Üçüncü yazı
  
   Anadolu
  
   Deyirlər, İstanbul Türkiyənin beynidisə, Anadolu qəlbidi. Ölkənin ölüm-qalım savaşında xilası əbəs yerə Anadoludan başlamayıb. Ən çətin məqamlarda Mustafa Kamal Paşa Atatürk məhz Anadoluya güvənib...
   İstanbuldan Anadolunun, daha dəqiq desək, Orta Anadolunun mərkəzinə - Nevşehirə cəmi bir saatlıq hava yolu var. Bəxtimdən yenə illüminatorun yanında oturmalı oluram, kiçik pəncərədən Anadolunun ucsuz-bucaqsız, dərəli-təpəli, rəngdən-rəngə düşən mənzərələrinə baxıram. Göyün üzü tərtəmizdi, aşağıda şəhərlər, qəsəbələr, kəndlər, yollar, çaylar, kəvşənlər, əkin yerləri...lap aydın görünür...
   Nevşehir Hava Limanında yerə enirik. Şəhərəcən 30 kilometrlik yolda bələdçimiz bölgə haqqında məlumat verməkdən qalmır. Təxminən 300 min əhalisi olan vilayətin mərkəzi şəhəri Nevşehirdi, əhalinin yarısı burda yaşayır. Mustafa Kamal Paşa bu ətrafı düşməndən təmizləyəndən sonra Muşkara adlı kiçik bir kəndin şəhərə çevrilməsi barədə arzusunu bildirir, adını da farsca “yeni şəhər” mənasını verən Nevşehir qoyur. İndi Nevşehir Türkiyənin çox müasir və gözəl şəhərlərindən biridi.
   Hotelimiz şəhərin yaxınlığındakı Mustafapaşa qəsəbəsindədi. Qəsəbə də savaş illərində bir müddət burda dayanmış Atatürkün adını daşıyır. Üç tərəfdən qaya - evlərlə dövrələnmiş qəsəbə, doğrudan da nağılvari təsir bağışlayır. Anadolunun yuxular aləmi - Kappadokiya burdan başlayır. Elə otelimiz «Vəzirxana»nın binası da... qayanın içində yerləşir. Bayırda 38 dərəcə isti var, hotelin daş otaqlarındasa gündüz köynəksiz durmaq, gecələrsə yorğansız yatmaq olmur...
  
   * * *
   Nevşehirin başlıca abidələri Nevşehir qalası və camelər, külliyyələrdi. Artıq qala və ətrafındakı tarixi abidələrin bərpası üzrə böyük layihə həyata keçirilir. Orta əsrlərin yadigarı olan Kurşunlu came (Damat İbrahim Paşa camesi) gözəlliyi, əzəmətiylə diqqəti çəkir. İndi camenin nəzdindəki külliyyədə uşaq kitabxanası yerləşir. Əvvəllər külliyyə came, mədrəsə, kitabxana, uşaq məktəbi, yaşayış evi və hamamdan ibarət imiş.
   Nevşehirin ilçələri (rayonları) bənzərsiz tarixi abidələrlə zəngindi. Ürgüp, Dərinquyu, Görəmə, Avanos, Gülşehir, Hacıbəktaşdakı yadigarları sayıb-sadalamaq, təsvir eləmək asan məsələ deyil. Dərinquyuda baxdığımız yeraltı şəhər insanı heyrətə salır. Tarixin hansı dönəmindəsə bu ətrafda yaşayanlar düşmən hücumundan qorunmaq üçün yeraltı şəhərə çəkilirlərmiş. Daş anbarlarında bir neçə aylıq ərzaq-su olduğundan, dolanbaclarının etibarlılığından təbii müdafiə istehkamı rolunu oynayırmış.
   Koppadokiyasa gerçəklikdən çox uzaq nağıla bənzəyir. Cürbəcür formalı nəhəng qayaların içindəki məbədlər, kilsələr, yaşayış yerləri... heyrət doğurur. Ürgüpdəki Üçhisar yaxınlığından göz işlədikcə uzanıb gedən qaya-şəhərə baxmaq artıq sözün bitdiyi məqamdı.
   Üçhisardan Görəməyə məbədlərin yerləşdiyi yerə yollanırıq. Burda Tokalı kilsəyə, Müqəddəs Basil, Müqəddəs Barbara, Müqəddəs Katerina məbədinə, Almalı kilsəyə, Çarıqlı kilsəyə, Çavuşin kilsəsinə, İlanlı kilsəyə, Qaranlıq kilsəyə rahiblər və rahibələr monastırına tamaşa eləyirik. Digər onlarla məbədə, kilsəyə, ibadət yerlərinə baxmağa vaxtımız çatmır.... Qala-məbədlərin X -XI yüzilliklərə aid olduğu söylənir. Bu daş qalalar da düşmən hücumlarından müdafiə olunmaq məqsədi güdürmüş...
   Kappadokiya Anadolunun turist mərkəzidi. Yayın istisində də, qışın soyuğunda da bu yerlərə turist axını kəsilmir. Qonaqlar gördükləri nağılvari mənzərədən heyrətə gəlirlər. Demək olar, hər turist dayanacağının yanında Kappadokiya mənzərələrinin sürətlərini əks etdirən suvenirlər, bir də Anadolu sənətkarlarının əl işləri satılan kiçik çarşılar var. Toxumalar, tikmələr, daşdan yonulmuş, cilalanmış suvenirlər göz oxşayır. Qonaqlar da bu gözəlli müqabilində pullarına qızırğalanmırlar.
   Avanosda usta Qalibin emalatxanasında qonaq oluruq. Buraya emalatxana-muzey demək daha düzgün olardı. Qayanın içində yerləşmiş bu məkanda Qalib usta şəyirdlərin birgə əsl möcüzə yaradıb. Gildən düzəldilmiş məmulatlar burdaca bişirilir, naxışlanır, dəqiq qurulmuş şəbəkə vasitəsilə müştərilərə təklif olunur. İstanbulda, Sultanəhməd camesinin yaxınlığında baş çəkdiyimiz «Usta Qalib» dükanı yadıma düşür. Sehrli əllərin yaratdığı möcüzələrlə ilk dəfə orda rastlaşmışdım. Usta gözümüzün qabağındaca söhbətinə ara vermədən gildən çay dəstgahı yaradır. Sonra daş otaqlarda toplanmış on minlərlə eksponata doya-doya tamaşa eləyirik.
  
   * * *
   Səfərimiz hər il avqustun 16-18-də keçirilən Hacı Bəktaş törənlərinə təsadüf eləmişdi. XIII yüzilliyin böyük mütəfəkkiri, Bəktaşilik məzhəbinin yaradıcısı olan Hacı Bəktaş Vəli təhsilini Türküstanda Xoca Əhməd Yasəvinin ocağında alıb, Xorasanda tamamlayıb, sonra Orta Anadolunu şəhərbəşəhər, kəndbəkənd dolaşıb, Suluca Qarahöyükdə inanc və tədris mərkəzi yaradıb, türk-islam birliyinin formalaşmasına böyük yardım göstərib. İndi adını daşıyan Hacıbəktaş ilçəsində onun türbəsi, dərgahı yerləşir. XIV yüzillikdə Hacı Bəktaş Vəlinin tikdirdiyi Çiləxananın ətrafında Yunus Əmrənin, Aşıq Veysəlin və digər şəxsiyyətlərin abidələri qoyulub. Hacıbəktaş bələdiyyəsi hər il böyük mütəfəkkiri anma və mədəniyyət-sənət bayramı keçirir. Bu il 20-ci dəfə təşkil olunan mərasimdə Hacı Bəktaş Vəli adına Dostluq və Əmin-amanlıq mükafatı təsis olunmuşdu. Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günayın, ölkənin məşhur siyasətçilərindən olan Şişli Bələdiyyə başqanı Mustafa Sarıgülün, bir çox millət vəkili və bələdiyyə rəhbərlərinin, xarici qonaqların iştirak elədiyi mərasimdə builki mükafat vəkil, tədqiqatçı və yazıçı Şakir Keçəliyə təqdim olundu. «İncisən də, incitmə» deyən böyük fikir adamının adını daşıyan bayram daha iki gün də davam eləyəcəkdi.
   Mərasimdə Kappadokiya Şairlər Birliyinin rəhbəri Ayşə Paslanmazla tanış oluruq. Ayşə xanım Nevşehirdə media firmasının başçısıdı, özəl televiziya kanalı, radiosu, qəzeti fəaliyyət göstərir. O, Kappadokiya şeir şölənin təşkilatçısıdı, artıq üç dəfə baş tutan sənət bayramı bu ilin oktyabrında dördüncü dəfə keçiriləcək. O, Azərbaycandan da qonaqlarının olacağını söyləyir, Azərbaycan poeziyasını çox sevdiyini dilinə gətirir....
  
   * * *
   Kappadokiyayla vidalaşmaq vaxtı çatır...
   «Vəzirxana» hotelinin qonaqpərvər sahibiylə görüşüb Mustafapaşa qəsəbəsindən ayrılırıq...
   Yolumuz Üçhisardan, Görəmədən, Avanosdan, Hacıbəktaşdan keçir, axır ki, daş şəhəri arxada qoyuruq...
   İrəlidə Kırşehir durur. «Səhranın ortasında salındığına görə belə adlanır» - bələdçimiz izah eləyir. Amma Qızılirmaq çayı səhranın ortasında cənnət yaratmağa imkan verib. Yolun hər iki tərəfində bərəkətli Anadolu çölləri uzanıb gedir. Zəhmətkeş insan əlləri bu çölləri gülüstana çevirib, günəbaxan, qovun, qarpız, tərəvəz sahələrinin ucu-bucağı görünmür. Yolüstü Kırşehirdə dayanırıq. Şəhər muzeyində bölgədəki arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi-mədəniyyət nümunələrinə, Əxi Evran camesinə baxırıq. Əxi Evran (Şeyx Nəsirəddin Mahmud Əl-Xoyi) Cənubi Azərbaycanın Xoy şəhərində doğulub, təhsilini də burada alıb, XIII yüzilin başlanğıcında Anadoluya gəlib, əxilər təşkilatını qurub. Deyilənə görə, o, Mövlana və onun müəllimi Şəms Təbriziylə ixtilafda olub. İndi Kırşehir universitetində Əxi Evranın adını daşıyır.
   Sonra Kırıkkala şəhərindən yan ötüb Ankaraya üz tuturuq. Yollarda yenidənqurma işləri aparılır, yeni körpülər salınır, asfalt örtük dəyişdirilir, ona görə də bir az ləngiməli oluruq. Ədirnə kimi, Ankara da hiss edilmədən başlayır, sonra uzaqdan Ankara qalası görünür. Dərhal da ölkənin paytaxtını İstanbuldan fərqləndirən cəhət gözə dəyir: Ankara işgüzar mərkəzdi, ona görə də turist axınına rast gəlmədiyimizdən təəccüblənmirik.
   Türkiyə Böyük Millət Məclisinin əski binası olduğu kimi saxlanır. Muzeyin eksponatları arasında Mustafa Kamal Paşa Atatürkün, İsmət İnönünün, digər cümhuriyyət rəhbərlərinin şəxsi əşyaları qorunur. TBMM-in cümhuriyyətin elan olunduğu tarixi salonu adamın qəlbini qürur hissi ilə doldurur. Binanın o biri tərəfindəsə Qurtuluş Muzeyi yerləşir. Türkiyənin 1915-1922-ci illərdə apardığı ölüm-dirim mücadiləsinin dilsiz şahidlərinə həyəcansız tamaşa eləmək olmur.
   Təbii ki, Ankaranın ən görməli yerlərindən biri Anadolu Mədəniyyətləri Muzeyidi. Muzeydə Anadolunun maddi - tarixi zənginliklərini əks etdirən qiymətli eksponatlar toplanıb. Muzeyin binası Fatih Sultan Mehmetin vəzirlərindən olan Mahmud Paşa tərəfindən 1464-1471-ci ildə inşa etdirilib. Eksponatlar arasında Daş dövründən bəri Anadolunun bütün ərazisində tapılmış eksponatlara rast gəlmək olar. Atatürkün göstərişilə yaradılan muzey bu gün Ankaranın başlıca mədəniyyət ocaqlarından biridi.
   Muzeydən bir qədər yuxarıda Ankara qalasıdı. Nə vaxt inşa edildiyi dəqiq bilinməyən qala Bizans və Roma imperatorlarının hakimiyyəti dövründə əsas müdafiə qurğularından biri olub, 1073- cü ildəsə Səlcuqlar tərəfindən ələ keçirilib. Qalanın üstündən Ankaranın böyük bir hissəsi ovuc içi kimi görünür. Ətrafı başdan-başa çarşıdı, nəfis zinət əşyaları, əl işləri, cürbəcür suvenirlər göz oxşayır.
   Ankarada onlarla came var. Onların arasında ən möhtəşəmi Qocatəpə camesidi. Amma biz Hacı Bayram Vəli camesinə baxmağı üstün tuturuq. Camenin yanında Hacı Bayram Vəlinin türbəsi var. Bura gələnlərin arası kəsilmir. Ürəyində niyyət tutanlar türbənin divarlarından öpür, dua eləyirlər.
   Ankarada uşaqlıq dostum, TRT-nin Gürcü verilişləri redaksiyasında çalışan tərcüməçi Tofiq Mirzənin ailəsinə baş çəkmək üçün bir-iki saatlığa vaxt tapıram. Onun həyat yoldaşı Fəranə xanım, övladları Məhəmməd və Aytac Azərbaycanla bağlı çoxlu suallar verirlər. Söhbətimizsə bitib-tükənmək bilmir. Beləcə, Ankarayla bağlı təəssüratlara daha biri əlavə olunur.
   ...Səhər Esenboğa Hava Limanına gedəndə Bakıdan Nizami Zöhrabi zəng vurur, Melda xanım Araz soruşur: «Səfəriniz necə keçdi?» Bunu bir neçə kəlməylə çatdırmaq olarmı? İstanbuldan havaya qalxıb Bakıda yerə enəndə bir gömrük işçisi maraqlanır, “Türkiyədən nə gətirirsiniz?” Gətirdiklərimi ona necə anladım?
   Könlümdə sonsuz ruh gətirirdim...
   Bir də çin olmuş yuxular...
   Yuxunuz çin olsun...
   
   Nəriman ƏBDÜLRƏHMANLI