Azərbaycanın Əməkdar rəssamı, tanınmış qrafika ustası, professor Adil Rüstəmov beş ildir ki, Fransanın Normandiya əyalətinin Ruan şəhərində yaşayır. Sağlamlığı qənaətbəxş olmasa da, yaradıcılığından qalmır. Qürbətdə çəkdiyi əsərlərini “Normandiya silsiləsindən” adıyla təqdim edir. Onunla kiçik söhbətimiz rəssamın yaradıcılığı haqqındadır.

- Adil müəllim, bir neçə ildir Fransada yaşayırsınız. Bildiyimə görə, başlıca qayğınız sağlamlıqdır. İndi necəsiniz?
- Özümü sərbəst idarə edə bilsəm, qayıdardım vətənə. Nə etmək olar, həkimlərin ixtiyarındayam. Beş ildir buradayam, xəstəliyimə görə üç dəfə əməliyyat olunmuşam. Qızım Fransa vətəndaşıdır, məni də bura gətirdi ki, xəstə və qoca vaxtımda gözündən uzaq olmayım. Hazırda həkimlərin nəzarəti altındayam, əsər işləməyimə də qadağa qoyublar. İnsult, infarkt, qanqrendən əziyyət çəkirəm, demək olar, evdən bayıra çıxmıram. Harasa gedəsi olsam, qızımgil maşınla aparırlar. Özüm sərbəst gəzə bilmirəm. Sənətdə də bir yerdə durmağı qəbul etmirəm.
- “Normandiya silsiləsindən” əsərləriniz Bakıdakı işlərinizə heç bənzəmir. Qürbətdə sizin üçün ənənəvi olmayan janrda işləməyinizin səbəbi nədir?
- Burada çəkdiyim işlər sərbəst düşüncələrimdir. Ətrafımdakı hadisə və əşyalara yaradıcı münasibətimdir. Fransada yaşayıb Bakıdakı kimi işləyə bilmərəm. Vətən nə qədər mənə doğma olsa da, süjetli mövzulardan yorulmuşam. Həmişəki dəst-xəttimdəyəm, ancaq qarışıq texnikada işləyirəm. Burada gördüyüm, məni cəlb edən maraqlı detalları, hamının görüb önəm vermədiklərini çəkirəm. Normandiyanın qədim, özünəməxsus küçə qapıları, maraqlı qaya daşları var. İşin maraqlı baxılmasından ötrü istifadə etdiyim rənglər, materiallar var. Bu, naturalizmə daha yaxındır.
- Sizin formalaşmış üslubunuz var. Niyə Fransada başqa üslubda işləməyi üstün tutdunuz?
- İndiki əsərlərim məzmunca öncəkilərdən çox fərqlidir. Bakıda açdığım sərgilərin hər biri böyük silsilələr olmaqla müəyyən ad altında idi. Buradakı işlərə diqqətlə baxsan, üslubum necə var, elə qalır, əsərlər yalnız zamana və məkana uyğunlaşır. Məni daha çox biçim və material maraqlandırır.
- Fransada sərginiz olubmu?
- Ötən il bir fərdi sərgim olub. Burada sərgi açmaq çox çətindir. Yaşadığım Ruan şəhərində bələdiyyə tərəfindən 40 əsərim nümayiş olunub. Ümumiyyətlə, burada qalereyaların daimi işlədiyi, tanıdıqları rəssamlar var. Sərgiyə sponsor tapmaq gərəkdir.
- Bakıda sərgi keçirmək haqqında düşünürsünüzmü?
- Hazırda süjetli mövzulara, hansısa ad altında olan işlərə marağım yoxdur. Mənə nə yaxındır, onu edirəm. O da burada gördüklərimdir. Buranın insanları, ədəbiyyatı, mədəniyyəti mənə yaddır. Bakıda bu işlərimdən ibarət sərgi açsam, bilirəm hamı üçün maraqlı olacaq. Bakıdakı fərdi sərgilərimin hərəsi bir ad altında keçirilib. “Arktika”, “Əliağa Vahid-100”, “Füzuli-500”, “Azərbaycan və Türkiyə şairləri”, “Ömər Xəyyam”, “Qarabağ şikəstəsi”. Həmişə qarışıq texnikada işləmişəm. Hər fərdi sərgimdə 40-50 əsər nümayiş etdirmişəm.
- Orada əsərləriniz satılırmı?
- Fərdi sərgimdə iki-üç işim satılıb.
- Vətənə qayıtmaq haqda düşünürsünüzmü?
- Çox istəyirəm. Deyirəm, məni göndərin vətənə. Amma fikirləşəndə ki, sərbəst gəzə bilmirəm, mənə orada kim qulluq edəcək, qalıram belə. Ürəyim deyir, indi qayıt, ağlım deyir, sağal qayıt.

S.Soltanlı