“Muğam təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin ən dəyərli xəzinəsidir”

Kanadalı gənc xanım Polina Dessiatniçenko tarzəndir. O, Azərbaycanın bu qədim musiqi alətinin sehrinə düşüb. Tara olan sevgisi onu ölkəmizə gətirib, sənətin sirlərini öyrənib.

- Polina xanım, zəhmət olmasa, özünüz haqqında məlumat verəsiniz.
- Mən əslən ukraynalıyam, uşaq yaşlarından ailəm Kanadaya köçdüyünə görə hazırda bu ölkədə yaşayıram. Toronto Universitetinin doktorantıyam və etnomusiqişünaslıq kafedrasında muğam fəlsəfəsi haqqında dissertasiya yazıram. İki il öncə universitetimizdə Azərbaycan muğamını öyrənmək və tədqiq etmək üçün aldığım mükafat sayəsində ölkənizə gəlib orada da tədqiqatlar aparmış və təhsil almışam. Təhsil aldığım müddətdə Bakıda yaşayırdım, muğam dərslərinə gedir, kitabxanalarda və arxivlərdə muğam haqqında araşdırmalar aparırdım. Nəticədə Azərbaycan mədəniyyətini və azərbaycanlıları çox bəyəndim və ümid edirəm ki, bundan sonra da həyatım bu xalq və onun incəsənəti ilə bağlı olacaq.
- Azərbaycanla nə zamandan tanışsınız?
- 18 yaşım olanda Kanada İpək Yolu Kamera Orkestrində (“Silk Road Chamber Orchestra of Canada”) Azərbaycan musiqilərini pianinoda çalmağa başlamışam. Bu orkestri azərbaycanlı bəstəkar İsmayıl Hacıyev Torontoda yaratmışdı. Biz çoxlu konsertlər verir və hətta Azərbaycandan muğam üçlükləri də dəvət edirdik. Mən muğamı birinci dəfə burada eşitdim və bu musiqiyə valeh oldum. Mənim buradakı pianino müəllimim Maya Cəfərova da əslən azərbaycanlıdır. Biz birlikdə Qara Qarayevin, Vaqif Mustafazadənin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Adil Bəbirovun əsərlərini hazırlayıb ifa etmişik. Daha sonra Azərbaycan haqqında çox oxumağa başladım və 2012-ci ildə bu heyranedici ölkəyə birinci dəfə getdim.
- Tar çalmağı necə öyrəndiniz? Müəlliminiz kim olub?
- Bir neçə ay Torontoda yaşayan tarzən Mohammad Amanollahidən tar dərsləri almışam. Bakıya getdikdən sonra isə il yarım Ramiz Quliyev, Valeh Rəhimov, Elxan Mansurov və Aslan Məhərrəmovdan tarı öyrənmişəm. Məşhur tarzənlər Bəhram Mansurovun, Əhməd Bakıxanovun, Hacı Məmmədovun lent yazılarını böyük maraqla dinləyirəm. Onların çalğıları çox təsəvvürlüdür və ifaları qəzəllərin mənasını gözəl əks etdirir.
- Azərbaycan musiqisinə münasibətiniz necədir?
- Məncə, Azərbaycan musiqisi, xüsusilə muğam çox dərin və qədim incəsənətdir. Bu musiqi ən vacib, gözəl hislər və ən əsası da eşq haqqındadır. Bu, təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin ən dəyərli xəzinəsidir.
- Hansı muğamları, mahnıları öyrənmisiniz?
- “Mahur-hindi”, “Heyratı”, “Şur”, “Bayatı-kürd”, “Dügah”, “Şahnaz”, “Zabul segah”, “Çahargah”, “Bayatı-Şiraz”, və “Humayun” muğamlarını tarda çala bilirəm. Bundan başqa, “Küçələrə su səpmişəm”, “Tut ağacı”, “Ayrılıq”, “Ay Laçın”, “Sarı gəlin”, “Azərbaycan maralı”, “Ay işığında”, “Mən səni araram”, “Oxu, tar”, “İlk məhəbbət” mahnılarını da ifa edirəm.
- Qarşıda hansı planlarınız var?
- Tarixdəki fərqli tar ifaları haqqında kitab yazmaq fikrim var. Muğam ifa edərkən xanəndə, kamança və tarzənin bir yerdə improvizasiya etmələri, muğam fəlsəfəsinin dünyasını yaratmaları mənim üçün çox maraqlıdır. Elmi işçi kimi muğam, eləcə də tar haqqında tədqiqatlar aparmaq istəyirəm. Daha sonra isə bütün muğamları öyrənmək və burada müxtəlif muğam konsertləri təşkil etməyi düşünürəm.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar