Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovun "Day.az" saytına müsahibəsi

- Cahangir müəllim, bu gün ölkəmizdə film çəkilişi, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilən işlər nə yerdədir?
- Son dövrlər Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmlərə müstəqil prodüser mərkəzləri tərəfindən digər mənbələrin vəsaiti hesabına istehsal olunmuş filmlər də əlavə olunur. Son vaxtlar 4 belə filmin təqdimatı keçirilib. Müstəqil prodüserlərin öz layihələrini həyata keçirmək imkanına malik olmaları yaxşı haldır. Bununla yanaşı, bu meyl kinonun kommersiya tərəfinə marağın artmasını göstərir ki, bu da əlavə vəsait deməkdir. Ümid edirik ki, həmin vəsait yeni kino layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Nazirliyə gəlincə isə, il ilə bənzəməyə bilir. Hər il orta hesabla 4-6 tammetrajlı, 15-20 sənədli, 4-dək cizgi filmi istehsal olunur. Müstəqil prodüser mərkəzlərinin də dövlət vəsaiti hesabına kino layihələrini həyata keçirmək imkanları var, bir şərtlə ki, onlar xərclərin ən azı 40%-ni öz öhdələrinə götürməli və bunu müvafiq bank zəmanəti ilə təsdiq etməlidirlər.

- Nə zaman daha çox film çəkilirdi - sovet dövründə və ya indi?
- Düşünürəm ki, indi Azərbaycanda kino istehsalının həcmi sovet dövrünün səviyyəsini ötüb.

- Kino istehsalının uğurlu layihələri təkcə aktyor və rejissorların ustalığından deyil, həm də kinostudiyanın texniki bazasından da asılıdır. Sizə elə gəlmir ki, biz bu gün dünya kinosuna doğru irəliləsək də, imkanlarımız olduğu kimi qalır? Dövlət kinostudiyası yəqin ki, texnologiya baxımından təchizatda özəl studiyalardan geridə qalır...
- Deməzdim ki, özəl studiyalar son avadanlıqlarla təchiz olunmuş çəkiliş pavilyonlarına malikdir. "Azərbaycanfilm" kinostudiyasının pavilyonlarına gəlincə isə, onların keyfiyyət və təchizatı həqiqətən daha yaxşı ola bilərdi. Lakin bu məsələni biz studiyanın yenidən qurulması çərçivəsində həll etməyi nəzərdə tutmuşuq. Kinostudiyanın modernləşdirilmə layihəsi artıq hazırlanmışdır. Ümid edirik ki, yaxın zamanda bu işi münasib şərtlərlə həyata keçirə biləcək şirkət müəyyənləşdiriləcək. Pavilyondan söhbət düşmüşkən, "Azərbaycanfilm" kinostudiyasının həmin o kifayət qədər avadanlıqla təchiz olunmamış pavilyonlarında qurulan dekorasiyaları başqa heç yerdə qura bilmirlər (ölkəmizdəki pavilyonlar nəzərdə tutulur - red.). Dövlət studiyalarında yeni kinoçəkiliş, səsyazma, işıqlandırma və digər avadanlıqlar həqiqətən azdır. Lakin hazırda bu sahədə xidmət bazarı kifayət qədər yaxşı inkişaf edib, çəkiliş kamerası və işıqdan tutmuş istənilən yeni çəkiliş aksessuarlarına qədər ən müasir texniki avadanlıqları icarəyə götürmək imkanı vardır.

- Dövlət tərəfindən kinoya ayrılan illik büdcə nə qədərdir? Bu vəsait nəyə sərf olunur?
- Hər il dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə kinematoqrafiya sahəsinə vergilər də daxil olmaqla 6 milyon manatdan çox vəsait ayrılır. Həmin vəsait filmlərin istehsalı, ölkədə kino festivallarının keçirilməsi, xarici festivallarda iştirak, lazımi avadanlıqların alınması, köhnə film nüsxələrinin bərpası, Dövlət Film Fondunun saxlanmasına sərf olunur. Digər xərclər də var, lakin ən əsasları qeyd etdiklərimdir.
Eyni zamanda milli kinonun inkişafına dövlətin maliyyə dəstəyi bununla məhdudlaşmır. Dövlət Film Fondunun inşası və təchizatına, Nizami Kino Mərkəzinin yenidən qurulmasına ayrılan on milyonlarla manat vəsaiti, bundan əlavə, "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması layihəsinə ayrılmış vəsaiti də nəzərə almaq lazımdır.

- Kino çəkilişində layihə seçimi prosesinin və dövlət sifarişi ilə layihənin həyata keçirilməsinin əvvəldən axıra qədər necə baş verdiyini təsvir edə bilərsinizmi?
- Hər şey film istehsal edən müəssisələrin sifarişi ilə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Məşvərət Şurası onlara təklif olunan ədəbi kinossenarilərin bədii səviyyəsini müəyyənləşdirir. Seçilmiş kinolayihələr nazirliyə təqdim olunur və burada onların reallaşdırılması ilə bağlı son qərar qəbul edilir.
Öncə rejissor ssenarisinin yazılışı üçün bir qədər vəsait ayrılır. Bu müddətdə yaradıcı qrupun formalaşdırılması, natura və interyer seçimi həyata keçirilir, çəkilişlərin ətraflı planı hazırlanır. Rejissor ssenarisi yazıldıqdan sonra kinostudiyanın mütəxəssisləri filmin ümumi xərclər smetasını müəyyənləşdirir. Məbləğ janrdan, hadisələrin cərəyan etdiyi müddətdən, filmin quruluş mürəkkəbliyindən asılı olaraq dəyişə bilər. Filmin dəyərinə təsir edən digər amillər də vardır: layihədə tanınmış simaların, xarici mütəxəssislərin iştirakı və s.

- 2014-cü ildə kinematoqrafçılarımızın hansı uğurları olmuşdur? Öyünməyə səbəb varmı?
- Keçən il coğrafiyası 5 qitəni əhatə edən 60-dan çox beynəlxalq festival bizim filmləri öz proqramlarına daxil etmişlər. Bu filmlərin əksəriyyəti "Azərbaycanfilm" kinostudiyasının istehsalıdır. İlk dəfə bədii filmlərimiz Kann və Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının müsabiqə nümayişinə seçilmişdir. Ümumiyyətlə, mükafat alan filmlərimiz az deyil. Və bu, sadəcə, "milli koloritə" və ya "humanizmə görə" tipli mükafatlar deyil, aralarında Qran-pri, "Ən yaxşı rejissor işi" və s. mükafatlar vardır. Ötən il bizə festival uğuru gətirən filmlərimizdən "Nabat", "Çölçü", "Axınla aşağı", "Qisas almadan ölmə", qısametrajlı filmlərdən "Sonuncu", "Mayak" və başqalarının adlarını çəkə bilərik.

- İstehsala buraxılan kinolayihələrin keyfiyyətinə necə nəzarət edilir? Elə anlar olubmu, sonradan sual yaransın ki, bu layihəni maliyyələşdirmək ümumiyyətlə nəyə lazım idi?
- Kino layihələrinə sərf olunacaq xərcləri əvvəlcədən dəqiqliklə hesablamaq, gözəl kostyumlar tikmək, möhtəşəm dekorasiya qurmaq, ən müasir avadanlıq icarəyə götürmək olar. Lakin kino istehsalının tərkib hissəsi olan bütün bunları rəqəmlə hesablanması mümkün olmayan yaradıcılıq amili büsbütün dəyişə bilər. Bir sözlə, bu məsələdə risksiz ötüşmək olmur. Sizin sual birbaşa gənc kinematoqrafçılara aid olmasa da, ancaq hər bir debütün özü də elə risk deməkdir.

- Cahangir müəllim, bəs Siz özünüz kinoya gedirsinizmi?
- Bəli, gedirəm, həm də tez-tez, amma bu əsasən xidməti baxışlar olur.

- Bu yaxınlarda Azərbaycan kinematoqrafçılarından biri Bakının hər bir qəsəbəsində kinoteatr yaratmaq fikrini irəli sürdü. Siz necə düşünürsünüz, bu ideya bir məna kəsb edirmi?
- Kino layihəsinin istehlakçıya çatdırılması, onun xərcinin çıxarılması kommersiya sahəsidir. Əminəm ki, kinoprokatla özəl sektor məşğul olmalıdır. Çünki bu sahədə bürokratiyasızlıq və çeviklik tələb edən bir çox məsələlər meydana çıxır. Əlbəttə, hər yerdə kino nümayişinin həyata keçirilməsi yaxşı olardı. Lakin bir var arzu, bir də var reallıq. Kənd yerlərini götürsək, sovet dövründə kənddə kino nümayişi iqtisadi səmərə vermirdi, bütün xərclər dövlət tərəfindən ödənilirdi. Məsələn, kənd kinomexanikinin əmək haqqı 100 rubl, onun aylıq planı isə daha az idi. Təsəvvür edin ki, kino biletlərinin qiyməti cəmi 10 qəpik idi. Bu fərqi, eləcə də, elektrik enerjisi, avadanlıq, yanacaq, kinozalın normal vəziyyətdə saxlanması, filmlərlə təchizatı və s. kimi istismar xərclərini dövlət ödəyirdi.
Bazar iqtisadiyyatı dövründə isə belə kino xidməti sxemi real deyil. Lakin, inanın, iş adamları hiss etsələr ki, bu və ya digər məntəqədə film nümayişi onlara sərfəlidir, o zaman kənd və qəsəbələrdə durmadan kinozallar peyda olacaq.
Gəlin, Bakı şəhərini götürək. Bir neçə il öncə, bizim kino nümayişi üçün "Azərbaycan" kinoteatrından başqa münasib yerimiz yox idi. İndi isə fasiləsiz olaraq, lazımi xidmətlər göstərən yeni kinozallar yaranır və düşünürəm ki, belə zalların sayı Bakıda olduğu kimi, Azərbaycanın digər şəhərlərində də artacaqdır.

- Bu gün dövlət sifarişi ilə yeni nə çəkilir? Xarici həmkarlarla müştərək layihələr varmı?
- Hazırda "Əsgərin şücaəti" filmi istehsalın son mərhələsindədir. Bu böyük layihə beloruslarla birgə həyata keçirilir. "Dərs" adlı uşaq bədii filminin istehsalı tamamlanıb. "İçərişəhər" bədii filmi və xaricdə yaşayan azərbaycanlı gənc rejissorların iştirak etdiyi layihə - 5 novelladan ibarət "Şəhər motivləri" kinoalmanaxı üzərində işlər başa çatmaq üzrədir.
Eyni zamanda "Azərbaycanfilm" kinostudiyası "Motivlər - 2" şərti adlı daha bir gənclər almanaxının icrasına başlayıb. Çingiz Abdullayevin "Quba kapriççiosu" romanının motivləri əsasında "Xeyir ilə Şərin rəqsi" filmi üzərində işlər davam edir. Bugünlərdə "Evin tikilsin" şərti adlı komediya filmi istehsala buraxılmışdır. Bir sıra sənədli filmlər, eləcə də "Mozalan" kinojurnalının süjetləri və "Debüt" gənclər studiyasının yeni layihələri var. Bu yaxınlarda "Debüt"də 5 gənc rejissor ilk filmlərini çəkməyə başlayacaq. İş planında olan bir sıra tammetrajlı layihələr üzərində ilkin işlər aparıldığından onlar barəsində hələ ki, danışmaq tezdir.

- Yeri gəlmişkən, ümumiyyətlə, uşaq kinosu sahəsində işlər nə yerdədir?
- İşlər yaxşı gedir deyə bilmərəm. Desəm ki, heç nə edilmir, bu da düzgün olmazdı. Çünki Azərbaycanda uşaqlar üçün filmlər çəkilir. Artıq bir az əvvəl dediyim kimi, Bakı məktəblilərinin həyatından bəhs edən "Dərs" adlı bədii film bu yaxında başa çatıb. Milli folklorumuz əsasında nağıl filminin çəkilməsi də planlaşdırılır. 2 il əvvəl ilə müqayisədə indi daha çox - ildə 3-4 cizgi filmi çəkilir. Köhnə cizgi filmlərimiz yenidən bərpa olunur. "Azanfilm" cizgi filmləri studiyasına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin gənc məzunu, prodüser və rejissor Fariz Əhmədov rəhbərlik edir və artıq cizgi kinosunun inkişafı üzrə ciddi proqram həyata keçirilir. Azyaşlı uşaqlar üçün tədris filmləri silsiləsi hazırlanıb. İlk mərhələdə rənglər, rəqəmlər, əlifba, ilin fəsilləri və s. mövzulara üstünlük verilmişdir. Demək olar ki, bütün bu filmlər istehsaldadır, artıq çəkilir. Bu sahədə peşəkar kadr çatışmazlığı var. Bu il xarici mütəxəssislərin iştirakı ilə animatorlar üçün uzunmüddətli kurslar təşkil etməyi planlaşdırırıq. Uşaqlar üçün kino istehsalının həcmini artırmaq nəzərdə tutulur - bu bizim prioritet istiqamətdir.

- Milli kinonun "Qızıl Fondu" üzərində işlər necə gedir? Kinolentlərin rəqəmsal formata salınması, ağ-qara filmlərə rəng əlavə edilməsi və s. sahələrdə.
- Köhnə kinolentlərlə işdən söhbət gedərkən öncə onların bərpasını qeyd etmək lazımdır. Dövlət Film Fondunun yeni binasında bunun üçün bütün texnoloji şərait mövcuddur və bu iş orada həyata keçirilir. Filmlərimizin hamısı bizdə yoxdur, materialların bir hissəsi Rusiya Film Fondundadır. Bizim sifarişimizlə orada da bərpa işləri aparılır, həmçinin filmlər rəqəmsal formata salınır və bizə təqdim edilir. Yəqin ki, telekanallarında köhnə Azərbaycan filmlərini izləyənlər onların texniki keyfiyyətinin xeyli yaxşılaşdığının şahidi olurlar.
Filmlərin rənglənməsinə gəlincə isə, bu işdə yalnız bir təcrübəmiz var - müharibədən sonrakı "Arşın mal alan" filmi. Bu çox maraqlı, yeri gəlmişkən, olduqca bahalı təcrübə idi. Bu iş "ATA Bank"ın vəsaiti hesabına görülmüşdür. Ümumiyyətlə, hesab edirəm ki, film üzərində rənglənmə kimi belə radikal əməliyyatı hər filmə tətbiq etmək olmaz. Məsələn: "Uzaq sahillərdə" və ya "7 oğul istərəm" kimi filmləri rəngli təsəvvür edə bilmirəm.
Rənglənmə işi ilə çox ehtiyatlı olmaq lazımdır, bu uşaqların kitabça boyaması deyil, müəllif ideyasının tərkib hissəsidir. Misal üçün, Rasim Ocaqov tərəfindən "İstintaq" filmi artıq rəngli filmlər çəkildiyi dövrdə məqsədli olaraq məhz ağ-qara formatda çəkilmişdi. O, filmini elə qurmuşdu ki, ağ-qara üslub filmin düşünülmüş ciddi obrazını yaratmağa kömək etsin.

- Sizin fikrinizcə, Azərbaycan kinosu bu gün nə dərəcədə rəqabətə davamlıdır?
- Baxır söhbət hansı rəqabətdən gedir. Xarici bazarı nəzərdə tuturuqsa, o zaman rəqabət aparılması real görünmür. Bunu bir çox xarici ölkələrin filmlərinə aid etmək olar. Rəqabətə davamlı əsasən Amerika kinosudur. Bizim kino bazarına gəldikdə isə, indi türk kinosu Amerika kinosunu üstələməyə başlayıb. Bədii səviyyəsi nəzərə alınmadan, son dövrdə çəkilmiş "Xoxan" adlı Azərbaycan filminin prokatı isə göstərdi ki, o, Bakı və regionlarda kifayət qədər tamaşaçı toplayıb. Deməli, milli kino daxili bazara təsir edə bilər və etməlidir.