Dəyişən ilin dəyişməz qiymətləri


   Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər. Elə biz azərbaycanlılar da tez-tez təqvimə baxıb günləri sayırıq. 2010-cu ili qarşılamağa hazırlaşan paytaxtımızın, demək olar ki, mərkəzi meydanları da “yolka”lara bürünüb. Sözsüz ki, bu süni şam ağaclarının yanında Yeni ilin ölməz atributları olan Şaxta baba və Qar qız da fəxri qarovulda dayanıblar. Hələlik onların işi birgə şəkil çəkdirmək istəyən böyükləri və ən əsası balacaların yolunu gözləmək, onlara xidmət etməkdir.
   
   3 manatlıq şəkil, yalançı Şaxta baba və Qar qız
   
   Paytaxtda Yeni ilin daha çox coşquyla qarşılandığı Fəvvarələr bağında nə az, nə çox, düz 13 yolka bəzədilib. Onların yanında lövbər salmış Şaxta baba şəkil çəkdirməyin 2-3 manata başa gəldiyini, lakin şəhər əhlinin şəkil çəkdirməyə o qədər də maraq göstərmədiyini söyləyir.
   “Hələlik gözləyirik, yəqin ki, bayram əhval-ruhiyyəsi ilsonuna yaxınlaşdıqda daha da artacaq. Biz öz xidmətimizi göstəririk. Fəvvarələr bağında təmir getdiyindən şəkil çəkdirənlərin sayı azalıb”.
   Bekarçılıqdan əsasını oynadan digər Şaxta baba isə bizə şəkil çəkdirməkdən əlavə də xidmətlər təklif edir.
   “Yeni il gecəsi üçün sifarişlər də qəbul edirik. Paytaxtın mərkəzi hissələrinə 50-70 manata, uzaq məsafələrə isə 100-200 manata razılaşırıq. Bir saat içində uşaqlara hədiyyə verər, şeirlər söyləyir, çəkil çəkdirib, əyləncəli xatirə saatı bəxş edəcəyik”.
   Adının Vasif olduğunu deyən bu “baba” “sifarişlər vaxtı başınıza qəribə hadisə gəlməyib ki” sualına qəhqəhə çəkir:
   “İki il bundan əvvəl sonuncu sifarişim üçün Günəşliyə getdim. Olduğum ünvanda demə, ev yiyəsinin bütün qohum-əqrəbasını yığışıbmış. Uşaqlar da çox idi, elə bil lap uşaq bağçasındasan. Qardaş, nə hədiyyəm çatdı, nə də öz evimə vaxtında çatıb bayramı keçirə bildim. Uşaqlar hədiyyə üstündə elə dalaşırdılar ki, arada saqqalım əldən getdi. Papağımı isə güclə tapdım. Saqqalsız üzümə baxan balaca qız, ev yiyəsinin qızıydı, oturub ağladı ki, bu əsl Şaxta baba deyil, atam məni aldadıb. Daha bilmirəm, məndən sonra əsl Şaxta baba tapdılar, ya yox...”
   Vasifin yanında dayanmış Qar qız isə öz “xislətinin” əksinə olaraq bu günə qədər havaların mülayim keçməsinə sevinirdi.
   “Keçən il bu vaxt çox soyuq idi. Əsl Qar qıza dönmüşdüm”...
   Amma o cəhətdən bizimlə razılaşır ki, bu bayramın ləzzəti elə qarın yağmağındadır.
   “Eybi yoxdur, onsuz da Novruz bayramında Bahar qız oluram. Təki bayram olsun, adamlar sevinsin”...
   Mətbuat diliynən desək, adının çəkilməyini istəməyən «stajlı» Şaxta baba isə valideynləri tənqid ruhunda bizə açıqlama verdi.
   “Bilirsiniz, bayramları uşaq sevinci olmadan təsəvvür etmək çətindir. Amma hərdən elə hadisələrnən qarşılaşırsan ki... Keçən il uşaq bağçasına çağırılmışdım. Hədiyyələri uşaqlara paylayanda bir valideyin gizlicə özünün aldığı hədiyyəni mənə ötürdü ki, bunu onun öz uşağına verim. Amma uşaqlar həssasdırlar, belə ayrı-seçkilik onların psixologiyasına zərbədir. Həmin valideynə bunu başa sala bilmədim”.
   
   Qiymətlər və endirimlər
   
   Fəvvarələr bağında həmçinin bayram əşyaları pərakəndə satışa çıxarılıb. Qeyd edim ki, bu əşyalar əsasən Çin və Rusiya istehsalıdır. Az xərcinin çıxmasını istəyənlər Çin, keyfiyyətli əşya alıb gələn il də istifadə etmək istəyənlər isə Rusiya istehsallı bir qədər bahalı əşyalara üstünlük verirlər. Onu da deyək ki, bu il Yeni il hədiyyələrinin çeşidi daha zəngindir. Təkcə 50 tipdə oyuncaq Şaxta babalar, üzümüzə gələn ilin simvolu olan pələnglər satışa çıxarılıb. Rəngli işıqlar, müxtəlif zərlər, bayram geyimləri və sair...Hər bir əşyanın da müxtəlif ölçüləri və ölçülərə uyğun da qiyməti var. Ən kiçik ölçülü Şaxta baba 5 manatadır. Üzü yuxarı hərəkət edən qiymət isə 300 manatda dayanır. Onun nəhəngliyi ilə bərabər, bir üstünlüyü də var, Şaxta baba musiqi altında həm də əla rəqs edir. Fərid adlı satıcı ilə guya ki, «alver» edirəm. Onu dilə tuturam ki, bu unikal babanı redaksiyamıza almaq istəyirəm, amma pul yetərli deyil.
   “Qardaş, bir neçə gün əvvəl qiyməti 500 manat qoymuşduq. Onsuz da bu qədər endirim etmişik. Aşağı yeri daha yoxdur”.
   «Təəssüflənib» deyirəm ki, bu 300 manatlıq sabaha, ya o biri günə qalacaqsa gəlib alım. Razılaşır. Satıcı fürsətdən istifadə edib ayrı-ayrı Şaxta baba geyimlərinin də satıldığını nəzərimizə çatdırır. Papaq 3-4 manata, saqqal 8-12 manata, 3-4 yaşlı balacalar üçün geyim dəstləri isə 5-6 manata təklif edilir. Fəridə söyləyirəm ki, redaksiyamızda bir əməkdaşımız çox cüssəlidir. Fikrimiz var ki, onun üçün Şaxta baba geyimini dərziyə sifariş edək, bəs o, bizə hansı geyimi təklif edə bilər. Cavabında sevinməmək olmur. Lazım olan yapıncı cəmi 30 manatadır.
   Yolkaların qiyməti də ölçülərə görə dəyişir: 8 manatdan 300-350 manata qədər. Bir mənzərə ilə də rastlaşdıq. Yolka adı altında başqa növ ağacların maketi də təklif edilir. Seçim isə, əlbəttə, alıcınındır.
   Dediyim kimi, bu il bayram əşyaları kifayət qədər çeşidlidir. Amma piştaxtalardakı zəhmi adamı basan pələnglərdən bəhs etməsək, yəqin ki, ilsonu reportajı yarımçıq alınar.
   Yeni ilimizin simvolu olan pələngin hansı mənalar daşıdığını, həyatımıza hansı təsiri edəcəyini isə astroloqların açıqlamalarından biləcəyik. Amma bu simvolun Fəvvarələr bağındakı qiymətini sizə açıqlamaq mənlikdir. 2 manatlıq pələng nərildəmədən 500 manata qədər səs sala bilər. Nə isə, həm satana həm alana “bazar olsun” deyərək projemizi yekunlaşdıraq. Hə, yadımdan çıxmamış deyim ki, satışda qadağan edilmiş pirotexniki vasitələrə rast gəlmədik. Bu mallardan satmaq istəyənlər olsa da, onların cəhdinin qarşısı hələlik alınıb. Hər halda bunu satıcılar söyləyir.
   
   İranlı Səid, çinli xırdavatçı və bizim Əhməd
   
   Fəvvarələr bağında Əsəd adlı bir qarmonçalanla rastlaşdım. Onun qarmonundan Yeni il mahnıları ətrafa yayılır. Diqqətimi xarici vətəndaş olduğu hiss edilən bir nəfər cəlb edir. İrandan olan Səid Hassani deyir ki, onun ölkəsində miladi ilin gəlişi qeyd edilmir. O, birinci dəfədir ki, ölkəmizdə olur.
   “Niyyəti təmiz olan hər bir tədbir təqdirəlayiqdir. Əgər insanlar sevinəcəklərsə, niyə də bu bayramı keçirməsinlər. Elə mənə də maraqlıdır ki, miladla bağlı gün sizdə necə qeyd edilir”.
   Ömründə 65 Yeni il görmüş təqaüddə olan neftçi Əhməd Ağayev isə deyir ki, həmişə təqvimin sonunda keçirilən bayramları kollektivlə birgə qeyd edib. İndi isə təqaüddədir və ona xoşdur ki, nəvələrinin bayram sevincini izləsin.
   “Demək istəyirəm ki, bu bayram xoş ovqat gətirir. Onun xüsusi siyasi yükü yoxdur, dini yükü də qabartmağa dəyməz”.
   Əhməd kişi deyir ki, əgər infarkt keçirməsəydi, bu il məmnuniyyətlə nəvələri üçün Şaxta babalıq edərdi.
   Qovrulmuş şabalıd satan cavan oğlan isə sualımızı gözləmədən şeir oxuyur. Diktofonda hissələri qalan şeiri onun Yeni il hədiyyəsi olaraq oxucularımıza yetirirəm.
   Ayaqqabılar sürüşkən olsa da, ayaqlarım sürüşməsin.
   Paltom nazik olsa da, bədənim üşüməsin.
   Papaqsız qalsam da, başsız qalmayım.
   Ölkəsinin ucuz texniki mallarını satan çinli qızla rus dilinin hərflərini qıraraq söhbət etməyə çalışıram. Soruşuram ki, ölkənizdə Yeni il necə qarşılanır:
   “Sizdə sakitlikdir, Çində bayram günü böyük səs-küy və olur. Bununla biz Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovuruq”.
   
   Qar yağsın!
   
   İki gündən sonra yəqin ki, 2010 rəqəmi parlaq işıqlarla bəzədilib bu bağdan asılacaq. Köhnə ilin təqvimini də bir kənara atıb işlərimizi yeni təqvimlə quracağıq. Yəqin ki, elə yeni ildə Fəvvarələr bağı da tam təmirdən çıxacaq və gözəl bir meydana çevriləcək. Bayram əhvalını gücləndirmək üçün dekabrın 31-də qar yağsa, bu olardı köhnə təqvimin bizlərə son və gözəl hədiyyəsi. İşıqlı və süni yolkaların qurulduğu bu bağda toza bulaşmış əsl şam ağacları da elə bu qarın yağmasını gözləyir.