Əvvəli ötən sayımızda
   
   Mayın 5-i saat 16-da bizim üçün yer ayrımış “Embassu Suites” mehmanxanasına çatırıq. Mehmanxanada xidmətin səviyyəsi çox yüksəkdir. Hər yerdə insan əllərilə yaradılmış gözəlliyə heyran qalırsan. Həyətdəki hovuzda rəngli balıqlar üzür. Ləngimədən nömrələrimizin açarlarını alıb otaqlarımıza qalxırıq. Bir qədər istirahət etdikdən, yuyunub rahatlandıqdan sonra otaq yoldaşım - Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayevlə mehmanxananın foyesinə düşürük. Sonrakı günlərdə boş vaxtımızın az olacağını nəzərə alaraq axşamüstü şəhəri gəzməyə çıxırıq.
   Vaşinqton ilk baxışdan sakit şəhər təəssüratı bağışlayır. Maşınların siqnal səsi demək olar ki eşidilmir. Amerikanın digər şəhərlərindən fərqli olaraq, Vaşinqtonda çoxmərtəbəli binalar - «göydələnlər» yoxdur. Şəhərdə 30 metrdən hündür binanın tikintisi qadağandır. Amerika Konqresinin binası - ağ günbəzli Kapitolinin hündürlüyü məhz bu qədərdir. Odur ki, Vaşinqton şəhərində Amerika parlamentinin - Senat və Nümayəndələr Palatasının yerləşdiyi bu binadan hündür tikilinin inşasına yol verilmir.
   Vaşinqtonun köhnə - Corciya adlanan hissəsi olduğu kimi qorunub saxlanılıb. Şəhərin bu hissəsi XVIII əsrin sonlarında salınıb. Binaların əksəriyyəti qırmızı kərpicdəndir.
   Şəhərdə başqa ölkələrin avtomobil markaları da barmaqla sayılacaq qədər azdır. Öyrənirik ki, bu hal təkcə Vaşinqtonda belədir, ABŞ-ın digər böyük şəhərlərində yapon və Avropa avtomaşınları çoxdur.
   Ayaqlarımız yorulana qədər şəhəri gəzirik. Uzaqdan okean görünür. Yorulduğumuz üçün və gec olduğundan sahilə getmək həvəsindən vaz keçərək geri qayıdırıq. Bu gəzintidən xatirə olaraq fotoşəkillər çəkdiririk.
   Mehmanxanaya gəlib şam edir, sonra Vasif müəllimlə nömrəyə qayıdırıq. Nömrədə hər şey var: ütü, qəhvədan, 2 televizor və yüksək tələblərə cavab verən xidmətlər. Hər şey əvvəldən hazırlanıb.
   Sabah başlanacaq işgüzar görüşlər çərçivəsində ilk olaraq Konqresə gedəcəyik, konqresmenlərlə görüşəcək, Konqres kitabxanasına baş çəkəcəyik. Vasif müəllim çox yorğun olduğundan və təyyarədə qəbul etdiyi yuxu həbinin təsirindən erkən yuxuya gedir. Mən isə Konqres kitabxanasına hədiyyə edəcəyimiz kitabları və suvenirləri qaydaya salıram. Rəsmilərlə keçirəcəyimiz görüşlərdə verəcəyim sualları, müzakirə edəcəyimiz mövzuları beynimdə götür-qoy edir, sistemləşdirirəm. Bu arada Vasif müəllim yuxudan oyanır, saata baxır - saat 1-ə qalıb - deyərək yenidən yuxuya gedir.
   Mən isə yatmaq barədə hələ düşünmürəm, yol qeydlərimi qələmə alıram. Hiss edirəm ki, bu səfər zamanı yazmaq üçün çoxlu material var. Odur ki, bu yazıların yarımbaşlıqlarını gündəliyimə qeyd edir və geniş yazıları sonraya saxlayıram.
   
   * * *
   Səfər boyu Vaşinqtonu gəzib-görmək vaxtımız az olsa da, təəssüratım çox zəngindir. Şəhərin küçələrini gəzərkən bu ölkədə hər şeyin dəqiqliklə idarə olunduğunu dərhal hiss edirsən. Küçələrdə avtomobillərin hərəkəti elə də sıx deyil, səkilərdə maşın saxlamaq qadağandır. Odur ki, bütün maşınlar üç və daha çoxmərtəbəli avtomobil dayanacaqlarında saxlanılır. Bu xidmət pulludur. Xidmət haqları xüsusi avtomatlar vasitəsilə ödənilir. ABŞ-ın digər ştatlarında, hətta kiçik şəhərlərdə də bu xidmətə rast gəlmək olur.
   Vaşinqtonda, eləcə də Amerikada olduğumuz digər şəhərlərdə ətrafa diqqət yetirdikdə ilk baxışda adama elə gəlir ki, bu ölkədə heç kimin qayğısı, dərdi, problemi yoxdur. Barların, restoranların, mağazaların parıldayan reklamları göz qamaşdırır. Ticarət mərkəzlərində axşamüstü çox tünlük olur. Bunu həmin ticarət obyektlərinin qarşısındakı növbələr də göstərir.
   Vaşinqtonda qaradərili insanlara çox rast gəlmək olur. Sanki onlar bu şəhərin əhalisinin çoxunu təşkil edirlər. Baş çəkdiyimiz tarixi yerlərdə, küçə və meydanlarda də rast gəldiyimiz qaradərili insanlar çox şən görünürlər. Ümumiyyətlə, Amerika əhalisi çox gülərüz, mehriban görünür.
   Biz küçə ilə gedərkən yerli sakinlər əcnəbi olduğumuzu hiss edərək daha çox gülümsəyir və bizi salamlayırlar. Lakin lütfkarlıqla edilən bu hərəkətlərin qarşısında səmimiyyətin az olduğu da hiss olunur. Çünki gülüş daha çox zahiri bir əlamətdir. Təbiilikdən uzaq olan təbəssümlərdə bir şablonluq hiss olunur. Elə bil burada hamıya eyni cür gülümsəməyi tapşırıblar.
   Mərkəzi küçədə gedərkən qarşımıza bir küçə musiqiçisi çıxır. Əlində gitara tutmuş gənc musiqiçi küçədə kiçik səsucaldan qurğusunu quraşdırıb şövqlə oxuyur. Biz ona yaxınlaşarkən o daha şövqlə, daha ucadan oxumağa başlayır. Sanki barmaqları ilə tarıma çəkilmiş gitara simlərini qırmaq istəyir. Hiss edirik ki, yerli sakinlər üçün onun çıxışı cəlbedici deyil. Hamı onun yanından soyuqqanlıqla keçib gedir.
   Mina xanımla məni bu küçə musiqiçisinin yanında qoyulmuş lövhədəki yazının məzmunu maraqlandırır. Səfər yoldaşımız Şəhla xanım ingilis dilini mükəmməl bildiyindən yazını oxuyur və tərcümə edir. Lövhədə “yerli musiqiçiyə yardım edin” yazılıbmış. Bu lövhəyə, lövhənin yanında qoyulmuş balaca qaba nəzər salırıq. Qabda bir - iki dollar kağız pul və xırda dəmir pullar diqqətimizi cəlb edir.
   Yadıma Azərbaycan düşür. Sivil mədəniyyətlərin qovuşacağı olan ölkəmizdə mədəni dəyərlərə verilən yüksək qiymət, sənət adamlarına göstərilən qayğı haqqında düşünürəm. Dövlət səviyyəsində həyata keçirilən mədəni tədbirlərin hər birində mədəniyyətə sonsuz sevgi və qayğı vardır. Azərbaycanda hər bir sənət adamına böyük qiymət verilir.
   Bura isə Amerikadır. Bu da amerikalıların sənət adamına qiyməti. Bu amerikalı musiqiçinin pal-paltarı, döşəyi də yanındadır. Məlum olur ki, o elə küçədəcə gecələyir, yaşamağa evi - eşiyi yoxdur. Biz də ani marağımızı boğub həmin musiqiçinin yanından ötüb keçirik.
   Bu ərazidə küçədə oturub dilənən insanlara da təsadüf edirik. Görkəmcə sağlam insan təsiri bağışlayan bu dilənçilərin hamısı qaradərili sakinlərdir.
   Onlardan bəzilərinin əllərində yazılı plakatlar da görünür. Bu adamlardan çoxu elə küçədəcə yatır. Öyrənirik ki, bu adamlar evi - eşiyi olmayanlardır və onların küçələrdə, park və xiyabanlarda yatması elə də qəbahət hesab edilmir. Hətta şəhərin müxtəlif yerlərində onların yataq əşyaları hesab olunan döşəklərin bükülüb üst-üstə yığıldığı da nəzərə çarpır. Küçədə yatanların sayı çoxdur. Əlbəttə bu bizim ilk baxışdan təəssüratımız idi.
   Mağazalarda çox bahalıqdır. Ərzaq da, sənaye malları da yüksək qiymətə satılır. Əksəriyyət mallar, o cümlədən ərzaq Amerika istehsalıdır.
   Malların qiymətləri Azərbaycanla müqayisəyəgəlməz dərəcədə yüksəkdir. Maraq xatirinə təbii sabunlar reklamı yazılmış bir mağazaya daxil oluruq. Yeddi nəfərin içəri girdiyini görən satıcılardan biri bayaq təsvir etdiyim şablon gülüşlə bizi qarşılayır. Gülə-gülə danışır. Şəhla xanım onun dükanda olan malları təriflədiyini və bütün malların təbii şəkildə istehsal olunması barədə məlumat verdiyini söyləyir.
   Qiymətlərə baxırıq. Bütün sabun qalaqlarının üstündə qiymət yazılıb. Qiymətlər doqquz dollardan başlayır. Burada hətta 52 dollara da sabun var. Təəccüb bizi bürüyür. Bir təəccüblü hal da odur ki, mağazada sabunlar açıq şəkildədir. Amma satılanda xüsusi selafon qablara qoyulur, çox yüksək zövqlə qablaşdırılır.
   
   (Ardı var)
   
   Vaqif Alıyev,
   Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri