Böyük mədəniyyətlər həmişə bütün ictimai formasiyalara, siyasi quruluşlara, bütövlükdə tarixə qalib gəlib. Bu mədəniyyətlərin yaradıcısı olan xalqın, onun ayrı-ayrı nümayəndələrinin adını zamanın sərt küləkləri bəşərin yaddaşından silə bilməyib. Dünya mədəniyyət xəzinəsinə pay verən xalqlar sırasında bizim xalqın da adı var. Muğam kimi, xalçaçılıq kimi qədim el sənətlərimiz dünyanı heyran qoyur.
  
   Nə yaxşı ki, qədim el sənətlərimizin qorunub-saxlanmasına, ümumiyyətlə mədəniyyətimizin inkişafına və təbliğinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.
   Ağdaş şəhərinin mərkəzində, Habil Əliyev adına Uşaq Musiqi Məktəbinin qarşısında dayanıb, bu yaraşıqlı binaya baxanda keçirirdim bu hissləri. Elə Ağdaşa da bu məktəbin sorağı ilə gəlmişdim. Son beş-altı ildə Ağdaşda sosial-iqtisadi və mədəni inkişafın göstəricisi ola biləcək çox bina tikilib, lakin onların heç biri bu musiqi ocağının müasirliyi və arxitektura gözəlliyi ilə müqayisəyə gəlməz. Əslində bu faktın özündə də bir rəmzi məna var - mədəniyyətin yeri Ağdaşda birincidir.
   Möysünə xanım H.Əliyev Uşaq Musiqi Məktəbinin direktorudur. Ömrünün çoxu bu musiqi ocağı ilə bağlıdı. O, 1964-1974-cü illərdə bu məktəbdə müəllim işləyib. 1974-cü ildən isə bu məktəbin direktoru vəzifəsində çalışır. Deməli, Ağdaşın mədəni həyatının son 45 ili onun gözləri qarşısında keçib. Elə Möysünə xanımı mənim gözümdə maraqlı bir müsahibə çevirən də bu fakt oldu.
   - Ağdaş belə bina görməyib ömründə. Yarandığı 1937-ci ildən bu musiqi məktəbi - düz 70 il - köhnə bir yaşayış evində yerləşib, - müsahibim yeni məktəbin tarixindən söz açır, - bu musiqi məktəbi binasının tikilməsi və ona Habil Əliyev adının verilməsi təşəbbüsü YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məxsusdur. Onu da deyim ki, bu gözəl tikili həmçinin H.Əliyev Fondunun maliyyə vəsaiti hesabına inşa edilib. Muğam sənətinin qorunması və inkişafı üçün Mehriban xanım çox iş görüb. Məhz onun böyük səyi nəticəsində muğam YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilib. Bakıda əzəmətli Muğam Mərkəzinin tikilməsi də bizim hörmətli Mehriban xanımın adı ilə bağlıdı. Bu istiqamətdə görülən işlərin həcmi ildən ilə artır. Elə Habil Əliyevin adına onun doğulub boya-başa çatdığı doğma torpağında belə yaraşıqlı musiqi məktəbinin inşa edilməsi bütövlükdə muğam sənətinə göstərilən qayğıdır, bu sənətə verilən yüksək qiymətdir. Sənətkara öz sağlığında belə qiymət vermək, onun adına, məktəb tikmək faktına mən ömrümdə ilk dəfədir ki, rast gəlirəm. Siz inanın ki, bu, böyük sənətkarımızın - 80 yaşlı Habil Əliyevin ömrünə yeni bir ömür caladı.
   Sonra Möysünə xanım məni musiqi məktəbi ilə tanış edir:
   - Üçmərtəbəli binamızda 40 sinif otağı, 200 nəfərlik konsert zalı, kitabxana, yeməkxana var. Burda 500-ə yaxın şagird təhsil alır. H.Əliyev Fondu bizə 20 piano hədiyyə edib. Sevimli sənətkarımız Fərhad Bədəlbəyli bizə bir royal bağışlayıb. Məktəb müasir kondinsionerlərlə, mebellə, bir sözlə, hər cür inventarla təchiz olunub. Bu işləri görən də H.Əliyev Fondudur. Bu yaxınlarda Qəbələdə H.Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların müsabiqəsi keçirildi. Müsabiqədə ABŞ, Rusiya, Fransa, Çin, İndoneziya, Bolqarıstan daxil olmaqla, 15 ölkədən 22 ifaçı iştirak edirdi. Onların 4-ü Azərbaycandan idi. Festivala bir həftə qalmış gəlmişdilər. O bir həftəni Ağdaşda qaldılar, bizim musiqi məktəbində məşq elədilər. Düzü, xaricilər paytaxt Bakıdan 260 km uzaqda olan əyalətdə belə bir müasir musiqi məktəbini görəndə təəccüblərini gizlətmədilər. Məktəbimizdəki rahat şəraitin üstünə qonaqpərvərliyimizi də gələndə, onların hansı xoş ovqatda olmalarını təsəvvür etmək, məncə, çətin olmaz. Biz də, təbii ki, bundan fərəh duyurduq. Onlar məşqlərdən sonra Heydər parkında, Tarix-Diyarşünaslıq Muzeyində, Rəsm qalereyasında, H.Əliyev muzeyində və digər gəzməli, görməli yerlərdə oldular. Bilirsiz, insanın niyyəti təmiz olanda, insan bir işi ürəkdən görmək istəyəndə, Allah da ona kömək edir. İnanın ki, o qonaqlar gələn ərəfədə 2-3 gün dalbadal Ağdaşa yağış yağdı. Təsəvvür edin, avqust ayı ola, aran Ağdaşa yağış yağa. Yağışdan sonra torpağın bir cənnət qoxusu olur. Hər yan yamyaşıl, hava da ki, sərin. Görünür, yaxşı işə Allah da sevinir. Bizdən çox razılıq etdilər. Ümumiyyətlə, son illər rayonumuzda təmizlik, yaşıllıq, bir sözlə abadlıq işlərinə çox fikir verilir. Mənim aləmimdə yaşayış məskənləri üçün mədəniyyətin ilkin göstəriciləri elə bunlardır. Allaha şükür, bu sarıdan da üzümüz ağdır. Hazırda respublikamızda sosial-iqtisadi inkişafın tempinə görə Ağdaş qabaqcıl rayonlar sırasındadır. Əlbəttə, bir mədəniyyət işçisi, bir ağdaşlı, nəhayət, bu torpağın bir vətəndaşı kimi bu sürətli tikinti-quruculuq işləri məni çox sevindirir.
   Sonra Möysünə xanımla onun kabinetinə qayıdırıq. Direktor bu il iyunun 20-də Ağdaşda Habil Əliyev adına Uşaq Musiqi Məktəbinin açılış mərasimi ilə bağlı fotoşəkilləri və qəzet yazılarını mənə göstərir:
   - Çox möhtəşəm bir tədbir idi. Mərasimə gələn qonaqlar əvvəlcə Heydər parkında oldular, ulu öndərimizin heykəli önünə gül-çiçək dəstələri düzdülər.
   O, açılışdan çəkilmiş fotoları mənə göstərir: Kaman ustası Habil Əliyev, akademik Bəkir Nəbiyev, millət vəkilləri Şəmsəddin Hacıyev, Çingiz Əsədullayev, Əkrəm Abdullayev, İlham Məmmədov, Rövşən Rzayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, Fikrət Qoca, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa və dünya çempionu Xəzər İsayev, yazıçı Xeyrəddin Qoca və başqaları.
   Möysünə xanım sözünə davam edir:
   - Açılış lentini Habil Əliyevin özü kəsdi. Bu, ustad sənətkarımız kimi, Ağdaşın da mədəni həyatında unudulmaz günlərdən biri idi.
   Sonra yerli «Ağdaş» qəzetindən - açılış mərasimindəki çıxışlardan bəzi parçaları qeyd dəftərçəmə köçürürəm:
   Akademik B.Nəbiyev: «Habil Əliyev öz istedadını ilk əvvəl Ağdaş səhnəsində göstərib, burada parlayıb, ad-san qazanıb. Xoş sorağı Amerikadan, Avropadan, bir sözlə, bütün dünyadan gəlib».
   Ağdaş Rayon İcra hakimiyyəti başçısı R.Niftəliyev: «Bu məktəb Ağdaşa, ağdaşlılara ən böyük tövhədir. Biz buna sevinirik. Ağdaşa, ağdaşlılara göstərdiyi qayğıya görə cənab prezidentə minnətdaram. Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ağdaşda təhsil, səhiyyə sahəsində xidmətlərini xüsusilə qeyd etmək lazımdır».
   H.Əliyev Fondunun icraçı direktoru A.Ələkbərov: «Bu gün Azərbaycan tarixində bayrama çevriləcək. Heydər Əliyev Fondu tərəfindən Ağdaşda görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin adına layiq uşaq musiqi məktəbi tikilmişdir. Tikintidə layiqincə çalışanlara təşəkkür edirik. Bu addım yeni istedadların üzə çıxması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Ağsaqqalımız Habil müəllimi ürəkdən təbrik edirik».
   Millət vəkili, MM-in Elm və Təhsil daimi Komitəsinin sədri Ş.Hacıyev «Ağdaşa hər gələndə yeniliklərlə rastlaşırıq. Açılışına gəldiyimiz Habil Əliyev adına Musiqi Məktəbi də çox gözəldir. Öz sənəti, kamanı ilə Azərbaycanı dünyada tanıdan Habil Əliyev Ağdaşın, Azərbaycanın ağsaqqallarından biridir. Yeni musiqi məktəbinin tikintisi də ən yüksək tövhə kimi qiymətləndirilməlidir».
   Fikrət Qoca: «Ulu öndər Heydər Əliyev musiqiyə daim diqqət və qayğı göstərib. Azərbaycan prezidenti İlham Əliyev bu gün bu ənənəni davam etdirir. Nə yaxşı ki, Heydər Əliyev Fondu var, onun prezidenti Mehriban xanım var. Mehriban xanım sahibsiz uşaqlara da yiyə durur, onlara ana nəvazişi, ana məhəbbəti göstərir. Həm prezidentimizə, həm də Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm».
   H.Əliyev: «...Bu sevinci həyatımda birinci dəfədir yaşayıram. Bütün bunları bizə Azərbaycanı işğaldan qurtaran Heydər Əliyev verdi. Prezidentimiz İlham Əliyev xalqımızın sevimli oğludur. Mədəniyyətə qayğı göstərən möhtərəm prezidentimizə və onun xanımı Mehriban Əliyevaya minnətdaram».
   Möysünə xanım yenə keçmişə qayıdır:
   - Bu məktəbin ilk direktoru Əhməd Ağdamski olub. Bildiyiniz kimi, 1908-ci ildə Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasında oynamaq üçün qadın ifaçı tapılmadığından, Leyli rolunda Əhməd Ağdamski çıxış edib. Sonralar o, Ağdaşa gəlib, burda yaşayıb və 1937-ci ildə bu məktəbə direktor təyin olunub. Onu da deyim ki, musiqi məktəbinin açılışına Ə.Ağdamskinin oğlu - Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Telman Ağdamski də gəlmişdi. Habil Əliyevdən başqa, mərhum xanəndəmiz Ramiz Hacıyev də bu məktəbdə təhsil alıb. İndi hamının yaxşı tanıdığı, istedadlı kaman ustası Munis Şərifov da bu məktəbin yetirməsidir.
   Möysünə xanımla söhbətimiz başa çatır. Müsahibim, - bəs, başqa mədəniyyət müəssisələrinin işindən yazmayacaqsınız? - deyə soruşur.
   - Yox, - deyirəm.
   Musiqi məktəbinin həyətinə çıxırıq. Hər tərəf yamyaşıl və tər-təmizdi. Ətrafda gözə dəyən bütün binaların hamısı təmirdən çıxıb, göz oxşayır. Möysünə xanım birdən uşaq sevinci ilə dillənir:
   - Sağlıq olsun, ilin sonunda Ağdaşda Olimpiya İdman Kompleksinin açılışı olacaq. Onda gələrsiniz, daha böyük yazı hazırlayarsınız.
  
   Qorxmaz Şıxalıoğlu