“Sənət bütün insanlar üçün anlaşılan ola bilməz. Kim anlamırsa, o, sənətin suçu deyil”

Eldar Qurban Azərbaycanın çağdaş avanqard rəssamlığının tanınmış nümayəndələrindən biridir. 1948-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib. 1973-cü ildən sərgilərdə iştirak edir. Əsərləri şəxsi kolleksiyalarda saxlanılır. Ölkəmizdə və xaricdə sərgiləri keçirilib.
Həmsöhbətimdən əvvəlcə təsviri sənətdəki üslubu barədə məlumat verməsini xahiş etdim.
- Mən avanqard üslubda işləyirəm. Predmetləri elə çəkirəm ki, sanki deformasiya olunub, gerçəklikdə olduğu kimi deyil. Gənc çağlarımda abstraksiyaya meyl edirdim. İndi mənim öz yolum var. İşlərim haqqında deyirlər ki, mən hadisələri mifləşdirirəm.
- Nədən əsərlərinizdə gerçəklik təhrif edilmiş biçimdədir?
- Akademik realizmin öz qanunları var. Hər bir rəssam ilk olaraq bunu öyrənir. Avanqard rəssamlar həmişə akademik çərçivədən qırağa çıxırlar. Bizdə avanqardizmin çox tanınmış nümayəndələri olub: Cavad Mircavadov, Rasim Babayev, Tofiq Cavadov, Əşrəf Muradov. Rəssamlıq əslində öz dünyanı yaratmaqdır. Yaradıcı insanlar olmasa, həyat inkişaf etməz.
Rəssamlıq ekspressionizmdən başlayıb. Akademizm çox sonralar inkişaf nəticəsində yaranıb. Sənət müxtəlifliyi sevir. Hamı eyni janrda, üslubda yarada bilməz. Bir vaxtlar Rembrandt, Repin, Surikov avanqardçı sayılıblar. Yəni realizmin avanqard sayılan mərhələsi də olub. Üslub müxtəlifliyi bütünlüklə rəssamdan asılı deyil. Sənətkarın harada doğulması, yaşaması yaradıcılığa böyük təsir edir. Sənət zamanın məhsuludur, həm də zamandan yüksəkdə dayanır.
- Sizin yaradıcılıq fəlsəfəniz nədən ibarətdir?
- Hər əsərə bir elmi iş kimi baxıram. Təsviri sənət elmdir. Mənim üçün bu, belədir. Burada rəssamdan özünəməxsusluq tələb olunur. Mən başqalarına oxşamaq istəmirəm. Hamı eyni şeyi çəkə bilməz. Fərdilik hökmən qorunmalıdır. Elə rəssam var ki, onun yaradıcılığında sanki mərhələ yoxdur - gəncliyində necə çəkirdisə, indi də elə çəkir. Bu tamaşaçını yorur, sənətdə inkişaf mərhələləri gərəkdir. Rəssam həm sifarişçidir, həm də icraçı. Ona görə rəngkarlıq əsərləri çox bahalı olur.
- Rəssamlıqda “başqa cür görmək” fikrinə münasibətiniz?
- Rəssam əslində hamı kimi görür. Burada “başqalıq” düşüncədədir. Gördüyünü yenidən özünəməxsus şəkildə yaradır. Rəsm çəkmək bacarığı ağıl, düşüncə, hissiyyatla birləşməsə, əsər yaranmaz.
- Ənənəvi üslubda çəkmirsiniz, sizdə tamaşaçı tərəfindən başa düşülməmək qorxusu varmı?
- Yox. Kimsə başa düşürsə, bu, onun uğurudur. Ola bilməz ki, rəssamı heç kim başa düşməsin. Van Qoq sağlığında vur-tut bir əsər satmışdı. Onda başa düşmürdülər, indi onun əsərlərini anlayırlar. Dərd eləmirəm ki, kimsə məni anlayacaq, ya yox. Ruhum belə istəyib, belə çəkmişəm.
Yaradıcı nə yaratdığını anlamalıdır. Sənət bütün insanlar üçün anlaşılan ola bilməz. Kim anlamırsa, o, sənətin suçu deyil. Sənət insanların gerçək səviyyəsini nəzərə alsa, inkişaf etməz. Bu gün baleti, simfonik musiqini az adam başa düşür. Bu, sənətin yox, insanların çatışmazlığıdır. Tamaşaçı sənətdəki daha yüksək səviyyələri dərk etməyə can atmalıdır.
- Bildiyimə görə, Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasından sizi sovet ənənəsindən qırağa çıxdığınız üçün çıxarıblar.
- Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib göndərişlə Sankt-Peterburqa getdim, imtahandan kəsildim. İkinci il ora daxil oldum, amma bir il oxudum. İkinci kursdan çıxardılar. Bu hadisə 1973-cü ildə baş verib. Akademik qaydadan çıxdığıma, avanqard üslubda işlədiyimə görə məni institutdan xaric etdilər. Bakıya qayıdıb o vaxtdan müstəqil yaradıcılıqla məşğul olmağa başladım.
- Sizin obrazlara həyatda rast gəlmək çətindir. Obrazlarınız gerçəkdə gördüyümüz insanlardan fərqlidir...
- Həmin obrazlar həyatda gördüklərim deyil, düşünüb yaratdıqlarımdır. Düzdür, həyatda elə insanlar yoxdur. Rəssam təbiətə baxıb yaratmır, rəssamlığa, sənətə baxıb yaradır. Gerçəklik mənim üçün natura deyil, obyektdir. Bəstəkar da səsləri yığaraq əsər yaradır. Hazır musiqi, rəsm heç yerdə yoxdur. Rəssamlıq obyektlərin, hadisələrin yaradıcı şəkildə bir yerə toplanmasıdır. Ayrı-ayrı obyektlər yaradıcılıq vasitəsilə sənət əsərinə çevrilir.
Rəsm əsəri ancaq çərçivəyə aiddir. O, həyatda var, ya yoxdur, bu, əsas deyil. Başlıcası odur ki, artıq o, kətanda var, sənət üçün mövcuddur. Ola bilsin, onun gerçəkliyə, həyata dəxli yoxdur, onun özü bir həyatdır.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar