Mədəniyyət və Turizm Nazirliyi 2012-2013-cü illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl Kəlmə” Ədəbi Müsabiqəsini elan edir.
   
   “Qızıl Kəlmə” Ədəbi Mükafatına aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim olunur:

   - nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi);
   - poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri);
   - tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri;
   - orijinaldan bədii tərcümə əsərləri.

   Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
   Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.
   Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.
   Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.
   Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.
   Təqdimat aşağıdakı sənədlərdən ibarətdir: 

   Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;
   Çap edilən əsər (5 nüsxə);
   Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli;
   Şəxsiyyət vəsiqəsinin surəti;
   Müəllifin digər işlərinin siyahısı (əgər varsa);
   Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).
   
   İşlər 2012-ci il noyabr ayının 1-dən 2013-cü il mart ayının 1-dək bu ünvana təqdim edilməlidir: AZ 1000, Bakı şəhəri, Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otaq. Tel: 493 06 80