“Tariximizdə problem bir olsa belə, ortaq nöqtələrimiz mindir. Məqsədimiz ümumtürk tariximizi şagirdlərə daha rahat, anlaşıqlı formada çatdırmaqdır”

Tarixən geniş coğrafiyaya yayılmış türklər zəngin mədəniyyətə sahibdir. Dünya mədəniyyətinə böyük töhfələr verən türk xalqlarının hazırda bu istiqamətdə əlbir fəaliyyətləri üçün daha geniş imkanlar var. Bu işdə mühüm rol oynaya biləcək qurumlardan biri də Beynəlxalq Türk Akademiyasıdır. Akademiyanın yaradılması ideyası 2009-cu ilin oktyabrında türkdilli ölkə başçılarının Naxçıvanda keçirilən sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. 2010-cu ilin 25 mayında Astanada Türk Akademiyasının açılış mərasimi keçirilib. Akademiyanın təsisçiləri 4 dövlət - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. 2013-cü ildən qurum Beynəlxalq Türk Akademiyası (BTA) adını daşıyır.
Akademiyanın yeni təyin olunmuş prezidenti, professor Darhan Kıdırali bu günlərdə Bakıda olarkən qurumun fəaliyyəti, türkdilli ölkələrin ortaq layihələri ilə bağlı suallarımızı cavablandırdı. Həmsöhbətimin türk dilində səlis danışması ilk andan diqqətimi cəlb etdi. O, bunu Türkiyədə təhsil alması ilə əlaqələndirdi.

- Mərmərə Universitetində bakalavr, Ege Universitetində magistr, İstanbul Universitetində tarix üzrə fəlsəfə doktoru, Lev Qumilyov adına Avrasiya Milli Universitetində isə elmlər doktoru dərəcəsinə yiyələnmişəm. Hazırda Lev Qumilyov adına Avrasiya Milli Universitetinin, İstanbul Memar Sinan Universitetinin professoru, Çingiz Aytmatov Akademiyasının akademikiyəm. Müxtəlif illərdə Ahmet Yesevi Universitetində kafedra müdiri və baş katib, Astanada Prezident Mədəniyyət Mərkəzinin direktor müavini, Qazaxıstan təhsil və elm nazirinin müşaviri, Qazaxıstan Prezidentinin mətbuat katibinin müavini, Prezident Administrasiyasında sektor müdiri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası katibinin müavini vəzifələrində çalışmışam. 2014-cü ilin aprelindən Beynəlxalq Türk Akademiyasının prezidenti kimi fəaliyyət göstərirəm.

- Darhan bəy, Türk Akademiyasının beynəlxalq status alması onun fəaliyyətinə hansı yenilikləri gətirdi?
- Biz bütün türk dünyasını əhatə edən layihələr və tədbirlər keçiririk. Məsələn, ötən ilin sentyabrında Astanada böyük mütəfəkkir İsmayıl Qaspralıya həsr olunmuş beynəlxalq konfrans təşkil etdik. Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Rusiya - ümumilikdə 13 ölkədən alimlər iştirak edirdi. Bu tədbirin özəlliyi onda idi ki, eyni zamanda türk dünyasının dörd böyük şəxsiyyətinin xatirəsini andıq: İsmayıl Qaspralını vəfatının 100, Əli bəy Hüseynzadəni doğumunun 150, Məhəmməd Əmin Rəsulzadənin 130, Turar Rıskulovun 120 illiyini bir yerdə qeyd etdik və nəticədə çox gözəl bir konfrans reallaşdı.
Qurum hazırda Astanada bütün türk dünyasını təmsil etməkdədir. Yəni Astanada Azərbaycanın səfirliyindən başqa sizlərin daha bir təmsilçiniz var - bu da Beynəlxalq Türk Akademiyasıdır. Layihələrimizi də bu istiqamətdə tərtib edərik. Məsələn, Azərbaycanla bağlı tədbirlər keçirir, Bakıdakı konfranslara qatılırıq. Təkcə 2014-cü ildə Azərbaycana 4 dəfə səfər etmişəm və bu müddətdə faydalı işbirliyinə nail olmuşuq. Sonuncu səfərimdə Bakı İqtisad Universitetində mühazirə oxudum və hazırda ortaq layihələr hazırlayırıq. Eləcə də Azərbaycan Milli Elmlər Akademiyasından alimlər bizim tədbirlərimizdə iştirak edirlər. Türk dünyasının ortaq tarix, ortaq ədəbiyyat kitablarını hazırlamaq üçün Azərbaycandan da alimləri dəvət edirik. Beləliklə, akademiyanın beynəlxalq status qazanması ilə birlikdə türk dünyasındakı sosial elmlər istiqamətində - tarix, ədəbiyyat, mədəniyyət, türkologiya kimi sahələrdə fəaliyyətləri genişləndirdik. Eyni zamanda, BTA milli akademiklərin işlərini koordinasiya edən bir qurum oldu. 2013-cü ildə Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısında Türk Dünyası Akademiklər Birliyi (TDAB) təsis edildi və hazırda onu qurmaqla məşğuluq. BTA sadəcə dörd ölkənin deyil, eyni zamanda Tatarıstan, Başqırdıstan kimi türk topluluqlarının dillərini, mədəniyyətlərini, tarixini, ədəbiyyatını, hətta lüğətlərini araşdıran bir qurumdur. Bizim sadəcə türk dünyası ilə deyil, Monqolustan, Macarıstan kimi ölkələrlə də əlaqələrimiz var. Məsələn, Monqolustan Elmlər Akademiyası ilə birlikdə bu ölkədə arxeoloji qazıntı aparmaq haqqında bir memorandum imzalamışıq.

- Belə çıxır ki, əvvəlki illərdən fərqli olaraq artıq praktik fəaliyyətə keçibsiniz?
- Bəli, bu layihələr akademiyanın beynəlxalq status almasından sonra həyata keçirilməyə başlanıb. Hazırda vaxtilə türklərin yaşadıqları bir neçə yerdə qazıntı işləri aparırıq. Altayda VII-VIII əsrə aid ozanların qəbrini tapdıq. Orada musiqi alətləri də var. Orta Asiyada Balasaqun şəhərində qazıntı işləri apardıq. Balasqun VII əsrdə türk dünyasının önəmli mərkəzi olub. Bununla yanaşı oğuzların ata yurdu olan Sır-Dərya hövzəsindəki Cəndiyangi kəndi (Yenikənd) ərazisində də arxeoloji axtarışlar aparıldı. Cənd vaxtilə oğuzların paytaxtı olub. Bu, Sultan Səlcuqun dövrünə təsadüf edir, daha sonra Sultan Səncər oraları ziyarət edib. Bunlarla bağlı arxeoloji tədqiqatlar həyata keçirilir. Qazaxıstanda alimlərimiz İslam dinini ilk qəbul edən Qaraxanilər dövrünə aid qazıntılar aparırlar, o dövrə dair yüzlərlə material ortaya çıxıb. Ötən il Balkandan Baykala qədər ekspedisiya aparmaq haqqında memorandum imzaladıq. Yəni ekspedisiya qrupunun biri Monqolustandan, digəri Macarıstandan başlayaraq qazıntılara başlayacaqlar. Bu ərazilərdə vaxtilə qədim türk xalqları olan hunlar, göytürklər yaşayıb. Ekspedisiya zamanı qədim türklərlə bağlı, eyni zamanda Çingiz xan dövrünə aid əldə etdiyimiz əşyaların, materialların sərgisini təşkil etməyi də planlaşdırırıq. Onu da qeyd edim ki, biz ortaq türk tarixinin proqramını da hazırlamışıq və o, türkdilli ölkələrin nazirləri tərəfindən təsdiqlənib.

- Arxeoloji ekspedisiyaları hansı türkdilli ölkələrlə birlikdə aparırsınız?
- Bu istiqamətdə işlərə yeni başlamışıq və Sibirdəki qazıntıları Qazaxıstan və Qırğızıstanın alimləri ilə birlikdə apardıq. Amma bu il “Balkandan Baykala qədər” böyük ekspedisiyaya Azərbaycan, Türkiyə daxil olmaqla digər ölkələrin təmsilçilərini - arxeoloq-alimlərini də dəvət edəcəyik. Yəni bu layihələrimiz tədricən genişlənəcək. Bundan başqa, böyük kitabxana qurduq və onu zənginləşdirmək məqsədilə Macarıstandan 16 min kitab gətirdik. Bildiyiniz kimi, Macarıstan türkologiya sahəsində ən önəmli mərkəzlərdən biridir və orada böyük türkoloqlar yetişib. Eyni zamanda Macarıstan Elmlər Akademiyası ilə işbirliyimiz var.

- BTA-nın layihələrindən biri də etnoqrafik-türkoloji tarix muzeyi ilə bağlıdır...
- Hələlik muzeyi qurmaq üçün fərdi olaraq müraciətlər edirik və türk tarixi ilə bağlı kimdəsə bir əşya varsa, muzeyə bağışlamalarını xahiş edirik. Bunun ardınca akademiyanın qurucuları olan dörd türkdilli dövlətə rəsmi şəkildə məktub yazaraq kömək istəyəcəyik və əldə etdiyimiz materiallarla muzeyi zənginləşdirəcəyik.

- Ortaq tarixlə bağlı proqramın təsdiqləndiyini dediniz. Amma bu bir qədər həssas məsələdir. Nəzərə alaq ki, bu sahədə türk dünyasında hələ də mübahisəli məqamlar mövcuddur...
- Hər bir xalqın, dövlətin içərisində də problemlər olur. Bildiyiniz kimi, Avropa ötən əsrdə iki böyük müharibə yaşayıb. Bundan başqa, tarix boyu öz aralarında da müharibələr baş verib. Avropa Birliyi bunların hamısını həll edərək arxada qoydu. Nəzərə almaq lazımdır ki, Avropada yaşayan bu xalqların dili, tarixləri fərqlidir. Amma bizim tariximizdə problem bir olsa belə, ortaq nöqtələrimiz mindir. Yəni bizim ortaq dəyərlərimiz, birlikdə keçirdiyimiz gözəl günlər, Dədə Qorqud, Balasaqun, Yasəvi kimi ortaq şəxsiyyətlərimiz olub. Bir növ hesablama aparsaq, birliyimizin 99 faiz olduğunu görərik. Ona görə elə bu rəqəmlə də yola çıxmaq lazımdır. Ortaq tarix kitabını XV əsrə qədər bitirdik. Tarixdəki mübahisəli məqamları kitabda yazmırıq. Daha ciddi, arxeoloji qazıntılara, rəsmi sənədlərə əsaslanan materiallardan istifadə edirik. Bu günə qədər tarix çox yazılıb və biz sadəcə onu birləşdirdik. Yəni qədim türk tayfaları, xalqları kimlərdir, türklər harada yaşayıb və hansı istiqamətdə köç ediblər, böyük dövlətlər kimi tarix səhnəsinə necə çıxıblar - bütün bunlar maraq dairəmizdədir. Burada isə heç bir mübahisə yoxdur. Biz hun tayfalarından əvvəlki, türk olmaları təsdiqlənən türk tayfaları ilə kanqular, saklarla bağlı tədqiqat aparırıq. Bunları rəsmlər, arxeoloji qazıntılardan əldə edilən materialların təsviri və xəritələrlə veririk. Məqsədimiz ümumtürk tariximizi şagirdlərə daha rahat, anlaşıqlı formada çatdırmaqdır. İstəyirik ki, şagirdlər kitabı oxuyarkən, “Gültəkin və Bilgə xan bizim də əcdadımız olub” qənaətinə gəlsinlər. Bir sözlə, sistemli şəkildə ortaq nöqtələrimizə diqqət yetirməyə çalışırıq. Azərbaycan, türk, qazax, qırğız dillərində yazılan ortaq türk tarixi kitablarının məzmunu eyni olacaq.

Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar