(Əvvəli ötən sayımızda)
6 may 2010-cu il
Səhər erkən qalxdıq. Vaşinqtonda bizi çox gərgin iş günü gözləyirdi.
Odur ki, saat 9-un yarısında artıq hamı ABŞ-ın hökumət binası hesab olunan Mədison binasında idi. Mədisona çox ciddi polis yoxlamasından keçməklə buraxıldıq. 11 sentyabr (2001) terror hadisələrindən sonra Amerikada bütün inzibati binalara ciddi polis nəzarətindən keçməklə daxil olmaq olar. Binada qrupumuzu qarşılayan xanım bizi iclas salonuna apardı. Salonda Azərbaycandan gələn bütün qruplar - mədəniyyətə baxış, kitabxanaçılar, hüquqşünaslar, media və icma mərkəzləri qruplarının hər biri üçün ayrıca yer ayrılmışdı. Hər qrupda beş nəfər iştirakçı, bir nəfər müşayiətçi var idi.
Salonda Dünya Liderlik Mərkəzinin direktoru Con O"Kiflə, Amerika Kitabxanalar Assosiasiyasının prezidenti Roberta Stivinslə, Konqres Kitabxanasının direktoru Con Kolla, Qlobal Təhsil Çözümləri Amerika Şurasının məsləhətçisi Karl Herrinlə, Amerika Milli İncəsənət Fondunun beynəlxalq fəaliyyətlər üzrə direktoru Pennie Ojeda ilə və bir sıra başqa rəsmilərlə görüşdük. Hər bir görüş çox yüksək işgüzarlıq şəraitində keçirdi.
Konqres Kitabxanasının direktoru bildirdi ki, kitabxana XIX əsrin əvvəlində təşkil edilib. Üç böyük binası var. Ən böyük bina prezident Tomas Ceferson, ikinci bina prezident Con Adams tərəfindən tikilib. Üçüncü bina isə «Mərsən binası» (Mərsən də ABŞ prezidenti olub) adlanır. O, adları çəkilən hər üç şəxsin həm də çox məşhur kitab kolleksiyaçıları olduğunu bildirdi.
Konqres Kitabxanasında 140 milyon kitab, əlyazma, disklər, xəritələr, qəzetlər və digər tarixi sənədlər saxlanılır. Kitabxananın 3 min nəfər işçisi var. Fondda bədii kitabların sayı 30 milyon nüsxə təşkil edir.
C.Koll qeyd etdi ki, amerikalılar kitab oxumağı çox sevirlər. Onun sözlərinə görə, indi internet dövrü olsa da, amerikalılar elektron nəşrlərə deyil, məhz kitablara üstünlük verirlər. Kitabxanada 16 şöbə fəaliyyət göstərir. Keçən ildən 16 yaşdan aşağı olan uşaqlar üçün də şöbə fəaliyyətə başlayıb. Koll peşəkar kitabxanaçı olduğunu və bu sahəyə 40 il əvvəl gəldiyini bildirdi. O, ABŞ-da kitabxana sahəsi üzrə ən yaxşı mütəxəssis hesab olunur. Həm də ABŞ-ın kitabxana tarixini yazan yeganə alimdir. Koll son illərdə ABŞ-da mütaliə mədəniyyətini formalaşdırmaq, savadsızlığı ləğv etmək (ABŞ əhalisi arasında savadsızlıq faizi çox yüksəkdir - V.A.) istiqamətində mühüm tədbirlər həyata keçirildiyini söylədi.
O, ABŞ-da keçirilən kitab bayramlarından, kitab festivallarından danışdı. Qeyd etdi ki, ilk kitab festivalı 2001-ci il sentyabrın 8-də, müdhiş 11 sentyabr hadisələrindən cəmi üç gün əvvəl keçirilib.
Kitab bayramlarını və festivallarını imkanlı şəxslər - bizenesmenlər, ticarətçilər öz şəxsi vəsaitləri hesabına maliyyələşdirirlər. Bu il ABŞ-da 10-cu kitab bayramı keçiriləcək. Con Kollun fikrincə, bu tədbirlərin keçirilməsində məqsəd kitab oxumağın əhəmiyyətli olduğunu hamıya izah etməkdir. ABŞ qanunlarına əsasən, kitab nəşrlərini maliyyələşdirən şəxslər vergidən azad olunurlar. ABŞ-da insanlara yazmağı və oxumağı öyrədən 18 könüllü təşkilat fəaliyyət göstərir. Bu ölkədə vahid təhsil və mədəniyyət nazirlikləri yoxdur. Təhsil və mədəniyyət sahələri dövlət tərəfindən idarə olunmur, bu sahələr sərbəstdir.
Hər bir ştatın isə təhsil və incəsənət təşkilatları var. Bu təşkilatları ştatın özü maliyyələşdirir. Ştatlarda da büdcədən ayrılan vəsait çox cüzidir. Əsas vəsait könüllü şəxslər və kilsələr tərəfindən yönəldilir. ABŞ-da büdcə vəsaitləri əhalinin sayına görə bölünür. Dövlət büdcəsinin 50%-i ştatlara ayrılır. Yerdə qalan hissə isə dövlətin nəzarətindədir.
Rəsmilər içərisində ən çox maraqlandığımız şəxslərdən biri də Konqres Kitabxanasının Yaxın Şərq bölməsinin rəhbəri Kristofer M.Morfi idi. Cənab Kristofer zala daxil olan kimi Lətifə xanım onu işgüzar söhbətə çəkdi. Məlum oldu ki, bütün Asiya qitəsi ölkələri adı çəkilən bölməyə aiddir. Bədnam qonşularımız da bu bölmədə təmsil olunurlar.
Biz özümüzlə gətirdiyimiz Azərbaycana dair ingilis dilində kitabları Kristoferin vasitəsilə Konqres Kitabxanasına bağışladıq. O, söz verdi ki, bu materialları bölmədə ayrıca yerləşdirəcək və qayda üzrə qeydə aldıracaq.
Konqres Kitabxanasının üç böyük binasının yalnız birindən Senat və Konqres üzvləri istifadə edə bilərlər. Burada ən qiymətli əsərlər, tarixi sənədlər, xəritələr və s. qorunub saxlanır.
Görüş başa çatan kimi biz Hökumət binasını tərk edib Konqres Kitabxanasının əsas binasına - Tomas Ceferson binasına yollandıq. Binaya gələnlərin əksəriyyəti yerli və xarici turistlər idi. Gün ərzində təxminən yüz mindən çox turist bu kitab məbədini ziyarət edir. Burada hərəkət sərbəstdir. Binanın tavanındakı yağlı boyalarla təsvir olunan rəsmlər çox yüksək səviyyədə işləndiyindən hamı bu hündür sütunlu binaya heyranlıqla tamaşa edir.
Konqres Kitabxanasının 1-ci əsas binası adlanan bu kitabxanada XIV - XVI əsrlərə aid dünya xəritəsi nümayiş etdirilir. Bu xəritədə Armenia və Qeorqiya (Gürcüstan) ayrıca ərazilər kimi verilib. Azərbaycanın yerləşdiyi ərazi isə Tattariya adlı böyük bir ərazinin daxilində təsvir edilmişdi. Xəritə elektron şəkildə böyüdülüb, kiçildilə bilir. Odur ki, biz bu xəritənin qarşısında xeyli müzakirələr apardıq. Xəritə 1516-cı ilə aid idi. Hiss etdik ki, kitabxana nəzarətçisi də xəritə müəlliflərinə haqq qazandırmaq istəyir. Odur ki, kitabxana işçisinə bu xəritənin gerçəyi əks etdirmədiyi barədə izahat verməli olduq.
Konqres Kitabxanasında ABŞ prezidenti Tomas Cefersonun şəxsi kitabxanası da saxlanır. Bu kitabxananı Ceferson ömrünün son illərində Konqres Kitabxanasına 24 min dollara satıb və həmin pulla özünün şəxsi borclarını ödəyib. T.Cefersonun şəxsi kitabxanasının fondunda 6 min nüsxə kitab olub. O, kitabxananı satarkən bir kitab tacirinə qiymət kəsmək üçün müraciət edibmiş. Tacir də kitabxanaya qeyd etdiyimiz qiyməti qoyub.
Konqres Kitabxanası tarixindəki yanğınlarda bu şəxsi kitabxananın da bir hissəsi yanaraq külə dönüb. Ceferson kitabxanası ən çox ziyanı 1851-ci ildə baş vermiş ikinci yanğın zamanı çəkib, həmin yanğında kitabxananın üçdə iki hissəsi yanıb.
Lakin ABŞ Konqresi mərhum prezidentin kitablarının yeni nüsxələrini tapıb yenidən fondu bərpa etməyə çalışıb. İndiyə qədər də bu fonddakı kitabların bəzilərinin nadir nüsxələri tapılmadığından həmin kitabların yeri boşdur. Odur ki, tapılıb bərpa edilməyən kitabların yerinə ağ rəngli boş kitab şəkilli qutular düzülüb. Fondda ilkin variantlı kitablar qırmızı xətlə, əvəzinə başqa nüsxəsi alınıb qoyulmuş kitablar isə qızılı xətlərlə işarələnib. Xətlər kitabların cildinin arxa hissəsində görünən yerdə çəkilib. Bu fond bütün turistlər üçün maraqlı idi.
Kitabxana ilə tanışlıq nə qədər maraqlı olsa da, bizi daha bir görüş gözləyirdi. ABŞ Konqresinin üzvü olan bir xanımla görüşməli idik. Digər qruplara artıq bildirmişdilər ki, onların heç birini konqresmenlər qəbul etməyəcək.
Bizi müşayiət edən Rüstəm Koralabayev isə söz vermişdi ki, mütləq bizi Şimali Karolina ştatını təmsil edən Konqres üzvü ilə görüşdürəcək. Təyin olunmuş vaxtdan beş dəqiqə əvvəl görüş yerinə gəldik.
Konqresin binasında hər ştatı təmsil edən konqresmenin ayrıca katibliyi var. Əslində bu bir rəsmi idarədir. Hər ştatın katibliyinin qapısında ABŞ-ın dövlət bayrağı və həmin ştatın öz bayrağı asılıb. Biz ilk olaraq bu bayraqların fonunda xatirə şəkilləri çəkdirdik.
Şimali Karolina ştatını təmsil edən konqresmen bizim nümayəndə heyətini təsdiq olunmuş qayda üzrə qəbul etdi. 60-65 yaşında olan bu xanımın üzündəki ifadədə arxayınçılıq hiss olunurdu. Lakin amerikalılara xas şəkildə gülümsəməyi var idi. Bu ölkədə hamı gülür, özü də eyni cür. Bu barədə sonra.
(Ardı var)
Vaqif Alıyev,
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri