“Həyatımın məqsədi bacardığım işlə məşğul olmaqdır”

Vətən naminə hər hansı sahədə hay-küysüz çalışan insanlarla tanışlığa həmişə şadam, onlarla dostluğu isə özümə şərəf bilirəm. Belə dostlarımdan biri ilə sizi də tanış etmək istəyirəm: Georgi Pavloviç Zapletin.

Bizim tanışlığımızın və dostluğumuzun tarixi ötən əsrə gedib çıxır. Onu belə təqdim edərdim: Vətəni Azərbaycana, doğma Bakıya canı, qanı ilə bağlı olan bir şəxs, istefada olan polis polkovniki. Gözəl ailə başçısı. Maraqlı qələm sahibi, əsl azərbaycanlı. Fəhləlikdən başlayıb komsomol məktəbində yetişmiş, partiya nomenklaturasında yüksək vəzifəyədək yüksəlmiş, 50 yaşından sonra özünü bədii publisistikada uğurla sınamış ziyalı.
Tariximizin ən acı günlərindən birinin ildönümündə söhbətə 20 Yanvarın kədəri hopmuş xatirələrdən başladı.
- 1990-cı il yanvarın 20-də səhər işə piyada getməli oldum. 8-ci mikrorayondan Daxili İşlər Nazirliyinə gələnədək saat yarım ərzində patrullar məni bəlkə 10 dəfə saxladılar. Halbuki, mən mülki geyimdə deyildim. Bu, bilirsiniz, necə adamı aşağılayan, ağrıdan bir şey idi? - Sən polkovnik nişanı taxmısan, forma geyinmisən, səninlə eyni ölkənin vətəndaşı olan, amma gəlmə hərbi patrul səndən sənəd tələb edir! Bakıya yeridilmiş nizami qoşun hissələri ilə yanaşı, bizi sevməyən millətdən olan ehtiyatda olan zabitlər sənin yurdunda ağalıq edir, qayda-qanun qoyur. Buna tablaşmaq çox çətin idi.

- Buna görə də siz xüsusi yaddaş vərəqəsi tərtib etdiniz...
- Bir neçə gündən sonra ağlıma gəldi ki, şəhərdəki narazılığın artmasına yol verməmək üçün nəsə etmək lazımdır. O vaxtkı daxili işlər naziri Aydın Məmmədovun qəbuluna gedib dedim ki, bir sənəd tərtib etmişəm. Baxdı, bəyəndi və mətbəədə çap edib rus ordusunun əsgər və zabitləri arasında yaydıq.
- Həmin sənəddə nə yazılmışdı?
- Adi davranış qaydaları. Məsələn, yazmışdım ki, Bakıda küçədə nəinki azərbaycanlı, hətta yerli rus qızını, qadını əl ilə tutub saxlamaq, onunla əmr formasında danışmaq olmaz. Dəfn prosesinin qarşısını kəsmək, onlara dayan əmri vermək təhqir sayılır. Qadınlar dəfndə iştirak etmirlər. Qəbiristanlıqda sükut pozulmamalıdır. Əgər azərbaycanlıların rəğbətini qazanmaq istəyirsənsə, mütləq qocaya, uşağa hörmətlə yanaşmalısan. Hətta onu da yazmışdım ki, Azərbaycanda mənzilə daxil olanda ayaqqabını çıxarmaq lazımdır. Mən deməzdim ki, bu ideyam onları tərbiyələndirdi, hər halda yaddaş vərəqəsi paylanılandan sonra bu cür anlaşılmazlıqlar üzündən narazılıq xeyli azaldı.
- Yadımdadır, biz bu şəhərdə yaşayıb işlədiyimiz halda heç nədən xəbər tutmurduq.
- Daxili İşlər Nazirliyində də vəziyyət elə idi. Bir gün dözmədim, Bakının komendantı, çox qaba və xoşagəlməz biri olan general Dubinyakın qəbuluna getdim. Dedim ki, yoldaş general, biz Daxili İşlər Nazirliyinin mərkəzi aparatının işçiləri nələr baş verdiyindən xəbərsizik. Cavab verdi ki, bunun sizə dəxli yoxdur! Etiraz etdim ki, dəxli var! Biz öz şəhərimizdə, respublikamızda nələr baş verdiyini bilməliyik. Sonra gəlib nazirə dedim ki, dözməyib, belə bir iş görmüşəm. Mən şöbə rəisinin müavini idim. Əslində təlimata görə subordinasiyanı pozub, generala irad tutmuşdum. Nazir mənim hərəkətimi bəyəndi. Sonrakı günlərdə əvvəlcə Dubinyak, sonra da onun müavinləri nazirlik aparatının qarşısında vəziyyət haqqında məruzə etdilər.
- Xətrinizə dəyməsin, amma bu cür yalnız Azərbaycanı çox sevən azərbaycanlı hərəkət edə bilər...
- Əslində mən formal olaraq rusam. Ana babam Mikayıl əslən Cənubi Azərbaycandandır. Bakıya işləmək üçün gəlib. Burada əslən Tiflisdən olan rus qızı ilə evlənib. Bu izdivacdan anam Alla dünyaya gəlib. Anam da Bakıda xidmət edən penzalı hərbi dənizçi Pavel Zapletin ilə bir-birlərinə aşiq olublar. Onların nikahından mən doğulmuşam. Böyük Vətən müharibəsi başladığından atam mənim üzümü görməyib, hətta anamın mənim şəklim olan məktubu da ona çatmayıb, geri qayıdıb. Anam ailə quranda 20 yaşı var imiş. Atamın qara kağızını alandan ta 41 yaşında vəfat edənədək atama olan sevgisinə sədaqətlə yaşayıb. Təəssüf ki, anam da, mən də ailənin tək uşağı olmuşuq. Ata tərəfdən yaxın qohumum da yoxdur. Çox istəyərdim ki, bacım, qardaşım olsun, amma necə deyərlər, qismət...
- Allah adama hər şeyi vermir...
- Allahımdan çox razıyam. O mənə çox şey verib. Gözəl ailə, övladlar, yaxşı oğul qədər mehriban, qayğıkeş kürəkən, yaxşı gəlin, nəvələr. Hələ dostlarım, qarşıma çıxan xeyirxah insanlar...
- Georgi Pavloviç, sizinlə qısa söhbət etmək kifayətdir ki, sizin nə qədər azərbaycanlı olduğunuza inanasan.
- Mən özümü heç vaxt azərbaycanlılardan ayırmamışam: anam azərbaycanlı, həyat yoldaşım azərbaycanlı, kürəkənim və gəlinim də xalis azərbaycanlı. Nəvələrimin də adları Leyla, Samir, bir də son illər bizim həyatımızın sevinci olan balaca Züleyxa!..
- Allah saxlasın. Bəs Sara xanımla necə tanış olmusunuz?
- Neft Daşlarında. Mən operator idim, həm də komsomol katibi. Sara da idarənin dəftərxanasında işləyirdi.
Bu yerdə bizə çay gətirən Sara xanım söhbətə qarışır:
- Xəttim yaxşı idi deyə, komsomol biletlərini mən yazırdım...
- Deməli, estakadalar üzərində məhəbbət macərası...
- Elədir, o vaxt idarədə işləyən qızların hamısı mənə paxıllıq edirdi ki, gör necə bir oğlan tapıb.
Georgi Pavloviç dillənir:
- Əlli ilə yaxındır ki, bir yerdəyik. Hərdən zarafatla deyirəm ki, vallah, heç kim evliliyə bu qədər dözməz ki, mən dözürəm.
- Georgi Pavloviç, deməli, siz əmək fəaliyyətinə neftçi kimi başlamısınız.
- Elədir. Fəhləlikdən komsomol-partiya işinə, oradan da daxili işlər orqanlarında siyasi işə qədər həyat yolu keçmişəm.
- Siz çox tez, 51 yaşında, polkovnik rütbəsində işdən uzaqlaşmısınız...
- O vaxt hakimiyyətdə Xalq Cəbhəsi idi. Polkovnik rütbəsi mənə 60 yaşınadək işləməyə imkan verirdi. Bəlkə də yaxşı ki, tez istefaya çıxdım: bir çox başqa iş yoldaşlarım kimi infarkt keçirmədən, şəkərli diabet tutmadan. İndi də artıq ortayaşlı həddinə çatmış insanlarla rastlaşanda salam verirlər ki, yoldaş polkovnik, məni tanımadınız? Əlbəttə, mən çoxunu yada sala bilmirəm. Nazirlik sistemində minlərlə kadr çalışır. Mən də cavab verirəm ki, məni unutmadığınız, salam verdiyiniz üçün çox sağ olun.
- Sizin ilk kitabınızın necə əks-səda doğurduğu yadımdadır.
- Mənim «Ya Ətağa cəddi» kitabım Mir Möhsün ağaya həsr olunub. Bu ideyanı mənə təklif edəndə özümü itirdim. Hərçənd mən içərişəhərliyəm, Ağanı şəxsən görmüşdüm, ətrafımdakı hər kəs onu tanıyırdı... Şübhələrimi görkəmli alim Vasim Məmmədəliyev ilə bölüşdüm. Dedim ki, mən formal olaraq rusam, özüm də keçmiş partiya işçisi. Bilmirəm, bu kitabı yazmağa mənəvi haqqım çatır, ya yox?.. O isə «elə şübhələndiyiniz üçün haqqınız çatır» dedi: «Mən sizə xeyir-dua verirəm, gedin, yazın». Hər kəs bir yolla Allaha doğru gəlir. Mənim də yolum Ağaya olan məhəbbətimdən keçib.

* * *
... Georgi Pavloviç ilə hər ünsiyyət maraqlıdır, hər söhbətdə təzə nəsə eşidirsən, öyrənirsən. O, arxivlərdə saatlar, günlər həsr etdiyi axtarışlarından, görüşdüyü insanlardan, birlikdə çalışdığı peşəkarlardan elə bir şövqlə söhbət açır ki, hətta ən bədbin müsahibində yaşamağa, çalışmağa, yaratmağa həvəs oyadır.
Həyat dolu bu insan təxminən iyirmi il ərzində onadək kitab, yüzlərlə məqalə yazıb. Gəncliyinin ilk illərinin keçdiyi Neft Daşları barədə kitabı da, 1900-1991-ci illəri əhatə edən ikicildlik Azərbaycan polisinin tarixi, ötən əsrin 60-cı illərində Azərbaycan gənclərinin lideri olmuş Məsud Əlizadəyə həsr olunmuş xatirələr toplusu, Böyük Vətən müharibəsində döyüşmüş, sonradan ömrünü elmə həsr etmiş və arxa cəbhədəki ixtira və kəşfləri ilə qələbəyə yardım etmiş elm xadimləri haqqında, Bakıda ən gözəl memarlıq nümunələrinin layihəsini vermiş İ.V.Qoslavski haqqında kitabları, «Ruslar Azərbaycan tarixində» kimi ağır zəhmət və axtarış tələb edən araşdırmalar Georgi Pavloviçin öz üzərinə götürdüyü missiyanın bəhrəsidir.
Öz əməyini böyütməkdən uzaq olan qəhrəmanımın bir həyat amalı var: «Mənim həyatımın məqsədi bacardığım işlə məşğul olmaqdır, bunu qiymətləndirirlərsə, sağ olsunlar».

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar