“Məni doğma vətənimlə biznes deyil, mədəniyyət, yaradıcı tellər bağlayır”

O, musiqi ilə 15 yaşından məşğul olmağa başlayıb. O zaman hələ yaradıcılıq planları yox idi. Sadəcə oxuyurdu. Qəlbinin səsini və arzularını musiqi ilə qarşısındakı insanlara çatdırırdı. Kiçik yaşlarından musiqiyə həvəsli idi. Xüsusən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasında idi. 2006-cı ildə ingilis dilində “Still” adlı ilk albomu çıxır və eyniadlı mahnı hitə çevrilir. Albomda həm də bəstəkar kimi özünü göstərir. 2007-ci ildə musiqisevərlərə təqdim olunan “İncredible” albomundan “Don"t Cry” mahnısı “Sıfır kilometr” (“Nulevoy kilometr”) filminin saundtrekində yer alır. Emin 2010-cu ildə artıq musiqisini Avropaya tanıtmaq qərarına gəlir və “Wonder” albomunu Britaniyada satışa çıxarır.
Bu gün isə... Bu gün o, sevilən və birincilər sırasına daxil olan populyar estrada müğənnisidir. Deyir ki, yeni uğurlar, çoxlu sayda musiqi mükafatları əldə edənə qədər oxuyacağam. Çünki mənim dinləyici və pərəstişkarlarım var. Onların sevgisinə, diqqətinə görə var qüvvəmlə özümü sənətə həsr edəcəyəm. Mən daim irəli getməyə alışmışam.

Rusiyada Azərbaycanı təmsil edən ulduz

Noyabrın 29-da Azərbaycan estrada musiqisi həvəskarları üçün yaddaqalan günlərdən biri oldu. İlk dəfə Azərbaycan əsilli müğənni Emin Ağalarov Rusiyanın “Zolotoy Qrammofon” illik mükafatına (“Na krayu” albomundan “Ya luchşe vsex jivu” mahnısına görə) layiq görüldü. 35 yaşını qeyd edən Emin üçün 2014-cü il unudulmaz hadisələrlə yadda qaldı. Ad gününü silsilə konsertlərlə qeyd edən müğənni doğma Bakını da unutmayıb. Dekabrın 4-də paytaxtın ən böyük konsert salonu olan “Cristall Holl”da konsert proqramı ilə çıxış edən müğənnini səhnədə sənət yoldaşları tək qoymadılar. Tanınmış estrada ulduzları Qriqori Leps, Ani Lorak, Stas Mixaylov və digərləri də paytaxt tamaşaçılarını öz performansları, Eminlə duetləri ilə sevindirdilər.
Eminlə dekabrın 3-də “Cristall Holl”da məşqlər zamanı görüşdük. Bizi böyük səmimiyyətlə qarşılayan müğənni suallarımızı da elə səmimi, rəsmiyyətdən uzaq və sadə cavablandırdı.

- İlk albomunuzun işıq üzü görməsindən 8 il keçib, Emin öz istəklərinə nail ola bilibmi?
- Deyərdim ki, mən hələ yolun başlanğıcındayam. Hələ çox işlər görməliyəm. Bu baxımdan 2014-cü il xüsusi il oldu. Bir ildə iki musiqi mükafatına layiq görüldüm. “Zolotoy Qrammofon” və “World Music Award”. Hər ikisi böyük mükafatlardır və mən ilk azərbaycanlıyam ki, bu mükafatlara layiq görülmüşəm. Bu səbəbdən 2014-cü il mənim üçün uğurlu oldu.
- Hər zaman peşəkar prodüserlə çalışırsınız. Müğənninin özü, yoxsa prodüseri yaradıcılığında əsas rol oynayır?
- Əlbəttə, ilk növbədə müğənni özü. Ona görə ki, müğənni özü seçim edir. Hansı mahnını oxuyacaq, necə hərəkət edəcək. Prodüser isə bu yolda istiqamət verir. Son qərar isə yenə də müğənninindir. Hər bir müğənni özünə cavabdehdir.
- Janrınız da, ifanız da fərqlidir. Necə düşünürsünüz, dinləyiciləri daha çox janrla, yoxsa ifanızla cəlb edirsiniz?
- Məncə, bunlar ayrılmazdır. Səs, ifa, janr, səhnədə professionallıq və s. Bütün bu cəhətlər müğənninin xeyrinədir. Müğənni səhnədə bütün silahlardan istifadə etməyi bacarmalıdır.

Atalar və övladlar...

- Konsertlərinizin birində zaldan “Mən yaxşı oxudummu?” deyə soruşmuş, sonra da əlavə etmişdiniz: “Əgər yaxşıdırsa, bunu atama da deyin”. Həmişə ilk tənqidçiniz atanızdır?
- İlk olmasa da, o, həyatımda məni tənqid etməyə haqqı çatan insanlardan birincisidir. Ata kimi o məni tez-tez belə tənqidlərə məruz qoyur. Düşünürəm ki, hər bir valideynin övladı üzərində bu haqqı var. Səhnədə olduğum zaman atam mənə görə həyəcan keçirir, sevinir, fəxr edir. Mən onun yeganə oğluyam və istəyir ki, onu pərt etməyim.
- Bayaq balaca Əli və Mikayıl da səhnədə idilər. Hərəkətlərindən görünürdü ki, musiqini duyurlar. Ata kimi övladlarınız barədə nə demək istərdiniz?
- Onlar çox istedadlıdırlar. Gələcəkdə istərdim ki, onlar özləri öz yollarını seçsinlər və mən də bu yolda onları dəstəkləyim. Özümə isə arzulayıram ki, mən də övladlarıma öz atam kimi nümunə ola bilim. Necə ki, atamı hər zaman özümə nümunə bilmişəm. Ailədə oğul üçün nümunə ola biləcək ata mühüm amildir.
- “Mən sadəcə Eminəm” deyirsiniz. Sadə Eminin daxili dünyasının mürəkkəblikləri varmı?
- Düzünü desəm, yox. Mən həyatda da, səhnədə də, daxili dünyamda da gördüyünüz kimiyəm. Bir sözlə, dəyişilməzəm.
- Biznes və sənət. Vaxtı necə bölürsünüz?
- Bütün insanlar kimi işə və ailəyə ayrılan vaxt dəqiqliyi ilə. Sadəcə məndə iki deyil, üç punkt var. Ailə, biznes və sənət. Üçünə də vaxt ayırmaq imkanım olur.
- Fanklublar, pərəstişkarlarla əlaqəniz varmı?
- Bəli. İlk növbədə İnstaqram şəbəkəsinin aktiv istifadəçisiyəm. Moskva və Bakıdakı fanklublar bundan xəbərdardırlar. Onlarla birbaşa əlaqədəyəm. Bəzən çıxışlarımı ilk olaraq onlar paylaşırlar.
- Dekabrın 2-də avtoqraf-sessiyanız təşkil edildi. Bir az təəssüratlarınızı bölüşərdiniz?
- Çox isti və möhtəşəm bir gecə idi. Səni yüzlərlə insan gözləyir. Hamıya vaxt çatmır. Buna görə bir az narahat oluram, istəyirəm ki, hər kəs ən xoş təəssüratla ayrılsın.

Unudulmaz müəllim

- Bir çox müğənnilər müəyyən yaş həddindən sonra səhnəni tərk edirlər...
- Burada hər şey sadədir. Yaxşılardan nümunə götürmək lazımdır. Müslüm Maqomayev kimi dahi sənətkar hiss etdi ki, artıq bəsdir. Nə vaxt görsəm ki, artıq istədiyim kimi çıxış edə bilmirəm, təbii o zaman gedərəm. İnanıram ki, bu, tezliklə baş verməz.
- Müslüm Maqomayevlə bağlı xatirələriniz çoxdur...
- Çox söz demək olar. O, unikal insan idi. Sovet İttifaqının tarixində ən yüksək zirvəyə çatan sənətkar idi. Həm də ətrafdakılara öz hərəkətləri, mədəniyyəti ilə ən böyük nümunə idi. Hədsiz populyarlığa və tanınmasına baxmayaraq, öz ciddiliyini, alicənablığını qoruyub saxlayırdı. Heç bir qeyri-adilik ona təsir edə bilmədi. O hər zaman qonaqlarını düşüb küçədə qarşılayar, sağlığına badə qaldırılanda qalxıb ayaq üstə dinləyərdi. Mənəviyyatı və mədəniyyəti yüksək olan nadir insanlardan biri idi. Bax bu sənətçidə vacib xüsusiyyətdir.
- Sizə öz mahnılarınızı ifa etmək daha maraqlıdır, yoxsa digər bəstəkar mahnılarını?
- Çətin sualdır. Mən təzəlikcə digər müəlliflərin bəstələrini oxumağa başlamışam. Bu mənim xoşuma gəldi. Çünki müəllif kimi mən təkrarlana bilərdim. Amma bu yenilik mənim yaradıcılığıma əlavə şrtixlər, repertuarıma və ifaya da rəngarənglik gətirir.
- Yaradıcılığa başlayanda Moskvada, yoxsa Azərbaycanda populyarlığınızı müəyyən etmişdiniz?
- Musiqi ilə məşğul olmağa başlayanda ağlıma da gəlməzdi ki, məşhur olaram. Bunu ancaq arzulaya bilərdim. Əsas mənim bəstələrimdir. Bu da çox inanılmaz oldu ki, bəstələrim və ifam tezliklə sevilməyə başlandı. Bu mənə verilən böyük dəyərdir. Tamaşaçılar tərəfindən sevilməyimə minnətdarlıqla yanaşıram.

Sevimli məkan

- Hər zaman deyirsiniz ki, sizin üçün ən sevimli məkan və sevimli səhnə “Sea Breeze”dir...
- Bəlkə də ona görə ki, oranı özüm yaratmışam. İstəyirəm, orada daha bir hotel tikdirim. Orada keçirilən yay tədbirləri daha irimiqyaslı olsun, dünyanın hər yerindən orada musiqiçilərin çıxışına imkan yaransın, konsertlərin sayı çox olsun. Bakıda az olduğumdan bu, bir az çətindir. Bu layihə qəlbimin ən əziz istəyidir. Bəri başdan deyim ki, bu biznes deyil, yaradıcılıq layihəsidir. Boya-başa çatdığım doğma Xəzərin sahili, bu miniatür, yığcam “Sea Breeze” mənə çox əzizdir. Mən Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəmərəm. Burada yalnız yaradıcılıq olacaq. Məni öz doğma vətənimlə biznes deyil, mədəniyyət, yaradıcı tellər bağlayır.
- “Cristall Holl”dakı konsertlə bağlı nə deyərdiniz?
- Bu, həyatımda ən böyük şoulardan biridir. Moskvadan 50-yə yaxın texniki işçi bizimlə Bakıya gəlib. Bütün mahnılar üçün yeni aranjirovkalar işlənib. Çətin, canlı və maraqlı bir konsert proqramıdır. Bakıdan sonra bu proqramı Moskvada və Piterdə təqdim edəcəyəm. Unudulmaz Müslüm Maqomayev deyərdi ki, mən həmişə yeni proqramı Bakıda təqdim edirəm. Çünki Bakı səhvləri bağışlaya bilən yeganə məkandır.
- Azərbaycanda keçirilən mühüm tədbirləri izləyirsinizmi?
- Vaxtım olduğu qədər mütləq izləyirəm. İzləməsəm belə bütün hadisələrdən xəbərdar olmağa imkanım olur. Burada komanda işləyir və onlarla daima əlaqədəyəm.
- Ad gününüzdə gözlədiyiniz hədiyyə olubmu?
- Bu bir qədər qeyri-təvazökar səslənə bilər, amma mənim demək olar maddi cəhətdən heç nəyə ehtiyacım yoxdur. Mənim üçün pulla alınan hədiyyə o qədər də əhəmiyyətli deyil. Bu səbəbdən də artıq bir neçə ildir öz ad günlərimi konsertlər təşkil etməklə qeyd edirəm. Ən böyük hədiyyə isə bu konsertlərə gələn insanların sevgisi və dolu tamaşaçı zalıdır.
- Söhbətimizin sonunda azərbaycanlı pərəstişkarlara sözünüz...
- İlk növbədə sağ olsunlar ki, vardırlar. Onlar yoxdursa, artist də yoxdur. Hamıya həyatda ən sadə və ən vacib olan üç şey - cansağlığı, məhəbbət və xüsusən də övladlarının sağlam olmalarını arzulayıram.

Lalə Azəri
Fotolar Ceyhun Vəliyevindir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar