Qonşu ölkədə keçirilən Azərbaycan Mədəniyyəti Günləri bu əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə oldu
   
    Sentyabrın 25-dən 30-dək İran İslam Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti Günləri bu ilin ən yaddaqalan mədəniyyət hadisələrindən biri kimi tarixə düşdü.
   Ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə idi ki, İranda Azərbaycan Mədəniyyəti Günləri keçirilirdi. Tədbirin yüksək səviyyədə təşkil olunması iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin, Azərbaycan və İran rəhbərliyinin qarşılıqlı tərəfdaşlığa və mehriban qonşuluğa verdikləri önəmin bariz təzahürüdür. Bu əlamətdar hadisə, eyni zamanda, iki ölkə arasında qədim mədəniyyət körpüsünün daha da möhkəmlənməsi, iki ölkənin mədəniyyət mübadiləsinin yeni müstəviyə qədəm qoyması deməkdir...
   İrandakı Azərbaycan Mədəniyyəti Günlərində ölkəmiz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Ağəli İbrahimov, şairlər Taleh Həmid, Adil Cəmil, sənətçilərimiz, mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupu iştirak edirdi.
   
   26-27 sentyabr. Yaddaqalan görüşlər
   
   Sentyabrın 26-da Tehranda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni və İran Prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının sədri Həmid Bəqayi ilə görüşdü. Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən mədəniyyət və turizm naziri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarının qonşu və qardaş İran xalqına çatdırılmasını M.Hüseynidən xahiş etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İranda ilk dəfə Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini diqqətə çatdıran nazir buna görə İran tərəfinə təşəkkürünü bildirdi və qarşılıqlı mədəni tədbirlərin əhəmiyyətindən danışdı. Mədəniyyət Günlərinin Tehran və Təbriz şəhərlərində keçiriləcəyini diqqətə çatdıran nazir əmin olduğunu bildirdi ki, növbəti belə mərasimlərin İranın digər şəhərlərində - Ərdəbildə, İsfahanda da təşkil olunmasına şərait yaradılacaq. Nazir vurğuladı ki, qarşılıqlı mədəni tədbirlər əsrlər boyu birgə yaşamış xalqlarımızın daha sürətlə bir-birinə yaxınlaşması prosesinə böyük töhfə olacaq.
   H.Bəqayi ilə görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi, hər il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki illə müqayisədə təxminən on faiz artdığı bildirildi.
   Görüşlərdə kino istehsalı, kino kadrlarının hazırlanması, kitab və rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin əsərlərinin Azərbaycan və fars dillərinə qarşılıqlı tərcüməsi və digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı. 
   Sentyabrın 27-də nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti İran Prezidentinin müşaviri, Mədəni və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ilə görüşdü. Görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Qeyd olundu ki, bu sahələrdə əlaqələrin daha sürətlə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və onlardan yetərincə istifadə edilməlidir.
   Görüşdə İranla Azərbaycan arasında 2013-cü ilə qədər mövcud olan mədəni əməkdaşlıq haqqında protokolun icrası ilə əlaqədar xüsusi işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. 2010-cu ildə İranda keçirilmiş “Fəcr” Beynəlxalq Kino və Teatr Festivallarında Azərbaycan tərəfin fəal iştirak etdiyi vurğulandı. Xalqlarımızın ortaq bayramı olan Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi irs siyahısına daxil edilməsi əlamətdar hadisə kimi qeyd olundu.
   
   27 sentyabr, Tehran,
   “Niyavəran” Sarayı.  Bu da bir tarixdir

   
   Sentyabrın 27-də Tehrandakı “Niyavəran” Mədəniyyət Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi oldu. Mərasimdə Azərbaycan və İran rəsmiləri, səfirlər, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edərək bildirdi ki, belə mərasimlərin qarşılıqlı təşkili Azərbaycan və İran xalqları arasında mövcud olan tarixi kökləri daha da möhkəmləndirir. Müştərək tarixə, mədəniyyətə və dini bağlılığa malik olan Azərbaycan və İran xalqlarının hazırkı münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir qeyd etdi ki, dövlətlərimiz arasında qarşılıqlı etimadın yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Bu mehriban qonşuluq və səmimi dostluq siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və İran prezidentləri arasındakı səmimi dostluq iki ölkənin əlaqələrinin hərtərəfli inkişafına zəmin yaradır.
   Nazir çıxışında bildirdi ki, Azərbaycan xalqının görkəmli şəxsiyyətləri öz yaradıcılıqları ilə zaman-zaman dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr veriblər və bu gün də dekorativ-tətbiqi, miniatür, rəngkarlıq, memarlıq və heykəltəraşlıq kimi sənət sahələrində bu ənənələr mövcuddur.
   Nazir görüşdə xüsusi olaraq nəzərə çatdırdı ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, torpaqlarımızın işğalı nəticəsində qədim abidələrimiz, memarlıq nümunələri qəsbkarlar tərəfindən məqsədli şəkildə məhv edilir, qəbiristanlıqlar dağıdılır, məscidlər və ibadətgahlar təhqirlərə məruz qalır. Qeyd olundu ki, Ermənistanın bu siyasəti Azərbaycan və İran xalqlarının tarixinə və mədəniyyətinə qarşı təhqirdir.
   Mərasimdə çıxış edən İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni və İran prezidentinin müşaviri, Mədəni və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ölkələrimiz arasında mədəni əlaqələrin tarixindən və bugünündən danışaraq qeyd etdilər ki, mədəni münasibətlərin inkişafı xalqlarımızın qədim və müasir mədəniyyətinin, dövlətlərimizin qüdrətinin nümayişidir.
   Rəsmi hissədən sonra incəsənət ustalarımız geniş və rəngarəng konsert proqramı ilə çıxış etdilər. Milli musiqimizin gözəlliyi, təkrarsızlığı və ecazkarlığı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə vokalçılar - əməkdar artistlər Samir Cəfərov və Anar Şuşalı klassik musiqi əsərlərimizdən nümunələr ifa etdilər. Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramovun ifasında muğamlarımız səsləndi. “Qarabağ şikəstəsi” zalda xüsusi canlanma yaratdı və tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı.
   Musiqiçilərimizi əməkdar artistlər- udda Mircavad Cəfərov, tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət etdilər.
   Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu "Toy", “İgidlər” və “Çobanlar” rəqslərini yüksək peşəkarlıq və ustalıqla nümayiş etdirərək qədim və bitkin kompozisiyalı Azərbaycan rəqslərinin incəliyini bir daha nəzərə çatdırdılar. Aşıq Nemət Qasımovun ifa etdiyi qədim saz havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   Bir sözlə, Azərbaycan musiqisi, incəsənəti və mədəniyyəti, dünyanın hər yerində olduğu kimi, bu konsert proqramında da öz sözünü dedi.
   Sonra mərasim iştirakçıları “Niyavəran” sarayının salonlarında təşkil olunan kitab, rəsm və turizm sərgilərinə tamaşa etdilər.
   
   28 sentyabr, Təbriz.
   “Qarabağ şikəstəsi” zalı ayağa qaldırdı

   
   Sentyabrın 28-də Mədəniyyət Günlərinin iştirakçısı olan bir qrup sənətçi Təbriz şəhərinə gəldilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi ilə görüşdü.
   Görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edildi, bu məsələdə iki ölkənin sərhəd bölgələrinin imkanlarına dair fikir mübadiləsi aparıldı.
   Əlirza Beygi vurğuladı ki, İran dövləti Azərbaycanı dost və qardaş ölkə hesab edir: “Bizim xalqlarımızın xüsusiyyəti və davranışları eynidir, demək olar ki fərqli xüsusiyyətlərə malik deyilik. Bunun üçün də Azərbaycan ilə əməkdaşlıq bizim üçün zəruridir”.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər iki ölkənin xalqlarının mədəni və tarixi əlaqələrinin doğma və dərin olduğunu bildirdi: “Hər iki ölkənin şairləri həm Azərbaycan dilində, həm də fars dilində şeirlər yazıblar”.
   Azərbaycan Mədəniyyəti Günləri Təbrizdə də konsert proqramı ilə müşayiət olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də tamaşaçılar arasında idilər. Konsert şairlər Taleh Həmid və Adil Cəmilin dostluğu, məhəbbəti tərənnüm edən şeirləri ilə başladı. Aşıq Nemət Qasımovun sazda ifası, əməkdar artistlər- Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramovun birlikdə oxuduqları “Qarabağ şikəstəsi” ayaq üstə alqışlandır. Bu, Azərbaycan musiqisinə, mədəniyyətinə verilən ən böyük dəyər idi.
   
   29 sentyabr, Tehran.
   Gülə qərq olmuş səhnə

   
   İranda Azərbaycan Mədəniyyəti Günləri sentyabrın 29-da Tehranda təşkil edilmiş zəngin konsert proqramı ilə yekunlaşdı. Tədbirdə əvvəlcə Elçin Musaoğlunun “Qırxıncı qapı” filmi nümayiş olundu.
   Sonra şairlər Taleh Həmid və Adil Cəmil öz yaradıcılıqlarından nümunələr söylədilər. Dövlət Kamera Orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, M.Mirzəyevin əsərlərini ifa etdi. Orkestrin müşayiəti ilə əməkdar artistlər Samir Cəfərov və Anar Şuşalı Ü.Hacıbəylinin və T.Quliyevin mahnılarını xüsusi peşəkarlıqla ifa etdilər. Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artist Təyyar Bayramovun ifasında səslənən muğamlarımız tamaşaçıların xüsusi coşqusuna səbəb oldu.
   Konsert bəstəkar Rauf Hacıyevin böyük şairimiz Səməd Vurğunun sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısı ilə yekunlaşdı. Tamaşaçılar bu mahnını ayaq üstə musiqi kollektivi ilə birlikdə oxudular.
   Səhnə çiçəklərə qərq oldu. Tamaşaçılar səhnəni çiçək dəstələrinə, gül çələnglərinə qərq etdilər.
   İranda Azərbaycan Mədəniyyəti Günləri başa çatdı. İki ölkə arasında mədəniyyət körpüsü daha da möhkəmləndi. Əminik ki, mədəniyyət körpüsündən keçib bir-birimizin qapısını daha tez-tez döyəcəyik...
   
   İntiqam Hümbətov,
   “Mədəniyyət” qəzetinin baş redaktoru
   Bakı-Tehran-Təbriz-Tehran-Bakı