Masallıda turizmin inkişafı üçün hər cür şərait var
Maşınımız Bakıdan çıxıb Bakı-Astara yoluna çıxanda sürücüdən soruşdum ki, Masallıya neçə saata çatarıq?
- Allah qoysa, üç saata Masallıdayıq - dedi.
Uşaqlıq vaxtı qarış-qarış gəzdiyim bu yerlərdən ötrü çox darıxdığımdan üç saatlıq yolumuz mənə çox uzun görünürdü. Muğandan keçib subtropik zonaya daxil olanda içimdə nəsə bir yüngüllük hiss etdim. Yaşıl örtüyə bürünmüş cənub dağlarına yaxınlaşdıqca daha rahat nəfəs alırdım. Muğanın isti iqlimi cənubun sərin havası ilə əvəz olunurdu.
Masallıya sürücünün dediyi vaxtda çatdıq. Masallı 40-45 il öncə gördüyüm Masallı deyildi. Ölkəmizdəki sosial-iqtisadi və mədəni inkişafın bütün təzahürləri bu rayonda da özünü qabarıq göstərirdi. Bu torpağın füsunkar təbiəti fonunda yollar nisbətən rəvanlığı ilə seçilir. Yolların kənarlarında əkilmiş meşə zolağı qəlbə dinclik, rahatlıq gətirir. Münasib yerlərdə qurulmuş, bir-birindən səliqə-sahmanlı ictimai-iaşə obyektləri qonaqların diqqətindən yayınmır. Sanki adamı dincəlməyə səsləyir.
Yolların kənarında ulu öndər Heydər Əliyevin müdrik kəlamları böyük plakatlarda əks olunub. Onlardan birində deyilir: «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir».
Bəli, Azərbaycan iqtisadiyyatı indi sürətlə inkişaf edir. Bu inkişafın fonunda ölkəmizin füsunkar bir guşəsi olan Masallı da öz yerini tapıb. Son 10-15 ildə burada çoxlu sayda yeni yaşayış binaları, sosial-mədəni obyektlər, səhiyyə və təhsil ocaqları inşa olunub, parklar salınıb, küçələr genişləndirilib, digər sosial yönümlü tədbirlər həyata keçirilib.
Bütün bu gözəllikləri seyr edə-edə, xəyala daldığım bir vaxtda sürücü maşını saxlayıb - «Bu da dediyiniz ünvan - Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi» - dedi. İlk həmsöhbətim şöbənin müdiri Lətifə Mövsümova oldu. Gəlişimə çox sevindiyini bildirdi: «Doğma qəzetimiz «Mədəniyyət»in əməkdaşını rayonumuzda görmək mənə çox xoşdur».
Lətifə xanım 31 ildir ki, Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edir. Əməkdar mədəniyyət işçisidir. Rayonun tarixi, sosial, iqtisadi və təbii ki, mədəni həyatı barədə geniş məlumata malik bir insandır. Onunla söhbətimiz də bu axarda oldu. Dediyinə görə, Masallı özünün sosial-iqtisadi inkişaf göstəricilərinə görə cənub bölgəsində yerləşən bir sıra rayonları geridə qoyur: «Elmi-arxeoloji tədqiqatlar və yazılı qaynaqlar göstərir ki, bu ərazidə qədim insanlar təxminən 15-20 min il əvvəl yaşayıblar. Antik dövrdə Manna, Midiya, Atropatena dövlətlərinə, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə, XVI-XVIII əsrlərdə Səfəvilər dövlətinin ərazilərinə daxil olub. XVIII əsrin ortalarında yaranan Talış xanlığı onu da əhatə edib».
Masallı inzibati rayonu 1930-cu ildə yaradılıb. Bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Talış dağları ilə əhatələnir. İqlimi subtropikdir. Viləş, Tatyan, Alvadı, Mafara və digər çaylar rayon ərazisindən axaraq Xəzər dənizinə tökülür. 16 min 663,5 hektar meşə sahəsində palıd, fıstıq, azat (nil), dəmirağac, vələs, qızılağac və digər nadir ağaclar bitir. Hazırda rayonun əhalisi 200 min nəfərə yaxındır. Əhalinin əsas məşğuliyyəti isə kənd təsərrüfatıdır.
Rayonun mədəni həyatı
Lətifə xanımın dediyinə görə, hazırda rayonda 15 mədəniyyət evi, 28 kənd klubu, 79 kitabxana, o cümlədən 1 mərkəzi, 1 şəhər, 1 uşaq, 2 qəsəbə, 74 kənd kitabxanası, tarix-diyarşünaslıq, Heydər Əliyev muzeyi, rəsm qalereyası, 1 mədəniyyət-istirahət parkı, 26 turist obyekti, 1 uşaq incəsənət məktəbi, 117 tarix və mədəniyyət abidəsi mövcuddur: «Klub və mədəniyyət evlərində 115 bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir ki, onlardan ikisi xalq kollektivi adını daşıyır. Bu ada yiyələnmiş Mahmudavar kənd Mədəniyyət evinin «Halay» folklor mahnı və rəsq ansamblı nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da yaxşı tanınır. Kitabxanalarımızın fondunda 458,2 min nüsxə kitab vardır ki, onlardan 86 mindən çoxu latın qrafikası ilə çap edilmişdir. 2009-cu ilin 6 ayı ərzində bu siyahıya min nüsxə də əlavə olunmuşdur».
Onu da öyrəndim ki, son illərdə Masallı Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə rayonda mədəniyyətin inkişafı, təbliği istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Mədəniyyət ocaqlarında əsaslı təmirlər aparılıb, invertar və avadanlıqlarla təmin olunub. Bu da mədəni-kütləvi tədbirlərin daha dolğun və məzmunlu olmasını şərtləndirir.
L.Mövsümova söhbət əsnasında Masallıda turizmin inkişafına dair Mədəniyyət və Turizm Nazirliyi ilə rayon rəhbərliyinin birgə hazırladıqları tədbirlər planına uyğun olaraq daxili turizmin inkişaf etdirilməsi ilə əlaqədar mühüm tədbirlər görüldiyini də diqqətimizə çatdırdı: «Ötən müddət ərzində rayonda olan turist obyektləri qeydiyyata alınıb. Cari ilin may ayında respublikada daxili turizmin inkişaf etdirilməsinə dair müşavirə də məhz Masallıda keçirildi. Lisenziyası olmayan turist obyektlərinin rəhbərləri ilə söhbətlər aparılıb. Hazırda 20 turist obyekti lisenziyalı fəaliyyət göstərir. Qeyd edim ki, əvvəlki illərdən fərqli olaraq rayonumuza gələnlərin sayı xeyli çoxalıb. Ölkəmiz təbii sərvətlərlə, o cümlədən müalicəvi mineral sularla zəngindir. Masallılılar da öz İstisuyu ilə fəxr edir. Allah bu şəfa ocağını bizə əvəzsiz bir nemət kimi bəxş edib. İlin isti aylarında oraya gələnlərin sayı xeyli artıb. Çünki əsl cənnəti xatırladır».
Lətifə xanım bu sözləri çox fərəhlə dedi və onun da əlavə etdi ki, dəniz səviyyəsindən 1620 metr yüksəklikdə, Viləş çayının sahilində yerləşən bu sanatoriya hələ qədim zamanlardan şəfa ocağı kimi tanınıb, buraya gəlib gedənlərin sayı heç vaxt azalmayıb. Lətifə xanımla söhbətimizi yekunlaşdırıb, İstisuya yollandım.
Cənnətin bir addımlığında...
İstisu sanatoriyası ilə Masallı şəhərini 13 km-lik bir məsafə ayırır. Maşınımız Ərkivandan keçib Qəriblərə üz tutanda göyün mavi dərinliklərindən Dəmbəlov dağının yaşıl zirvəsi görünür. Heyif ki, bu mənzərəni təsvir etmək gücündə deyiləm.
Bu mənzərəni seyr edə-edə İstisu sanatoriyasının girəcəyinə çatdıq. Sürücü maşını bir bulağın yanında saxlayıb, «isti yay günlərində bu sərin bulaq suyundan içmədən getmək günahdır», - dedi.
Sərin bulaq suyunda ilə əl-üzümüzü yuduq, doyunca içdik. Canımıza, ruhumuza rahatlıq gəldi.
Min bir dərdin dərmanı - İstisu
Ta qədim zamanlardan insanlar bu yerə - İstisuya şəfa ocağı kimi baxıblar. Onun yaranma tarixi barədə el arasında müxtəlif rəvayətlər söylənilir. Əvvəllər məhdud və primitiv şəkildə fəaliyyət göstərən İstisu illər keçdikcə şöhrətlənmiş, böyüyüb inkişaf etmişdir.
Yay fəslində burada həyat sanki qaynayır. Yaşıllığa bürünmüş dağlar qoynunda dincəlmək, təbiətin gözəlliklərini seyr etmək, çayların, bulaqların, şəlalələrin zümzüməsinə qulaq asmaq, təmiz dağ havasından doyunca udmaq, səs-küydən uzaq olmaq üçün bu yerlərə gələnlərin sayı ilbəil artır. Ən başlıcası isə insanlar burada şəfa tapırlar. Bu suyun tərkibində hidrogen-sulfid, maqnezium-hidrokarbonat, hər litri 30 milliqram yod və b. maddələrlə zəngindir. Ən möcüzəlisi isə odur ki, bu su yerin təkindən, 90-250 km dərinlikdən 60 dərəcədən yuxarı istilikdə çıxır. Bu məhlul da xəstələri iynəsiz, dərmansız sağaldır.
1960-cı illərin əvvəllərində məşhur həkim-alim, musiqiçi, şair, bəstəkar Mirkazım Aslanlı-Sarəng elmi şəkildə sübut edib ki, sözügedən su ilə revmatizm və onun fəsadları, dəri, böyrək və sidik yolları, mədə-bağırsaq, radikulit, prostat, hiportaniya, qaraciyər və öd yolları, qadın, travmatik zədələnmə və s. xəstəlikləri müalicə etmək olar. Alimin bu kəşfi o vaxtlar böyük maraq yaradır. Rəsmi dövlət xətti ilə SSRİ-nin ayrı-ayrı yerlərindən 12 alim İstisuya ezam olunur. Aparılan tədqiqatlar Azərbaycan aliminin kəşfini təsdiq edir. Beləliklə, İstisu şəfa ocağı 1971-ci ildə Ümumittifaq müalicəvi sanatoriyası statusu alıb. Bütün bu işlərdə ümummilli liderimiz Heydər Əliyevin böyük əməyi olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ikinci dəfə rəhbərliyə gələn Heydər Əliyev 1997-ci ildə «Sanatoriya və kurortların özəlləşdirilməsi haqqında» fərman imzalayıb. Məlum fərmandan sonra 1998-ci ildə bu şəfa ocağı iş adamı İldırım Allahyarov tərəfindən özəlləşdirilib və «Fatimeyi-Zəhra şəfa sanatoriyası» adlandırılıb. Elə həmin vaxtdan da burada genişmiqyaslı bərpa, tikinti-quruculuq işləri görülməyə başlanılıb. İndi sanatoriyada Avropa standartlarına uyğun müalicə vannaları, istirahət üçün kotteclər, 160 yerlik mehmanxana, digər infrastruktur obyektləri mövcuddur. Vanna korpusunda aparılan əsaslı təmir işləri tibbi-gigenik tələblərə tam cavab verir. Müalicə ocağında uzun illərdən bəri problem olan kanalizasiya sistemi yenidən qurulmuş, üç kilometr kənardan sanatoriyaya içməli su xətti çəkilib. Ərazinin relyefi nəzərə alınaraq xəstələrin rahat hərəkət etmələri üçün səkilər yenidən qurulub. Burada mədəni-məişət, ictimai-iaşə obyektləri də yeniləşdirilib, onların estetik görünüşü xeyli yaxşılaşdırılıb. Ən başlıcası isə sanatoriyaya gələnlərə indi nümunəvi tibbi xidmət göstərilir. Gəzinti yerlərində yazılmış «Bir kurs müalicə bir il yaşamaq deməkdir» şüarı bura gələnlərdə böyük inam yaradır.
Sanatoriyada müalicəyə gələnlərin mədəni istirahəti də nəzərdən qaçmayıb. Vaxtaşırı olaraq rayon mədəniyyət və turizm şöbəsi burada konsertlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir. İstirahətə gələnlər Viləş çayındakı çimərlikdən, dəvə və atla gəzintidən də istifadə edirlər. Eyni zamanda onlar üçün qonşu Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarına turist səfərləri də təşkil olunur. Bütün bunlarla yanaşı, yeməkxanada verilən yüksək keyfiyyətli yeməkləri də nəzərə alsaq, burada istirahət etməyə dəyər.
Ötən illərə səyahət
Yadımdadır, ötən əsrin 60-cı illərində bu yerlərə valideynlərimlə gələrdim. O zaman burada yaxın kəndlərdən olan insanlar meşədən ağac qırıb balaca-balaca komalar tikirdilər. Muğandan, Mildən və başqa yerlərdən gələn insanlar həmin o komalarda qalıb primitiv vannalarda çimərdilər. İşıq əvəzinə neft lampası, yemək bişirmək üçün odun yandırardılar. Hara gəldi zibil tökülürdü. Bütün yayı zir-zibil əlindən tərpənmək, üfunətdən nəfəs almaq olmurdu. Onda mənim 10-12 yaşım vardı. Bunlara əhəmiyyət vermirdim. Mənimki Viləş çayında çimmək, dağ-daşda gəzmək idi.
Yanar dağa, Mişara, Şəlaləyə uşaq marağı ilə baxmağa gedirdim, yorulmazdım, usanmazdım.
İndi nə 40-45 il əvvəlki komalar var, nə neft lampası, nə də odundan çatılmış tüstüləyən ocaqlar. Allahın bəxş etdiyi gözəlliyə insanlar da əlavə gözəllik verib, bir harmoniya yaradıblar. Mən gücüm çatan bu gözəlliyi vəsf etməyə çalışdım.
Gördüklərimi fotoaparata köçürdüm, eşitdiklərimi diktofonun yaddaşına yazdım.
«Allahın nemətinin qədrini bilək»...
Bu sözlər vanna otaqlarının qarşısında, isti suyun çıxdığı yerdə yazılıb. Bura gələn hər bir insan əvvəlcə suyun çıxdığı yerə gəlir və Allahın möcüzəsi qarşısında səcdə edərək dua edir: «İlahi, bu neməti biz çox görmə». Sonra da növbə ilə vanna otaqlarına girirlər. Vanna qəbul edən insanların çay stolu arxasında etdikləri söhbətlər də maraqlı olur. Ən çox da bu suyun şəfasından danışırlar. Gəlişimin birinci günü kanadalı telejurnalist də çəkiliş aparırdı. O, isti suyun çıxdığı yeri çəkdikdən sonra uzun müddət həmin yerə çox diqqətlə baxdı və başını buladı. Tərcüməçi onun dediklərini dilimizə çevirdi: «Allah sizə böyük nemət verib. Bu, əsl möcüzədir. Görürəm ki, xalqınız bu nemətin qədrini bilir. Xoşbəxt insanlarsınız».
Qocaların söhbəti
Vannadan çıxıb yaxınlıqdakı çayxanada əyləşirəm. Diqqətimi qonşu stolda oturan 5-6 nəfər yaşlı adamın söhbəti çəkir. Yaxınlaşıb özümü təqdim edirəm və onların fikirləri ilə maraqlanıram.
Masallının Ərkivan kənd sakini İsmayıl Məmmədov deyir ki, bura lap uşaq vaxtlarından gəlib-gedir: «O zaman nəqliyyat yox idi. Araba ilə adamlar gəlib buradan su aparardılar. Qoca adamlar ayaqlarını həmin suya qoyandan sonra ağrıları kəsərdi. Mənim də ayağımda qaşınma var idi. Valideynlərim məni bura gətirdi. Elə o dərd-bəlam o vaxtlardan burada qaldı».
Saatlı rayonundan gəlmiş Savad Abbasov isə bildirir ki, belində, ayaqlarında olan ağrılar onu çox incidirmiş: «Məsləhət gördülər ki, bu sanatoriyaya gəlim. 5 gündür ki, gəlmişəm. Artıq ağrılarım azalıb. Çox yer gəzmişdim, müalicə etdirmişdim, heç bir xeyri olmamışdı. İndi özümü çox yaxşı hiss edirəm. Əlimdə imkanım olsaydı, bu yeri bütün dünyaya tanıdardım. Belə yerləri işıqlandırmaq lazımdır. Qoy insanlar gəlib burada dincəlsin, şəfa tapsınlar».
Saatlının digər sakini, ixtisasca müəllim olan Əkbər Seyfullayevin dedikləri də maraqlı idi: «Mənim oynaqlarımda ağrılar var idi. Həkimlərə müraciət etdim. Dedilər, revmatizmin var, oynaqların da duz yığılıb. Buranı məsləhət bildilər, 3 ildir bura gəlirəm. Artıq heç bir ağrım qalmayıb».
Bu yaşlı insanların hamısı sanatoriyanın müdiriyyətindən, həkimlərdən, təmizlikdən, səliqə-sahmandan razılıqla danışdılar.
Sanatoriyanın rəy kitabından sətirlər
«Allah bu yeri, bu gözəlliyi sizə hədiyyə edib. Burada necə gözəl insanlar var. Onların qonaqpərvərliyi adamı valeh edir. Mən dünyanın çox kurortlarında olmuşam. Qonağın belə qarşılanmasını görməmişəm. Bu sanatoriyaya rəhbərlik edən İldırım müəllimin böyük ürəyi var. Burada hər şey yaxşıdır. Xidmət, yemək, müalicə, üstəgəl təbiətin gözəlliyi».
Bu sətirlərin müəllifi Moldavanın Azərbaycandakı səfiridir.
Səhiyyə Nazirliyinin kollektivi adından yazılan rəydə isə deyilir: «Qoy, Allah həmişə bu müqəddəs ocağı qorusun».
«Əziz İstisu rəhbərliyi və burada çalışan insanlar. Sizə əlvida demirəm. Ona görə əlvida demirəm ki, buranın təbiəti və insanları mənim yaddaşıma əbədi həkk olundular. Çalışacam ki, bu yerlərə həmişə gəlim».
Bu isə Nigar Səmədli adlı bir nəfər Bakı şəhər sakininin rəy kitabına yazdıqlarıdır.
Sanatoriyanın rəy kitabında yüzlərlə insanın təəssüratları yer almışdı. Hamısında da təbiətin möcüzəsi ilə insan əməyinin vəhdəti olan bu nicat ocağı haqqında xoş fikirlər və istirahət mərkəzinin rəhbərliyinə minnətdarlıq vardı.
Masallıda turizmə önəm verilir
Onu da qeyd edim ki, bu sanatoriyaya təkcə Bakıdan və respublikanın ayrı-ayrı bölgələrindən deyil, habelə Rusiya Federasiyasından, Gürcüstandan, Kanadadan, ABŞ-dan, Fransadan, Türkiyədən və dünyanın başqa yerlərindən üz tutanların sayı ilbəil artır. Bu da onu göstərir ki, Masallıda turizmin inkişafı üçün potensial var. Buradakı subtropik iqlim şəraiti, təbiət mənzərələri, tarixi yerlər, qədim maddi-mədəniyyət nümunələri turizmin inkişafına təkan verən amillərdir. Turizmə həvəs göstərən bir çox yerli iş adamları tərəfindən inşa edilən taxta kotteclər, yerli qırmızı kərpicdən və kubik daşlardan yüngül konstruksiya ilə tikilən evlər buraları daha yaraşıqlı göstərir. «Türkan», «Nil bulağı», «Karvan», «Dəmirağac», «Masallı», «Rasim», «Sim-sim», «Kondinsioner» və digər istirahət ocaqları son illər daha çox tanınır. Rayon İcra Hakimiyyəti, rayon mədəniyyət və turizm şöbəsi bu iş adamlarına yaxından dəstək olur. İndi Masallıda turizmin inkişafı ön plana çəkilib.
Son söz əvəzi
Masallıda 12 günlük istirahət ürəyimcə oldu. İstirahətin sonuncu günü İldırım Allahyarovla görüşdüm. Söylədim ki, doyunca gəzdim, yaxşıca istirahət etdim. Amma bu dağların zirvəsinə uşaqlıqda qalxdığım kimi qalxa bilmədim.
İldırım müəllim dayandığımız yerdən Dəmbalov dağının zirvəsini göstərib dedi: «Gələcəkdə o dağın zirvəsinə kanat çəkdirəcəm, orada restoran tikdirəcəm. İnşallah, onda arzuna çatarsan. Hələliksə planlarımız çoxdur. Ən böyük arzum doğma Azərbaycanın bu əvəzsiz guşəsini beynəlxalq turist mərkəzinə çevirməkdir».
Onunla xudahafizləşib maşına əyləşdim. Yolboyu qurduğum xəyallar məni gələcəyə apardı. Xəyalən İldırım Allahvarovun tikdirdiyi kanatla Dəmbalov dağının zirvəsinə qalxdım. Orada ingilis, rus, fransız, alman və başqa dillərdə danışan insanları gördüm.
Fərahim Dünyamalıoğlu