölkədə qarşılıqlı mədəniyyət tədbirləri keçirilir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan mədəniyyəti günləri, 2009 və 2011-ci illərdə isə Azərbaycanda Mərakeş mədəniyyəti günləri gerçəkləşib. Əlbəttə, ardıcıl olaraq belə mədəniyyət günlərinin keçirilməsi əlaqələrimizin səviyyəsinin göstəricisidir və biz bunu davam etdirmək niyyətindəyik. Eyni zamanda incəsənət sərgiləri də keçirə bilərik. Hazırda Azərbaycan, Mərakeş və Fransanın birgə sərgi layihəsi üzərində çalışırıq. Bundan başqa, Azərbaycan Ailə, Qadın və Uşaq Komitəsi ilə birlikdə də bir layihəmiz var. Ötən il Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Mərakeş filmləri həftəsi keçirdik. Yeddi filmin nümayiş olunduğu bu tədbir çoxlu tamaşaçı cəlb etdi. Mərakeş Azərbaycanda keçirilən muğam festivallarında da iştirak edir. 2009, 2011 və 2013-cü illərdə Azərbaycanda keçirilən üç muğam festivalında Mərakeş də təmsil olunub. Mədəni münasibətlərimizə misal olaraq Azərbaycan sənətçilərinin ötən il Rabatda keçirilən ənənəvi “Mavazine” (“Ritmlər”) festivalında iştirakını göstərə bilərəm. Azərbaycan, Qazaxıstan, Özbəkistan festivalın “İpək yolu” bölməsində təmsil olundu. Orada səsləndirilən muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Bu beynəlxalq musiqi festivalı 2001-ci ildən başlayaraq hər il Mərakeşin paytaxtında keçirilir, Şimali Afrika, ərəb və digər beynəlxalq musiqi nümunələrini əhatə edir. “Mavazine” Mərakeşin tolerant ölkə, Rabatın isə dünyaya açıq şəhər olması ilə bağlı imicini yüksəldən mühüm tədbirlərdən biridir. Dünyanın məşhur müğənniləri bu festivalda çıxış edib. Əlbəttə, Azərbaycanın da festivala qatılması mədəni əlaqələrimizin genişlənməsinə xidmət edir. Hesab edirəm ki, bizim təsviri sənət, musiqi, kino və ədəbiyyat sahəsində əməkdaşlığımız üçün də böyük imkanlar var. Məsələn, Mərakeş rəssamı Leyla Səid ötən il Azərbaycan Müasir İncəsənət Muzeyində öz rəsmlərini sərgilədi. Ölkəmizdə keçirilən gənc musiqiçilərin festivalına Azərbaycan təmsilçiləri də qatılır. Eləcə də bizim gənc rəssamlarımız Qız qalası incəsənət festivalında da iştirak edirlər. Göründüyü kimi, mədəniyyət sahəsində qarşılıqlı mübadilə inkişaf edir. Bundan əlavə, səfirlik Azərbaycanda elm müəssisələrinin, universitetlərin təşkil etdiyi simpoziumlara qatılır.
Onu da deyim ki, Mərakeşin V Məhəmməd Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişi mövcuddur.

- Həm Mərakeş, həm də Azərbaycan geniş turizm imkanlarına malikdir. Bu sahədə əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
- 2007-ci ildə Mərakeşlə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu sənəd turist mübadiləsinə, həmçinin turizm infrastrukturu sahəsində əməkdaşlığa imkanlar açır. Ölkəmizin turizm sahəsində böyük təcrübəsi vardır. 2013-cü ildə Mərakeşə 10 milyondan artıq turist gəlib. Böyük turizm imkanlarına malik olan Azərbaycan Mərakeşin təcrübəsindən yararlana bilər. Biz bu köməyi göstərməyə hazırıq. Yeri gəlmişkən, ötən il Azərbaycandan Mərakeşə təqribən min nəfər turist gedib.

- Bəs Azərbaycan Mərakeşdə nə dərəcədə tanınır?
- Mərakeşlilər üçün Azərbaycan yeni ölkədir. Bəzən keçmiş sovet respublikalarını bir-biri ilə qarışdırırlar. Son bir neçə ildə insanlarımız Azərbaycanı tanımağa başlayıb. Ona görə ki, ölkəniz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Mədəniyyətlərarası Dialoq Forumu, “Eurovision” müsabiqəsi, müxtəlif festivallar Azərbaycanı bütün dünyaya tanıdır. 2015-ci ildə Bakıda ilk dəfə Avropa Oyunları keçiriləcək. 2017-ci ildə isə ölkəniz İslam Oyunlarını qəbul edəcək. Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Beləliklə, ölkə tanınır. Əlbəttə, biz bir-birimizi həm də təbliğat yolu ilə tanıya bilərik.

- Cənab səfir, Mərakeş azərbaycanlı turistlərə hansı istirahət imkanlarını təklif edə bilər?
- Mərakeş ecazkar turizm ölkəsidir. Möhtəşəm dağları, dənizi və səhrası ilə turistləri il boyunca özünə cəlb edir. Azərbaycanlılar üçün Mərakeşdə kənd turizmi də maraqlı olardı. Bu zaman turistlər ailələrdə yaşamaqla 4-5 gün istirahət edə bilərlər. Azərbaycanlı turistlər daha çox lüks, təmtəraqlı hotelləri seçirlər. Ancaq mən turistlərinizə məsləhət görərdim ki, bilavasitə insanlar arasında ünsiyyətə imkan yaradan kənd turizminə də maraq göstərsinlər. Bundan başqa, Mərakeş dünyanın hər yerindən gələn məşhur sənətçilərin iştirakı ilə beynəlxalq festivallar təşkil edir ki, bu da öz növbəsində turist axınına səbəb olur. Festival turizmi ayrı-ayrı sahələr üzrə musiqiçiləri birləşdirməklə yanaşı, turistlər üçün də çeşidli seçim imkanları yaradır. Həmçinin ölkəmizdə keçirilən qolf turlarına bütün dünyadan insanlar gəlir.
Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycanda da beynəlxalq festivallar, digər tədbirlər turizmin inkişafına zəmin yaradır. Bakıda, Qəbələdə, Şəkidə keçirilən musiqi festivalları bu baxımdan çox əhəmiyyətlidir.

- Azərbaycanda olduğunuz müddətdə paytaxtdan kənarda - şəhər və rayonlarımıza baş çəkmək imkanınız olub?
- Mən Sumqayıt şəhərini çox bəyənirəm. Ona görə ki, Mərakeşdə də Sumqayıta bənzər şəhərlər var. İmkanım olduqca bu şəhərə baş çəkirəm. İnsanları da gözəldir və orada özümü çox yaxşı hiss edirəm. Sumqayıt dəniz sahilində çox müasir şəhərdir. Bundan başqa demək olar ki, Gəncə, Şəki, Quba, İsmayıllı, Tovuz, Zaqatala və Şamaxıda olmuşam. Onların arasında Gəncə və Şəkini memarlıq quruluşuna və abidələrinə görə Mərakeş şəhərlərinə bənzətdim. Bizdə də Kasablanka, Fes və Rabat şəhərləri müasirliyi və ənənəviliyi özündə birləşdirir.

- Boş vaxtlarınız olanda Bakıda teatrlara, incəsənət ocaqlarına gedirsinizmi?
- Daha çox kukla teatrına getməyi xoşlayıram. Ona görə ki, bu, mədəniyyətin kuklalar vasitəsilə izahıdır. Düşünürəm ki, kukla teatrı təkcə kiçiklər üçün deyil, həm də böyüklər üçündür. Azərbaycan dilini başa düşməsəm də, teatrlara gedirəm və göstərilən tamaşaları hərəkətlərdən anlayıram. Bundan başqa, Bakıda dostlarım var və onların evinə qonaq gedirəm. Bu günə qədər Malidə, Norveçdə, Cənubi Koreyada diplomat kimi fəaliyyət göstərmişəm. Bu ölkələrdə çalışıb Mərakeşə qayıtdıqdan sonra mənim üçün 3-4 ay çətin olur. Bilirəm ki, Azərbaycandan gedəndən sonra da bu yerlər üçün darıxacağam.

Mehparə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar