Yeni yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu
sahədə işləri daha sistemli şəkildə və geniş miqyasda həyata keçirməyə imkan verəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidmətinin direktoru Zakir Sultanov qəzetimizə müsahibəsində qurumun yaradılma zərurəti, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə danışdı.
- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında yaradılıb. Bu fərmandan bir il öncə, 2013-cü ilin 27 dekabr tarixində ölkə başçısının sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdi. Milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq qəbul edilən proqramda daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər nəzərdə tutulub. Dövlət Proqramından irəli gələn vəzifələri daha sistemli şəkildə və geniş miqyasda həyata keçirmək məqsədilə möhtərəm Prezident tərəfindən belə bir qurumun yaradılması barədə fərman verildi. Bu, tarixi-mədəni irsimizin qorunması və inkişafı baxımından mühüm bir addımdır.
- Dövlət Proqramının təsdiq edilməsindən ötən müddətdə bu sahədə hansı işlər görülüb?
- 2016-cı ilə qədər Azərbaycanda olan tarixi və mədəni abidələrin reyestrə alınması prosesi başa çatmalıdır. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Qanuna uyğun olaraq, ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilib. Bu müddət ərzində yeni aşkar olunmuş abidələr müvafiq siyahıya əlavə olunub. İndi biz yeni siyahını hazırlamalıyıq. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yeni aşkar olunmuş abidənin mühafizə olunmasının rəsmiləşməsi üçün Nazirlər Kabinetinin sərəncamı olmalıdır. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən Azərbaycan ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, o vaxtdan indiyə qədər 1725 abidə aşkar olunub. Onlar da dövlət tərəfindən mühafizə olunur. Eyni zamanda ölkə ərazisində 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Yeni qoyulmuş heykəllər, yeni tikilən tarixi-memarlıq əhəmiyyətli binalar da qeydə alınır. Məsələn, Heydər Əliyev Mərkəzinin binası möhtəşəm memarlıq abidəsidir. 2016-cı ilə qədər bütün bu siyahı dəqiqləşdirilib Nazirlər Kabinetinə təqdim ediləcək.
- Bu gün paytaxtın «Sovetski» ərazisində söküntü və abadlıq işləri aparılır. Bu ərazidə bəzi tarixi tikililər də var. Onların mühafizəsi ilə bağlı hansı addımlar atılır.
- «Sovetski» ərazisində 171 tarixi bina qeydə alınıb. Amma onların hamısına tarix-mədəniyyət abidəsi demək olmaz. Səhvən siyahıya düşən binalar var ki, tarixi əhəmiyyət daşımır. Bundan əlavə, tamamilə qəza vəziyyətində olanlar da var ki, bunların sökülməsinə icazə vermişik. Ümumilikdə 171 binadan 113-nü saxlamışıq.
- Abidələri bərpa edərkən hansı ölkələrin təcrübəsinə əsaslanırsınız? Xarici ölkələrdən mütəxəssislər cəlb edirsinizmi?
- Əlbəttə. Misal kimi Milli İncəsənət Muzeyinin binasında aparılan işləri göstərə bilərəm. Bu muzeyin binası 3 hissədən ibarətdir. Niyazi küçəsi 11 ünvanındakı korpusda 2006-cı ildə təmir-bərpa işlərinə başladıq, 2008-ci ildə bitirdik. 2009-cu ildə ölkə Prezidentinin iştirakı ilə açılışı oldu. Bundan sonra 9 və 11 nömrəli binaları birləşdirən keçid korpusu tikdik. Bu keçid şüşədəndir. Bu gün Avropa ölkələrində yeni tikilən və yaxud təmir edilən binalarda metal və şüşə konstruksiyalara üstünlük verirlər. Bu layihəni də Avstriya memarları hazırlamışdı. Onlar inşaat prosesində də iştirak etdilər. Muzeyin Niyazi küçəsi 9 ünvanındakı korpusunda təmir-bərpa işləri aparılır. Bu binanın bərpası üçün isə İtaliyanın Neapol şəhərindən təcrübəli şirkət dəvət etdik. Həmin şirkətdə çox peşəkar mütəxəssislər çalışır. Bundan başqa, Polşadan bərpaçı-mütəxəssislərlə əməkdaşlıq edirik. «Azərbərpa» Elmi Tədqiqat Layihə İnstitutunun memarları italiyalı bərpaçılarla yaxın əlaqələr qurublar. Onlar gedib İtaliyada seminarlarda iştirak edirlər, öyrənirlər, təcrübə qazanırlar.
- Deməli, bununla həm də kadr potensialınızı formalaşdırırsınız?
- Abidələrin bərpası və qorunması sahəsində kadr hazırlığı həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də ölkə rəhbərliyinin diqqətindədir. Bu istiqamətdə kadrların yetişdirilməsi olduqca vacibdir. Bizim işimiz çətindir. Çünki məsələn, XVII əsrdə Avropada tikilən kilsə hər zaman kilsə kimi fəaliyyət göstərdiyindən onu bərpa etmək asandır. Amma bizdəki tarixi tikililərin funksiyası müxtəlif dövrlərdə müxtəlif olduğundan onları ilkin olaraq tikildiyi təyinat obyekti kimi bərpa etmək böyük çətinlik yaradır. Hazırda Bərdə rayonunda «Allah-Allah» türbəsini bərpa edirik. Onun layihəsi «Azərbərpa» Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. İran İslam Respublikasından mütəxəssislər dəvət etdik. Çünki tikilidə bəzi elementlər sovet vaxtı sıradan çıxıb. Bunun üçün də tarixi araşdırma aparmaq zərurəti yaranır. Bu baxımdan tarixi abidələrin bərpası üzrə kadrlar peşəkar olmalıdır. Digər tərəfdən, indi tələblər də başqadır. Azərbaycan artıq müstəqil dövlətdir. Ölkəmiz il ərzində onlarla nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir. Gələn qonaqlar bizim tarixi abidələrə, muzeylərə baxırlar. Ona görə abidələrin bərpası dünya standartlarına uyğunlaşdırılmalıdır.
- Yeri gəlmişkən, tarix və mədəniyyət abidələrinin turizm nümayiş obyektinə çevrilməsi Dövlət Proqramında da öz əksini tapıb.
- Tarix və mədəniyyət abidələrinin turizm nümayiş obyektinə çevrilməsi üçün onun ətrafında müvafiq infrastruktur yaradılmalı, yol çəkilməli, abadlıq işləri görülməlidir. Bir neçə il öncə “Qobustan” Milli Tarix-Bədii Qoruğunun ərazisində yeni inzibati bina tikildi, müasir texnologiyalarla təchiz edilmiş muzey yaradıldı. Biz onu yaradanda Latviyadan mütəxəssislər dəvət etdik. İndi bu muzey turizm marşrutuna daxil edilib. Oranı ziyarət edən insanlar həmin muzey haqqında çox böyük təəssüratla danışırlar. «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunda da muzey mərkəzi yaradılır. «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan arxeoloji-etnoqrafik muzey kompleksi, tarixi keçmişimizi qoruyub saxlamaqla yanaşı, qoruğu turizm mərkəzi kimi də cəlbedici məkana çevirib.
- Hazırda hansı abidələrdə əsaslı təmir-bərpa işləri aparılır? Ümumiyyətlə, nə qədər tarixi abidə təmir-bərpa olunub?
- Bərdədəki «Allah-Allah» türbəsində, Gəncə şəhərindəki «Şah Abbas» karvansarayında, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 9 ünvanındakı korpusunda təmir-bərpa işləri davam edir. Bəzi abidələrdə, məsələn, Çıraqqalada, Qəbələdəki alban məbədində layihələndirmə işləri gedir. İndiyə qədər Bakıda «Şirvanşahlar Sarayı Kompleksi», «Məhəmməd» məscidi, «Kiçik Karvansaray», «Bazar meydanı», Şəki rayonunda «Şəki Xan Sarayı», qala divarları, «Kiş» alban məbədi, «Aşağı Karvansaray», «Şəkixanovların evi», Quba rayonunun Xınalıq kəndində “Əbu-Müslüm” və “Xıdır Nəbi” məscidləri, Naxçıvan şəhərində «Möminə Xatun», Şərur rayonunda «Qudi-Xatun» türbələri, Culfa rayonunda «Xanəgah» memarlıq kompleksi, Babək rayonunda «Əshabi-Kəhf» ziyarətgahı dini-mədəni abidə kompleksi, Qusarda «Şeyx Cüneyd» türbəsi, Qax rayonunda «Kürmük» məbədi, «Sumuqqala» abidəsi, Gəncədə Nizaminin məqbərəsi, Lənkəranda «Lənkəran xanının evi» (hazırda tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir), Hacıqabul rayonunda «Pir Hüseyn» xanəgahı və digər tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılıb, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulub, ərazisi işıqlandırılıb, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılıb.
- Bölgələrdə yerləşən tarixi-mədəni abidələrin qorunmasına yerli əhalini hansısa formada cəlb etmək mümkün olurmu?
- Bu məsələdə indiyədək biz bir çox çətinliklərlə qarşılaşmışıq. İnanıram ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması ilə bu məsələnin də həllinə nail olacağıq. Tarixi abidələrə nəzarət edən insanlar peşəkar olmalıdır. Onlar abidənin tarixini, nə məqsədlə tikildiyini bilməlidirlər. Hazırda bütün respublika üzrə bu nəzarətçilərin siyahısının hazırlanması məsələsi gündəmdədir. Yerlərdə olan kadr potensialından istifadə etməklə yanaşı, yeni kadrların yetişdirilməsini də təmin edəcəyik.
Fəxriyyə Abdullayeva