Bu yazını yazmağı hələ səfərimiz başlamamışdan çox öncə nəzərdə tutmuşdum. Çünki ABŞ-a səfərimi Tanrı qisməti hesab edirdim. Uşaq vaxtı bütün dünyanı gəzməyi arzulasam da, bu mümkün deyildi. Uzaqbaşı keçmiş SSRİ-ni gəzmək olardı. Axı o vaxt sovet rejimində yaşayırdıq.
Bu Tanrı qisməti isə müstəqilliyimizin şirinliyindən doğmuşdu. İkinci onilliyini yaşayan müstəqil Azərbaycanımız ulu öndər Heydər Əliyevin ziyasından nur alaraq dünyaya qovuşur, qədim mədəniyyətimiz böyük Yer kürəsində tanınır, təbliğ olunur.
Son illərdə Azərbaycanda aparılan islahatlar, mədəniyyət sahəsində həyata keçirilən böyük layihələr dünyanın marağına səbəb olub. Prezident İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sərəncamlar Azərbaycan mədəniyyətinə dəstək, onun inkişafına böyük təkandır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəni dəyərlərimizə diqqətinin nəticəsidir ki, bu gün tarixi abidələrimiz, muğam sənətimiz, aşıq poeziyamız dünyada çox diqqətlə öyrənilir, sevilir. Eyni zamanda ölkəmizdə hər bir xalqın, hər bir ölkənin mədəniyyətinə böyük diqqət, dərin hörmət var. Dünya mədəniyyətinin öyrənilməsi, qarşılıqlı qaydada təbliği sahəsində böyük layihələr həyata keçirilir. Əlbəttə, bütün bunlar dövlət dəstəyi sayəsində mümkün olur.
Bugünkü mövzunun ərsəyə gəlməsində də Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi var. Azərbaycanla Birləşmiş Ştatlar arasında mədəniyyət sahəsində çox sıx əməkdaqşlıq, işgüzar əlaqələr mövcuddur. Bu əməkdaşlıq sayəsində ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq dünya” (OW) proqramı çərçivəsində respublikamızın beş regionunda mərkəzi kitabxanaların nəzdində “Amerika mərkəzləri” təşkil edilib. Bu mərkəzlər Regional Kitabxana Məlumat Mərkəzləri layihəsi əsasında yaradılıb. Mərkəzlər ABŞ səfirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir. Artıq sözügedən mərkəzlər kitabxana işinin qarşılıqlı qaydada öyrənilməsi, İKT proqramlarının tətbiqi, elektron kitab versiyalarının təbliği, ingilis dilinin öyrənilməsi sahəsində böyük təcrübə qazanıb.
Mən bütün bunları ona görə xatırlatdım ki, olsun ki, həcmi çox olacaq bu yazıların ərsəyə gəlməsinin də səbəbi işdir. Gündəlik iş. Amerika səfərimizin də hər gününə aydınlıq gətirmək üçün gördüklərimi olduğu kimi işıqlandırmağa çalışacağam.
Səfər proqramına uyğun olaraq mayın 4-də səfərə hazırlıq məqsədilə ABŞ səfirliyi bizimlə işgüzar görüş keçirdi. Görüşdə “Açıq dünya” proqramında müxtəlif sahələr üzrə bir neçə qrup təmsil olunurdu. Mədəniyyətlərin təbliği qrupunda 5 nəfər vardı. “Amerika mərkəzləri”nin fəaliyyət göstərdiyi rayonlardan dördünün mədəniyyət və turizm şöbələrinin müdirləri və Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri, qrupun rəhbəri Lətifə Məmmədova. Bizim qrupu Vaşinqtonda təhsil almış Kənan Cəfərli müşayiət edəcəkdi.
Görüşdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun çıxışından, proqram əməkdaşı Səriyyə xanımın izahatından sonra proqramın Moskva təmsilçisi səfərlə bağlı izahat verdi.
Daha sonra qruplar üzrə hər bir kəsə söz verildi. Səfər zamanı həyata keçirmək istədiyimiz tədbirlərdən söz açdıq. Demək olar ki hər kəs eyni fikri - neçə vaxtdan bəri ABŞ-a səfər etmək arzusunda olduğunu söylədi. Mən sonuncu söz deməli oldum. Ürəyimdən keçənləri səmimi şəkildə ifadə etməyə çalışdım. Bildirdim ki, mən bu səfərimi arzu etməmişəm və bu mənə Tanrı qismətidir. Bu qismətə görə isə Azərbaycan dövlətinə minnətdaram. Hamı məni alqışladı.
Ona görə də bu qisməti yazıya köçürməyə çalışacağam. Necə alınacaq, bu qiyməti oxucular verəcək. Hər halda mən peşəkar qəzetçi və qələm əhli deyiləm.
Birinci gün - 5 may 2010-cu il.
Səhər 7-yə yaxın Bakıdan təyyarə ilə uçmalı idik. Səhər saat 4-də “Kaspian Plaza” otelinin qarşısında oğlanlarım - Vahid və Sadiqlə vidalaşıb, Bakı aeroportuna gedəsi avtobusa əyləşdik. Saat 5-ə qalmış Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idik. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova, Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Vasif Fərzullayev, Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elçin Hüseynli və mən. ABŞ-ın Vaşinqton şəhərinə və Şimali Karolina ştatına nəzərdə tutulmuş səfərə Almaniyanın Frankfurt şəhərindən uçmalı idik. Hamı təyyarə limanında idi. Bizimlə birgə “Açıq dünya” proqramının iştirakçıları olan media nümayəndələri, hüquqşünaslar, Azərbaycanda fəaliyyət göstərən Amerika icma mərkəzlərinin nümayəndələri də ABŞ-a uçurdular.
Lətifə xanım xasiyyətinə uyğun olaraq işgüzarlıq nümayiş etdirdi və tez bir zamanda yüklərimizi təhvil verib, qeydiyyatdan keçdik.
Təxminən 4 saat yarımlıq uçuşdan sonra təyyarəmiz Frankfurt təyyarə limanında yerə endi. Biz qısa vaxt ərzində yenidən qeydiyyatdan keçib Frankfurt-Vaşinqton reysinə əyləşdik. Hər birimiz çoxsaylı ölkələrə təyyarə uçuşlarını həyata keçirən Frankfurt aeroportundakı səliqə-sahmana və dəqiqliyə heyran qalmışdıq.
Biz təyyarəyə minərkən Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri V.Fərzullayev itirilmiş bir təyyarə biletini tapmışdı. O, bileti aeroport əməkdaşlarına təqdim etdi. Alman əməkdaş ona xeyli minnətdarlıq bildirdi.
Bakı vaxtı ilə saat 14-də (Frankfurt vaxtı ilə saat 11-də) təyyarəmiz Vaşinqtona istiqamət götürdü. Bu məqamda mən təyyarədə bizə göstərilən xidmətdən də söz açmaq istəyirəm. Bizi Frankfurta aparan “Lufthanza” beynəlxalq hava yolları şirkətinin LH - 612 təyyarəsində hər şey alman dəqiqliyi və yüksək alman mədəniyyəti ilə təşkil olunmuşdu.
Təxminən 4 saat uçduqdan sonra təyyarədə təhlükəsizlik kəmərlərini bağlamağı xahiş etdilər. Sən demə, biz Atlantik okeanının üstündə Bermud üçbucağına yaxın ərazidən keçirmişik. Təyyarə bu yerdən köhnə avtomaşının daşlı-kəsəkli yolda hərəkəti zamanı atılıb - düşdüyü kimi keçirdi. Qısa silkələnmələr hiss edirdik. Təxminən yarım saatdan sonra silkələnmə kəsildi. Yadıma Kürdəmir RİH başçısı Fəxrəddin Məlikovun səfərqabağı məni qəbul edərkən yarızarafat-yarıciddi dediyi «Bermud üçbucağı»ndan keçəndə ehtiyatlı olun» sözü düşdü.
Vaşinqton reysində Gəncədəki Amerika icma mərkəzinin əməkdaşı Günel xanımla tanış olduq. Qonşu kresloda Günel xanımla bir sırada əyləşən amerikalı xanım Azərbaycanı tanımırdı. Biz ona xəritədə Bakını göstərdik. İngiliscə mükəmməl bilən Günel amerikalı xanıma Azərbaycan haqqında bəzi məlumatları çatdırdı. Mənfur qonşularımızın işğalçılıq siyasətindən, Qarabağ problemindən danışdıq.
Günel söhbət zamanı özü ilə milli rəqs paltarları götürdüyünü bildirdi. Qeyd etdi ki, səfər zamanı tədbirlərin birində milli rəqs paltarında “Sarı gəlin” mahnısının sədaları altında rəqs etmək niyyətindədir. 21-22 yaşlı, yüksək mədəniyyətli bu azərbaycanlı qızına dərin təşəkkürlər və minnətdarlıq payı düşür.
Nəhayət, doqquz saatlıq uçuşdan sonra Vaşinqtonun üç böyük aeroportundan biri olan ”Dallas” beynəlxalq hava limanında yerə enirik. Biz dünyanın superdövlətinin ərazisində təkərləri yerə dəyib nərildəyən köhnə amerikan təyyarəsindən düşürük. Burada hər şey qayda üzrə gedir - ABŞ sərhədçiləri və polisləri tez bir zamanda sənədləri yoxlayırlar və biz Amerika torpağına qədəm qoyuruq...
“Açıq dünya” proqramının iştirakçılarını qazaxıstanlı Rustam Koralabayev qarşıladı. Yüklərimizi rahat arabalara yığıb aeroportun ərazisini tərk edəndə ətrafda qəribə bir sakitlik vardı. Sanki təyyarə və dəniz limanlarında, avtovağzallarda səs-küy salan taksi sürücüləri burada yox idilər. Rustamın təşkil etdiyi avtobus artıq bizi gözləyirdi. Vaşinqtonda əsl yay havası var idi. Temperatur müsbət 33 dərəcəni göstərirdi. Amerikalılar artıq yay mövsümünə uyğun geyinmişdilər. Avtobus aeroportdan şəhərə tərəf istiqamət götürdü. Vaşinqtonda ilk rastımıza çıxan qeyri-adilik yolboyu uzanan parkda ceyranların asudə gəzməsi idi. Elə bil bu təbiət gözəli olan heyvanların adına uyğun təbii iqlim yaradılmış və səliqəli yollar çəkilmişdi.
Rustam şəhər haqqında, bizi gözləyən xidmətlər haqqında məlumat verməyə başladı. ABŞ-da həyat çox rəngarəngdir. Bu haqda sonra...
(Ardı var)
Vaqif Alıyev,
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri