Bağçılıq təsərrüfatı qədim zamanlardan Şərq ölkələrində - Misirdə, Babilistanda geniş yayılıb. Şumerlər eramızdan 4 min il əvvəl bağçılıqla məşğul olublar. İnsanlar bağçılıqla yanaşı, bitkilərdən də müxtəlif möcüzələr yaratmaq istəyiblər. Dünyanın 7 möcüzəsindən biri sayılan Babil (Semiramida) asma bağları insan əməyinin məhsulu idi.
   
   Azərbaycanda da bağçılıq qədimdən təşəkkül tapıb. Qədim mis və saxsı qabların, xalçaların üzərindəki gül-çiçək təsvirləri həm də insanların bitkilərə, onların əkilib-becərilməsinə marağının göstəricisi idi. XVII əsrdə türk səyyahı Evliya Çələbi Şamaxıda çoxlu bağ və bağçaların olduğunu qeyd edirdi. O zamanlar Azərbaycanda qızıl güldən gül-qənd, gülab, gül mürəbbəsi hazırlanırdı. XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycanda varlı şəxslər Yaxın Şərqdən, eləcə də Avropa ölkələrindən qızılgül, qərənfil, nərgiz və s. bitki növlərini gətirərək öz bağçalarında əkib-becərirdilər.
   1934-cü ildə Bakıda Nəbatat bağının təşkili respublikamızda bağçılığın elmi əsaslar üzrə inkişafına təkan verdi. Dağüstü parkdan (indiki Şəhidlər xiyabanı) başlayan və «Qurd qapısı»na gedən yol arasında 80-100 hektar ərazini əhatə edən bu bağda təbiətdə mövcud olan ən nadir bitkilər cəmləşib.
   
   İstirahət üçün əsrarəngiz məkan
   
   Nəbatat bağının üç giriş qapısı var. Hər üç giriş gözəl məkana açılır. Yolboyu uzanan yaşıl ağaclarla əhatə olunmuş xiyabanlar, rəngarəng çiçəklərlə dolu cığırlar göz oxşayır. Gəzinti zamanı burada ən çox diqqəti cəlb edən mənzərələrdən biri bağın mərkəzində bitən nəhəng palmadır. Hazırda Nəbatat bağında 600 növdə və formada ağac və kol bitkisi var. Bunlar Qafqaz, o cümlədən Azərbaycan florasından, eləcə də Şərqi Asiya, Aralıq dənizi hövzəsi, Şimali Amerika və dünyanın digər rayonlarının florasındandır. Elə nadir bitki növləri var ki, onlara respublika ərazisində yalnız Nəbatat bağında rast gəlmək olar. Onlardan Livan sidrini, Avropa ağ şamını, ikidilimli kinqonu, çiyələk ağacını, müxtəlif növ sərv, yemişan, dovşanalması, iydə və s. göstərmək olar.
   Bağın əsas qapısından içəri daxil olduqda qarşıda, eləcə də sağ və sola ayrılan xiyabanlarda gözəl çətirə malik, hündür, həmişəyaşıl sərv ağacları görünür. Sol tərəfə dönən kimi iri bir ağac gözə dəyir. Bu, kağız ağacıdır. Yol kənarında badam ağacları, irəli getdikcə yolun sağ və sol tərəflərində piramidal qovaq, ispan nazı və başqa ağaclara rast gəlmək olar. Bağın baxımlı yerlərindən biri də 0,6 hektar ərazidə salınmış qızılgül kolleksiyasıdır.
   1960-1980-cı illər Nəbatat bağının çiçəklənən dövrü olub. Təəssüf ki, sonrakı illərdə bağ baxımsız vəziyyətdə qalıb. Nəticədə 100-ə yaxın bitki növü olub, bitki kolleksiyaları dağıdılıb. 90-cı illərin sonundan etibarən Nəbatat bağına yenidən diqqət-qayğı artıb. İndi bu məkan Bakı sakinlərinin, eləcə də paytaxtımızda yaşayan əcnəbilərin sevimli istirahət yeridir. Bağın direktoru Oruc İbadlı deyir ki, Bakıda fəaliyyət göstərən bütün səfirlik işçiləri öz uşaqlarını bağda gəzdirirlər. Onlar hətta bu gəzinti üçün uşaqlarına dayə tutublar. Bağ şənbə və bazar günləri işləməsə də, bəzi hallarda əcnəbilərin xahişi ilə bu qaydanı pozmalı olurlar. Çünki əcnəbilər həmin günlərdə bağda uşaqları ilə birlikdə gəzməyi çox sevirlər.
   
   Nəbatat bağında elmi-tədqiqat işləri aparılır
   
   Oruc İbadlının sözlərinə görə, dünyada əhalinin artımı ilə təbii ərazilər insanlar tərəfindən mənimsənilir və bunun nəticəsində də hər il yüzlərlə bitki növü sıradan çıxır: «Bu baxımdan paytaxtımızda belə bir bağın olması çox vacibdir. Hazırda Nəbatat bağında nadir və nəsli kəsilməkdə olan endem və relikt dendro flora növləri var. Onların öyrənilməsi olduqca əhəmiyyətlidir. Bununla yanaşı, dünyanın müxtəlif ərazilərinə yayılmış və Azərbaycan şəraiti üçün perspektivli olan növlərin intraduksiyası üzərində elmi-tədqiqat işləri aparılır. Bunlar ölkəmizin biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayıb».
   Bağda 3 laboratoriya, 2 yaradıcı qrup fəaliyyət göstərir və 23 elmi işçi çalışır. Son dövrdə 5 hektar sahədə 10 minə qədər ağac əkilib. Uzun müddət fəaliyyət göstərən inzibati binada əsaslı təmir işləri aparılıb, bağ ərazisindəki 9 su hovuzu bərpa olunub. Direktorun sözlərinə görə, Nəbatat bağı dünyanın 100-dən çox ölkəsi ilə toxum mübadiləsi edir: «Xaricdən bitkiləri ancaq toxum vasitəsilə alırıq. Biz də öz floramızda olan qiymətli bitkilərdən onlara veririk».
   
   Mehparə