“Harada oluramsa-olum mövzularım dəyişməzdir: Azərbaycan, Abşeron, folklor, tarix...”

Almaniyada yaşayan soydaşımız, tanınmış fırça ustası, Əməkdar rəssam Əşrəf Heybətov gələn il Bakıda və Moskvada keçiriləcək “Türk dünyası” adlı sərgisinə hazırlaşır. Rəssamın əsərlərində millilik xüsusilə nəzərə çarpır. Qısa müsahibəmizdə sənətkara ilk sualımız da bu barədə oldu.

- Tələbə olarkən Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadə ilə tanışlığım mənə çox şey verdi. Milliliyi o mənə aşıladı. Məni özüylə bölgələrə apardı, çoxlu söhbətlər etdik. Onu hər yerdə sevirdilər, bütün bölgələrdə dostları vardı. O vaxta qədər mən rayonlarımızı, oradakı bənzərsiz təbiətimizi görməmişdim. Səttar mənim həyat müəllimim olub.
- Həyatınızın bir hissəsi Rusiya mühiti ilə bağlıdır...
- 29 yaşımda ali təhsilimi tamamlayıb Moskvaya getdim. Uzun illər orada çalışdım, Tahir Salahovla sıx yaradıcılıq münasibətlərim oldu. Moskva mühiti yaradıcılığımda başlıca yer tutur.
- Əsərlərinizin çoxu balaca ölçülüdür...
- Balacaları cavanlıqda çəkmişəm. Böyük həcmli işlərim də var. 20 Yanvara, Xocalıya və s. həsr edilmiş yeddi panno çəkmişəm.
- Rəsmlərinizdə süjetlər, mövzular iç-içədir. Bu, nəylə bağlıdır? Kompozisiyanın çoxfiqurluluğu, süjetlərin qarışıqlığı tamaşaçı üçün çətinlik yaratmır ki?
- Ürəyim doludur, sözüm çoxdur. Hamısını göstərmək istəyirəm. Monumental incəsənət çoxfüqurlu kompozisiyalar tələb edir. Rəssam öncə özü üçün, sonra dostları, çevrəsi üçün, sonda başqaları üçün çəkir. Hər kəs özü üçün məna çıxara bilər.
- Sizdə kodlaşdırma varmı?
- Əlbəttə var. Bu, məndə şüuraltı gəlir. Mən əsərlərimi təcrübə və duyum əsasında yaradıram. Sənətdə fantaziya qaçılmazdır.
- Avanqard işlərinizi axtarış kimi qəbul edə bilərikmi?
- Mən həmişə ənənə və çağdaşlığa sadiqəm. Həm də yeni formalar axtarışındayam. İşlərimə baxanlar sanki fərqli müəlliflər görə bilərlər. Bu özünü inkar deyil, təkrarçılığa yol verməmək üçün axtarışlardır.
- Yaradıcılığınızı hansı dövrlərə bölürsünüz?
- Moskva dönəmi var, onda da mövzum ancaq Azərbaycanla bağlı idi. Sonra Almaniya dönəmi gəlir. Orada da yalnız milli işlər yaradıram. Harada oluramsa-olum mövzularım dəyişməzdir: Azərbaycan, Abşeron, folklor, tarix...
- Almaniyaya niyə getdiniz?
- Yenidənqurmadan sonra SSRİ dağıldı, mən də Almaniyaya üz tutdum. Deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Onsuz da hər il vətənə gəlirəm. Orada böyük emalatxanam var. Düzdür, bir dəfə emalatxanam tamam yandı, əsərlərim bütünlüklə məhv oldu.
- Orada əsərlərinizə, yaradıcılığınıza münasibət necədir?
- Sərgilərdə əsərlərim satılır. Ancaq təkcə bununla dolanmaq olmur. Moskvadakı evimi kirayə vermişəm, o da dolanışığa kömək edir. Mayns şəhər meriyasında böyük sərgim oldu. Çoxlu səfirlər, qonaqlar gəlmişdilər. Əsərlərim milli olsa da, xaricilər böyük maraq göstərirdilər.
- Xaricdə ölkəmizin təbliğatını necə aparırsınız?
- Mənim kitab və bukletlərdən ibarət “hədiyyə fondu”m var. Xaricdə kimlərlə görüşürəm, hökmən onlardan hədiyyə edirəm.
- Planlarınız...
- Gələn il yubileyimdir, ona hazırlaşıram. Bundan başqa memuarlarımı yazıram, məncə, maraqlı alınacaq.

S.Soltanlı