Birinci məqalə
   
   Ədirnə
   
   Türkiyəni görmək istəyinin qəlbimdə nə vaxt yarandığını dəqiq deyə bilmərəm: ola bilsin, bu istəyin ömrü qan yaddaşım qədərdi. Amma oxuduqlarım, eşitdiklərim bir yana, tez-tez yuxularımda Türkiyəni görmüşəm, cismimin getmədiyi yerlərə ruhumun necə yetişdiyinə həmişə heyrət eləmişəm. Bir neçə dəfə istəyimin gerçəkləşməsi üçün imkan da yaranıb. Amma müxtəlif səbəblər üzündən səfərim baş tutmayıb. Bu dəfəsə Türkiyə Cümhuriyyətinin Bakıdakı Böyükelçiliyinin mədəniyyət məsələləri üzrə müşaviri Melda xanım Arasın və müşavirliyin əməkdaşı, gözəl ziyalı Nizami Zöhrabinin yardımıyla ongünlük səfər baş tutdu. Yol yoldaşlarım AzTV-nin «Turan» proqramını hazırlayan tanınmış telejurnalist Zərnişan Azayeva və operator Babək İsmayılov idilər. 
   
   Məndən ötrü ən maraqlı şey Göydən Yerə baxmaqdı. İstanbulu quş uçuşundan görəndə hansı duyğular keçirdiyimi təsvir eləmək çətindi: Boğazın mənzərələri, Sultaniyyə, Ayasofya, Topqapı, Dolmabağca, Qalata körpüsü, Qız qülləsi... möhtəşəm görünüşləriylə gözlərim önündə canlandı. Amma sən demə, İstanbulla görüşümüz iki gün təxirə salınıbmış. Bizi Atatürk Hava Limanında qarşılayan «Aristo» turist firmasının bələdçisi Sevgi Qoca dərhal Ədirnəyə yola çıxmalı olduğumuzu söylədi.
   Sevgi xanım ünsiyyətimizdə dil probleminin olmadığından sevinə-sevinə Azərbaycan, Bakı haqqında suallar verir, mədəniyyətlərimiz, adət-ənənələrimiz arasındakı yaxınlıqdan heyrətini gizlədə bilmirdi. Səfərin başlıca məqsədinin gəzib-görməklə yanaşı, qardaş məmləkətin zənginliklərini Azərbaycan tamaşaçılarına və oxucularına çatdırmaq olduğunu biləndə daha da sevindi: «Bunun üçün vaxt azdı, - dedi, - amma çalışaram, on gün ərzində gəzdiyiniz yerlərin başlıca mədəni abidələrini sizə göstərim...»
   İstanbul-Ədirnə anayolu Təkirdağacan Mərmərə dənizinin sahili boyu uzanır. İki yüz kilometrdən artıq məsafədə gözə dəyən yalnız «tətil göyləri» - istirahət mərkəzləridi. Gözəl üslubda tikilmiş, səliqə-sahmanıyla gözoxşayan iki-üç mərtəbəli evlər mozaik pannonu xatırladır. Ara-sıra rast gələn sahil qəsəbələrini camelərinə görə tanımaq olur. Qoşaminarəli camelər, demək olar, şəhərlərin hər məhəlləsində var.
   Yolboyu həm də bu bölgənin - Trakiyanın gözəl mənzərələri uzanıb gedir. Bölgənin başlıca sərvəti turizmlə yanaşı, «ayçiçək» adlanan günəbaxandı. Ucsuz-bucaqsız günəbaxan zəmilərinin, taxılı biçilmiş kövşənlərin, yamyaşıl dirriklərin rəngləri bir-birini əvəz eləyir. Aradabir maşını saxladıb bu gözəllikləri lentə keçürməkdən özümüzü saxlaya bilmirik.
   Tekirdağda dənizdən ayrılırıq: yolun biri Geliboluya, ordan dəniz vasitəsilə Çanaqqalaya, digərisə Qırxlarelinə və Ədirnəyə uzanır. Ədirnə yolunun üstündəki ilçə (rayon) mərkəzində - kiçik Keşan şəhərində dayanırıq. Hoteldə rahatlananandan sonra çıxıb şəhəri gəzirik. Bizim Şəkini, Qubanı xatırladan şəhərin axşam həyatını görmək, sakinlərinin güzəranıyla tanış olmaq çox maraqlıydı. Təbii ki, Azərbaycandan gəldiyimizi öyrənəndə daha mehriban, diqqətli olurdular, söhbətə tutur, çay-qəhvə təklif eləyirdilər...
   ...Keşandan Ədirnəyəcən iki saatlıq yolda adamı Avropanın havası dərhal vurur: axı, Trakiya Türkiyənin Avropa hissəsidi. Ədirnəyə daxil olduğumuzusa, dərhal hiss eləmədim, şəhərlə təbiət bir-birinə o qədər çulğalaşıb ki, bunu ancaq möhtəşəm Səlimiyyənin minarələrini görəndə başa düşürsən. Şəhərin hər yerindən görünən, Memar Sinanın şah əsəri sayılan Səlimiyyə camesi Ədirnənin rəmzi sayılır.
   Ədirnədə bizi Sevgi xanımın rəfiqəsi, könüllü bələdçimiz Sinem Gündoğan qarşılayır. Şəhərin mədəniyyət mərkəzində bələdçi işləyən Sinem xanımın təklifiylə Ədirnəni Səlimiyyədən «fəth eləməyə» başlayırıq. Ədirnə vilayətinin mərkəzi olan şəhər Bolqarıstan sərhədindən 20 km məsafədə, Meric çayı üzərində salınıb. İndi əhalisi 150 minə çatan Ədirnənin əsası Roma İmperatoru Adrian tərəfindən qoyulub, 1362-ci iləcən Adrianapolis adlanıb. Osmanlılar tərəfindən ələ keçiriləndən az sonra paytaxt elan edilən Ədirnə az qala yüz il - İstanbulun fəthinəcən ölkənin paytaxtı olub. Ədirnəlilər Fatih Sultan Mehmetin bu şəhərdə doğulduğundan, yeddi sultanın öz ömrünü burda başa vurmasıyla qürur duyurlar. Bütün bunları Sinem Gündoğan danışır, sonra Səlimiyyə gəzintisinə dəvət eləyir.
   «Şəyirdliyimdə İstanbulda Şahzadə camesini ucaltdım. Usta köməkçiliyimi də Süleymaniyyə camesində tamamladım, fəqət, bütün gücümü bu Sultan Səlim Xan camesinə sərf edib ustalığımı əyan və bəyan elədim». Dahi memarın bu sözləri beynimdən keçir, doğrudan da Osmanlı memarlığının şah əsərinin gözəlliyinə doya-doya baxıram. Sinanın 80 yaşında ucaltdığı, tikintisinə 6 il sərf olunan (1568-1574), açılışını Sultan Səlimin görə bilmədiyi möhtəşəm came insan zəkasının qüdrətindən xəbər verir. Sinem Gündoğan camenin inşasının Sultan Səlimin yuxusunda Məhəmməd peyğəmbəri görməsi barədə rəvayətlə əlaqələndirir. Hərəsi 80 metr hündürlüyündə olan dörd üçşərəfəli minarə camenin əzəmətini daha da artırır. Came imamının dediyinə görə, Səlimiyyənin 2010-cu ildə YUNESKO-nun Dünya İrsi siyahısına salınması üçün artıq son hazırlıq işləri aparılır.
   Səlimiyyə camesinin Dar-ül Hadis mədrəsəsində Türk İslam Əsərləri muzeyi yerləşir. Muzeyin on dörd bölməsi, dörd qalereyası var, həyətində sərgi təşkil etmək üçün gözəl şərait var. Muzeyin təkkə (meyxana) əşyaları, yun corablar, işləmə və yazılı lövhələr, silah, çini və keramik əşyalar, camlar, mətbəx ləvazimatı, ağac işləmələr, ölçü alətləri... bölmələri böyük bir dövrün məişət mədəniyyətinin zənginliklərini üzə çıxarır.
   Səlimiyyə camesilə Arxeologiya və Etnoqrafiya Muzeyi arasında Osmanlı dönəmi qəbir daşlarının açıq hava muzeyi var. Təxminən 500 illik dövrdə yaşamış və axirət evinə köçmüş xanların, paşaların, sultanların başdaşıları forma zənginliyinə görə baxanı heyrətə salır. Arxeologiya və Etnoqrafiya Muzeyində sərgilənən eksponatlarsa, təkcə Osmanlı dönəminin yox, həm də Roma imperatorluğu dövrünün zəngin maddi-mədəniyyətini tamaşaçılara çatdırır.
   Ədirnənin İldırım Bəyazid, Əski, Üçşərəfəli, Muradiyyə cameləri, şübhəsiz, Memar Sinan monumentallığıyla bəhsə girə bilmir. Amma II Bəyazid külliyyəsi (elmi mərkəzi) zənginliyinə görə diqqəti çəkir. İndi Trakiya Universiteti tibb fakültəsinin nəzdində olan külliyyə II Bəyazid tərəfindən 1484-1488-ci illərdə inşa edilib. Came, mədrəsə, şəfaxana, istirahət guşəsi, bir cüt hamam, dəyirman, körpü və su anbarından ibarət olan külliyyə indi gündə yüzlərlə tamaşaçının gəldiyi muzeyə çevrilib.
   Külliyyənin yaxınlığında məşhur Qırxpınar çeşməsi yerləşir. Burda zəngin ənənələrə söykənən yağlı güləş yarışları keçirilir. Çeşmənin ətrafında Osmanlı dönəminin məşhur pəhləvanlarının heykəlləri ucaldılıb. Girişdə isə Meriç çayının qolu üzərində Sultan körpüsü və qüllə var. Bələdçinin dediklərinə görə, həmin qüllədə Sultan ən vacib qərarlar qəbul edir, hökmlər verirmiş. Bir qədər aralıdakı qədim tikililər ətrafında arxeoloji qazıntılar aparılır. Arxeoloqların fikrincə, işlər başa çatandan sonra tarixin bir çox qaranlıq dövrlərinə işıq salmaq mümkün olacaq.
   Ədirnə həm də körpülər, karvansaralar, qüllələr... diyarıdı. Meriç, Qazimihal, Saracxana, Saray, Əkməkçizadə Əhməd Paşa, Tunce, Yanızgöz, İldırım Bəyazid körpüləri bu gün də qorunub saxlanmaqdadı. Onların arasında Sultan Fatih Mehmeti 1452-ci ildə qaldırdığı Fatih körpüsü və Uzunkörpü rayonunda, Ergene çayı üzərindəki Ergene körpüsü möhtəşəmliyilə seçilir. 1200 metr uzunluqda olan Ergene körpüsü 170 sütun üzərində dayanıb. Qanuni Sultan Süleymanın damadı Rüstəm Paşanın ustad Memar Sinana 1561-ci ildə tikdirdiyi Rüstəmpaşa karvansarayı şəhərin mərkəzində, Əski camenin yaxınlığındadı. 102 otağı, 21 dükanı olan karvansaray uzun illər Ədirnənin ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Dəvəçi xan karvansarayısa indi bərpa edilib, Ədirnə Mədəniyyət Mərkəzinə çevrilib.
   «Trakiyanın və Ədirnənin başlıca simvolu Səlimiyyə camesidirsə, ikinci simvolu Trakiya Universitetidi», - bu sözləri Sinem Gündoğan deyir, bizi Meriç çayından bir neçə kilometr aralıda yerləşən Trakiya Universitetinə aparır. Əvvəllər Ədirnə Dəmiryol vağzalının binası olan bu gözəl tikili doğrudan da baxanları heyran edir. Binanın arxasında köhnə, Qazi Mustafa Kamal Paşanın Ədirnəyə gəldiyi qatar ən dəyərli esponatlardan biri kimi saxlanır. Təəssüf ki, tətil olduğundan universitetlə ətraflı tanışlığımız baş tutmadı, amma binanın memarlıq sarıdan gözəlliyindən və tarixi keçmişə sonsuz qayğıdan çox təsirləndim.
   Türkiyənin hər hansı bir bölgəsində olasan, çarşıya getməyəsən - əlbəttə, bu, ağlasığmaz şeydi. Ədirnə də iri və gur çarşılarıyla şöhrət tapıb. Sultan Süleymanın ömrünün son illərində sədrəzəm - baş vəzir olan Bosniya-hersoqovinalı Ali Paşa tərəfindən 1569-cu ildə Memar Sinana inşa etdirdiyi Alipaşa çarşısı təkcə memarlıq üslubuyla yox, rənglərin bolluğuyla diqqəti çəkir. 1417-1418-ci ildə tikilmiş Badestan çarşısısa, Əski cameyə gəlir təmin eləmək üçün qiymətli malların və əşyaların saxlanması məqsədilə inşa olunub. Səlimiyyə camesinə gəlir gətirmək üçün tikilən Arasta çarşısısa turistlərin daha çox gəldikləri yerdi...
   Ədirnə səyahətə gələnləri həm də küçələrinin, parklarının, binalarının səliqə-sahmanı, yaşıllığı, fəvvarələri, bir də rənglərin bolluğuyla cəlb edir. Yerli sakinlər təmizliyə o qədər fikir verirlər ki, qonaqlar da istər-istəməz onlardan nümunə götürməli olurlar. Adamlar bir-birinə qarşı olduqca diqqətlidirlər, girdiyin dükanda, kafedə belə, yüksək xidmət mədəniyyətinin şahidi olursan. Kəlmə kəsdiyin hər kəs fürsət tapıb şəhər barədə, mədəni abidələrlə bağlı məlumat verməyi özünə borc bilir.
   ...Beləcə, Ədirnə yuxusu başa çatır. Bir gün ərzində bizi Ədirnənin zənginlikləriylə tanış etmək zəhmətinə qatlaşmış könüllü bələdçimiz Sinem Gündoğanla vidalaşıb Keşana doğru yol alırıq. Qəlbimizdə təkrarsız gözəlliyin, gördüyümüz tarixi abidələrin xatirəsini, yaddaşımızda eşitdiklərimizin, öyrəndiklərimizin yatırını aparırıq. Qarşıda bizi İstanbul və Kappadokiya «yuxuları» gözləyir...

   Nəriman ƏBDÜLRƏHMANLI