Gəncədə dəfələrlə olsam da, şəhəri gözü dolusu gəzmək imkanım olmamışdı. Bu dəfə isə ənənə pozuldu. Bir tərəfdən şəhərlə tanışlığıma sevindim, digər tərəfdən isə...Təsəvvür edin, bu şəhərin küçələrində hətta siqaret kötüyünün atılmaması kimi təmizliyin elə nümunəsi ilə qarşılaşırsan ki, sevinməyə bilmirsən. Bax, onda zibilqabılarından zibili daşıb küçələrinə səpələnən Bakının “xiffətini” çəkməyəsən, neyləyəsən. Mətləbdən yayınmayaq, burası Gəncə. Küçələrdə təmizlik, zibilqabıları tez-tez təmizlənir, parklarda səliqə-sahman. Ən başlıcası, burda yaşayan hər bir kəs bu mədəni göstəricinin təminatçısıdır. Sənin burada hansısa zibili yerə atmağın kəskin narazılıqla qarşılana bilər. Səhər tezdən Gəncənin məşhur Xan bağını gəzməyə çıxanda burada təmizliklə məşğul olan şəxs təsadüfi müsahibimə çevrildi. Mənim parkın təmizliklə məşğul olan işçisi zənn etdiyim şəxs, sən demə, elə buranın direktoru imiş. Bax, burada Gəncənin təmizliyinin bir sirri məlum oldu- vəzifəsindən asılı olmayaraq, təmizliklə məşğul olmağı hər kəs vətəndaş borcu sayır. Müsahibim 3 ildir ki, Xan bağının direktoru təyin olunmuş Məzahir Həsənov məmnuniyyətlə bağla tanışlığımızın bələdçisinə çevrilir.
Xanların saldığı bağ
Onu işdən ayırdıq. Bağda Nigar Rəfibəylinin heykəlini və onun ətrafını təmizləyən parkın direktoru əvvəlcə bu bağın salınma tarixindən məlumat verdi. Gəncəli Ziyad xan tərəfindən salınan bağ sonradan, 1804-cü ildən Gəncə hökmdarı Cavad xanın adına "Xan bağı" adlanıb. 1840-1847-ci illərdə isə ona "Sərdar bağı" deyilib. 1932-ci ildə bu yeri xanın-sərdarın ”acığına” Lenin parkı adlandırıblar. Ölkəmiz müstəqilliyini elan etdikdən sonra isə bağın dəbdəbəli «Xan» adı özünə qaytarılıb. Xan bağında ilk ağac 1700-ci ildə əkilib. 1860-cı ilədək yalnız meyvə ağaclarının olduğu bu bağda sonradan dekorativ ağac, kol və bitkilər də əkilib Hazırda bağda müxtəlif qitələrdə bitən ağac və dekorativ bitkilər də var. Xan bağı öz fauna və flora örtüyü ilə Gəncəyə gələnlərin diqqətini çəkən məkandır, həmçinin gəncəlilərin də sevimli istirahət yeridir.
Mədəniyyət məkanı
Sahəsi ümumilikdə 6 ha olan bağın bir tərəfində açıq səma altında yaşıl teatr yerləşir ki, burada təbiətə üz tutanlar üçün tez-tez mədəni tədbirlər keçirilir. Son tədbir isə gənc nəsil üçün təşkil edilən kitab bayramı olub. Həftənin hər altıncı günü isə teatr musiqiçilərin və musiqisevərlərin ixtiyarına verilir. Bakı parklarında olduğu kimi, saysız fotoqrafların müştəri çağırması və çığırmasına rast gəlmədik. Amma şəkil çəkdirmək istəsəniz, qədim faytonun yanında lövbər atmış fotoqraf istəyinizə əməl edə bilər. Bağda olan zaman rənglərlə silahlanmış gənc rəssamlar təbiətin qoynunda sənətkarlıq dərsi alır, canlı şəkillər çəkirdilər. Müsahibim deyir ki, bura onların daimi üz tutduqları məkandır. Az qala hər ağacın rəsmini əbədiləşdiriblər, elə buradaca da sərgiləri təşkil olunur. Ağacların və təmizliyin oyatdığı xoş hisslərimizə zərifliyin nümunəsi olan ceyranları-cüyürləri seyr etməyi də əlavə edirik.
Nə gözəl yaraşır bu bağa ceyran
Onlar üçün bağın bir hissəsində çəpərlənmiş yer ayrılıb. Bağa gələn hər kəs ceyranların tamaşasına dura və hətta onları yemləyə bilər. Xatirə üçün şəkil çəkdirmək də mümkündür. Müsahibim deyir ki, bağın bu altı zərif sakinləri onun görkəmini tamamilə dəyişib. Bir növ qoruğu xatırladan Xan bağına gətirilən ceyranlar tez bir zamanda öz yeni ünvanlarına öyrəşib. Kənardan baxarkən adama elə gəlir ki, onlarla bağ arasında bir bağlılıq mövcuddur. Bağın gözəlliyini zənginləşdirən bu ansambldan daha çox zövq alanlar isə bura istirahətə gələnlərdir. Xüsusən də yeni sakinlər olan ceyranların başına toplaşanlar çoxdur. Onların yaxınlığında isə iki marala məskən ayrılıb. Marallardan biri Hacıkənd meşəsində ölümcül halda tapılıb və mütəxəssislərin məsləhəti ilə Xan bağına gətirilib. İndi, deyəsən, bu maral yeni məskənindən heç də narazı deyil. Təbiət gözəl, yem bol, xüsusi qulluqçu...
Uşaqların əyləncəsi
Daha bir maraq oyadan obyekt isə heyvanların qaldığı ərazinin yaxınlığında çox xırda bir "Venesiya»nın olmasıdır. Balaca körpülər, rəngli oturacaqlar, yelləncəklər, hovuzlar, uşaqlar üçün əyləncə mərkəzi...Burada həm də müxtəlif növ quşlar saxlanılır. Beləliklə, Xan bağının ərazisində yaradılan bu fauna aləmi çoxlarının xoşuna gəlir, xüsusən də balacaların. Parkdan keçən zaman ya quşları, ya da heyvanları yemləyən uşaqların sevincindən zövq almamaq mümkün deyil. Deyəsən, burdakı tovuz quşundan da təkcə uşaqlardan xoşu gəlir. Bayaqdan rəngli quyruğunu onlar üçün geniş açıb, gözəlliyini nümayiş etdirən quş fotoaparatımın ona tuşlandığını görüb elə həmən gözəlliyini gizlədir.
Bağa girdim... istirahətə
Gəncənin yaşlı sakini Xeyrəddin Məmmədova parkın dünəni və bu günü barədə sual verirəm. Deyir ki, əvvəllər baxımsızlıqdan bağın ağaclarından kəsənlər də olub, oturacaqları sındıranlar da. İndi isə bağda belə xoşagəlməz hadisələr olmur. Kim istəyir, gəzişir, kim istəyir əylənir... Deyir ki, onun özünün əyləncəsi burada yaşlı tanışları ilə söhbətləşməkdən və şahmat azarını öldürməkdən ibarətdir. Gənc Samir Əliyev də buranı dostlarla görüş yeri seçib. Bağın verdiyi istirahət imkanından istifadə edən həmsöhbətim bir gəncəli kimi bura ilə fəxr etdiyini də gizlətmir. Bu isə balaca Nərmindir, atası deyir ki, dünəndən onu bura gətirməyimi istəyirdi. Əvvəlcə quşlara baxacaq, sonra isə özü ilə gətirdiyi velosipedlə bağ gəzintisini davam etdirəcək.
Xana olan borc
Bağda daha çox diqqəti cəlb edən adamın təbiətlə ünsiyyətinə maneəyə çevrilmiş çayxanaların sıralanmamasıdır. Amma burdakı iki çayxananın hər birisində ətirli çaya qonaq olmaq mümkündür. Müsahibimlə - Məzahir müəllimlə əyləşib çayın dadına baxırıq. Elə burdaca o, bağla bağlı bir faktı da nəzərə çatdırır. Bildirir ki, xan dövründə ticarət yolu Gəncədən keçirmiş. Xan isə ticarətçilərdən «torpaqbasdı» vergisi, indiki dillə desək, gömrük haqqı əvəzinə getdikləri uzaq ölkədən ağaclar gətirməyi istəyirmiş. Gətirilən ağaclardan isə bax, bəhs etdiyim gözəl bağ salınıb.
Müsahibim deyir ki, yerə siqaret kötüyü, kağız parçası atan da olur: “Amma bu kütləvi deyil, artıq hamı çalışır ki, təmizliyə riayət etsin. Əks halda, biz zibili yerə atana yanaşıb onu başa salırıq. Məncə, hər kəs bu təmizliyin onlar üçün olduğunu yaxşı anlayır”. Məzahir müəllim onu da əlavə edir ki, parkın əvvəlki rəhbəri də bağa mümkün qədər can yandırıb və onun da borcu bu estafeti davam etdirməkdir. Bu isə bir gəncəli kimi onun bağı salanların ruhuna hörmətidir.
Sabutay