Öncə bir az tarix
Bir vaxtlar məşhur Bakı milyonçusu Murtuza Muxtarova məxsus olmuş bağ indi Mərdəkan Dendrarisi adlanır. Dendrari 1926-cı ildə akademik Nikolay Vavilov tərəfindən Ümumittifaq Tətbiqi Botanika və Becərilən Bitkilər İnstitutunun Şərqi Qafqaz filialı kimi təşkil olunub. 1930-cu ildə bu filial həmin institutun şöbəsinə çevrilib, 1936-cı ildən isə quru subtropiklərin Təcrübə Stansiyası kimi fəaliyyət göstərib. 1945-1964-cü illərdə burada Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Mərdəkan elmi eksperimental bazası yerləşib.
Fəaliyyət göstərdiyi ilk illərdə ərazidə subtropik mənşəli ağac və kol bitkilərinin 700 növü toplanıb. Onların əksəriyyəti iqlim dəyişkənliyi ilə bağlı sınaq müddətini çox uğurla keçib.
Sonrakı dövrlərdə akademik N.Vavilovun təşəbbüsü ilə dünyanın müxtəlif yerlərindən alınaraq gətirilən 15 min növdən çox olan rəngarəng bitkilərdən dekorativ ağac və kolların 400 növü, subtropik meyvə ağaclarının (nar, əncir, innab, zeytun, püstə və s.) isə 868 növü iqlim dəyişkənliyinə uyğunlaşdırılıb. Dendrari 1941-1945-ci illər müharibəsində fəaliyyətini müvəqqəti dayandırıb.
Təəssüf ki, həmin illərdə buradakı bitkilərin hamısını qoruyub saxlamaq mümkün olmayıb.
1945-1963-cü illərdə improduksiya işləri geniş vüsət almış, hətta Azərbaycanın digər rayonlarına da gedib çıxmışdır. Bu isə subtropik bitkibecərmənin elmi əsasda inkişafına, narın, zeytunun, əncirin, Şərq xurmasının növlərinin seçilməsinə və daha da təkmilləşdirilməsinə kömək edib. Dendrari 1963-1965-ci illərdə respublika Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Böyük elmi gücə malik olduğu üçün 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun tərkibinə verilib. Bundan sonra subtropik bitkilərin daha perspektivli və zəngin növlərinin yetişdirilməsi ilə birgə dendrarinin mərkəzi hissəsində park salınıb. Ekzotik, qeyri-adi bitkilərin çoxaldılması və onların yaşıllaşdırmada istifadəsi üçün dekorativ bitkilər şitilliyi təşkil edilib.
Təəssürat
Səyahət başlanır. Elə qapıdaca ilk olaraq dendraridə olan quşların adını göstərən yazı lövhəsi diqqətimi çəkir. Ətraf müxtəlif ağaclar, rəngarəng bitkilərlə doludur. Buraya gələn hər bir kəs özünü “oksigen adası”na düşmüş kimi hiss edə bilər. Şəhərin tüstü qarışıq havasından sonra buradakı təmiz havanı acgözlüklə ciyərlərə çəkməmək mümkünsüzdür.
Dendraridə Avropa, Asiya, Amerika, Aralıq dənizi sahillərində bitən ərgüdə, alçaqboy xamerops, neştəryarpaq sumaq, oida odorata və s. müxtəlif növ maraqlı bitkilər var.
Eldar şamına tamaşa edərək bir az irəli gedirəm ki, yandırılan ağac və zibillərin tüstüsü gözümə sataşır. Bu mənzərəni dendraridə seyr etmək acınacaqlıdır. Ən azından havanı korlayıb təbiətə ziyan vurduğu üçün...
Bitkilərə qulluq işi də ürəkaçan deyil. Ağacların gövdəsini basmış mamır, yarpaqlarda olan qurdlar, susuzluqdan saralıb məhv olmuş nərgiz gülləri bizə onların diqqətdən kənarda qalmasını deməyə əsas verir.
İsti havalarda dincəlmək üçün təbiətin qoynundan başqa gözəl yer ola bilməz. Yay fəslinə sayılı günlər qaldığından dendrariyə gələnlərin sayı da çoxdur. Hər addımbaşı qarşıya çıxan sevgili cütlüklər isə adamda belə təəssürat yaradır ki, bura dendrari yox, «sevgililər bağı»dır.
Bu yalnız bizim ağlımıza gələ bilərdi...
1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarov xanımı Liza ilə birgə burada yaşayıb. Qotika üslubunda tikilmiş həmin evə çatıram. Hər şeydən öncə onu qeyd edim ki, burada olmayan hər bir kəs evin darvazasını görərkən mütləq “Arşın mal alan” filmini xatırlayacaq. Satmağa arşın malım olmasa da, filmdəki arşınmalçı sayağı qapıdan içəri keçirəm. Həyət müxtəlif növ bitkilərlə dolu olduğundan darısqal görünür.
Bolşeviklər dövründə ev tamamilə yandırıldığından mülk yenidən bərpa edilib. Binanın dörd tərəfində pilləkənlər var. Bu evdə “Arşın mal alan” filmindən savayı, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm” və s. filmlər çəkilib.
Bir məqamı qeyd etmək istərdim. Darvazanın önündə “Maldili” adlanan kaktus bitkisi əkilib. Həmin bitkinin gövdəsinə böyük hərflərlə maşın nömrələri, adam adlarının baş hərfləri «həkk olunub». «Bu cür hərəkətləri yalnız bizlər edə bilərik» deyib həyəti tərk edirəm.
Onu da deyim ki, buraya gəzintiyə gələnlər üçün otaqlar, qotika üslubu ilə tikilmiş binalar, qeyri-adi şəkildə inşa edilmiş dərin su quyusu, qayıqla gəzinti üçün düzəldilmiş göl, kiçik parklar səyahətçilərin mənalı istirahəti üçün nəzərdə tutulub.
Kiçik səyahətim bitdiyi üçün bağdan ayrılıb evə tələsirəm. Bu “ada”nı hələ çox xatırlayacağam...
Yeganə Cansail