Müsahibimiz Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının (MR) Əməkdar rəssamı, muxtar respublika Rəssamlar Birliyinin sədri, Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi Ülviyyə Həmzəyevadır.

- Ülviyyə xanım, öncə Naxçıvan Rəssamlar Birliyinin tarixi haqqında oxucularımıza məlumat verməyinizi istərdik.
- Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan təşkilatı 1971-ci ildə yaradılıb. Təşkilatın ilk sədri Məmməd Qasımov seçilib. 1990-cı illərdən Naxçıvan rəssamlarının bir neçəsi qardaş Türkiyənin universitetlərində təsviri sənətin tədrisilə məşğul olmağa başladılar. Qonşu İranda, Rusiyada, Orta Asiya və Avropa ölkələrində rəssamlarımızın fərdi sərgiləri təşkil olunub, Naxçıvanda, Bakıda və xaricdə albomları nəşr edilib. 2000-ci ildə MR rəhbərliyinin təşəbbüsü və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan təşkilatı yeni əsasnaməsi olan müstəqil yaradıcılıq qurumuna - Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilib. Bu müddətdə birliyin idarəsi və sərgi salonu əsaslı təmir edilib, sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib. 30 oktyabr 2002-ci il tarixli konfransda Naxçıvan MR Rəssamlar Birliyinin nizamnaməsi qəbul edildi. Naxçıvan Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar 23 iyul 2011-ci ildə MR rəhbərliyi tərəfindən sərəncam imzalandı. Həmin il birlik üçün yeni bina tikildi. Binada 9 rəssamlıq emalatxanası və əsərlərin saxlanılması üçün ayrıca otaq var. Birinci mərtəbədə 6 iş otağı, 1 konfrans zalı inşa edilib. İkinci mərtəbədə Bəhruz Kəngərli adına sərgi salonu yerləşir. Salonda 200-ə qədər əsər sərgiləmək imkanı var.
- Azərbaycan realist peşəkar rəssamlığının əsasını qoyanlardan biri Bəhruz Kəngərli Naxçıvan torpağında yaşayıb. Bu gün onun sənət ənənələri necə yaşadılır?
- Naxçıvan MR-də Bəhruz Kəngərlinin sənət ənənələri ləyaqətlə davam etdirilir. Bəhruz Kəngərlinin ev-muzeyi, rəssamın adını daşıyan sərgi salonu, Şərur rayonunda onun adına incəsənət məktəbi fəaliyyət göstərir. Naxçıvan MR-də hər il Bəhruz Kəngərlinin doğum günü təntənə ilə qeyd olunur, ev-muzeyi, qəbirüstü abidəsi ziyarət edilir.
- Qurum neçə rəssamı özündə birləşdirir? Rəssamların dolanışığı, emalatxana ilə təminatı necədir?
- Hazırda Naxçıvan Rəssamlar Birliyinin 52 üzvü var. Onlardan bir nəfər Azərbaycanın Xalq rəssamı, beş nəfər Əməkdar rəssam, beş nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, bir rəssam Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. İki rəssam isə xidmətlərinə görə nişanla təltif olunub. Bölgədə rəssamlığın inkişafı üçün hər cür şərait yaradılıb. Gənclər də daxil olmaqla rəssamlar fərdi emalatxanalarla təmin olunublar. Rəssamlar Birliyində də əlavə olaraq 9 emalatxana fəaliyyət göstərir və burada ardıcıl olaraq ustad dərsləri keçirilir.
- Bölgədə heykəltəraşlığın durumu necədir?
- Muxtar republikada bir çox maraqlı heykəllər və memorial komplekslər var. Bölgədə bu sənətin də inkişafı üçün Naxçıvan Dövlət Universitetində və Müəllimlər İnstitutunda heykəltəraşlıq dərsləri keçirilir.
- Rəssamlar yerli və beynəlxalq sərgilərdə iştirak edirlərmi?
- Son çağlar rəssamlarımız öz ölkəmizlə yanaşı, Türkiyə, Portuqaliya, Çin, ABŞ, İran, Fransa, Rusiya və s. ölkələrdəki festival, müsabiqə, sərgilərdə iştirak ediblər. Bundan başqa, “Naxçıvan - bəşəriyyətin beşiyi” adlı ənənəvi beynəlxalq rəsm festivalı keçirilir. Bu festival Azərbaycanın gözəl, qədim şəhərlərindən olan Naxçıvanı tanıtmaq və başqa ölkələrdə yaşayıb-yaradan sənətkarlara mədəniyyətimizi təbliğ etmək məqsədi daşıyır. Ötən il ikinci dəfə keçirilən festivala 12 ölkədən olan fırça ustaları qatılmışdı.
- Bu il hansı tədbirlərin keçirilməsini nəzərdə tutmusunuz?
- Hər il Azərbaycanın tarixi günlərinə həsr olunmuş ənənəvi sərgilər keçiririk. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizin qəhrəmanlıq səhifəsi”, “Qan yaddaşımız Xocalı”, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Rəssamların fırçasında qadın obrazı”, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sərgilər bu qəbildəndir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gənc rəssamların yaradıcılığından ibarət sərginin təşkili, Naxçıvanın inkişafını əks etdirən sərgi, dünyasını dəyişmiş rəssamların əsərlərindən və miniatürlərdən ibarət satış sərgisinin keçirilməsi nəzərdə tutulub.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar