Burada hər kəs Xocalı arzusundadır. Şagirdlər kimi, məktəbin də “gözləri yol çəkir”, yurd həsrətinin bitəcəyini gözləyir.
   
   Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi. Dəniz sahili. Sovet dövründən qalma istirahət bazasında köhnə binalardan biri... Qapıdan içəri girirəm. Musiqi sədaları ətrafa yayılır. Otaqlardan birində “Qarabağ şikəstəsi” səslənir, onunla qonşu otaqdan isə qarmon səsi gəlir. Bura Xocalı Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbidir. Bu məktəbdən reportaj hazırlamalıyam. Məktəblə tanış olmazdan öncə qarışıq bir təəssürat içindəyəm. Bircə onu bilirəm ki, əslində mən bu reportaj üçün Xocalıya getməli idim. Amma o şəhər artıq yoxdur. 19 il öncə erməni cəlladları onu yer üzündən siliblər... 
   
   
   16 yaşlı məktəb
   
   Xocalının ermənilər tərəfindən işğalından, şəhərdə törədilən dəhşətli qırğından sonra sağ qalmış əhalinin bir qismi sonradan Bakıda, Sabunçu rayonunun Pirşağı qəsəbəsindədəki istirahət bazasının və “Qızılqum” sanatoriyasının binalarında məskunlaşıb. Xocalıların kompakt məskunlaşdığı bu ərazidə uşaq və yeniyetmələrin musiqi təhsili ala bilməsi üçün 1995-ci ildə Xocalı şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi yaradılıb.
   16 ildir fəaliyyət göstərən məktəbdə hazırda 146 uşaq təhsil alır. Tar, kamança, qarmon, fortepiano, xanəndəlik üzrə musiqi dərslərini 25 müəllim tədris edir. Fortepiano üzrə təhsil 7 illik, digər musiqi ixtisasları isə 5 illikdir. Hər il 25-30 yeniyetmə musiqi məktəbinə qəbul olunur və bir o qədər uşaq da məzun olur. Musiqi məktəbinin binası köhnə, vəziyyəti o qədər də ürəkaçan olmasa da, burada dərslər müntəzəm olaraq keçirilir, uşaqlar həvəslə dərslərə gəlir, sənətin ilk sirlərini öyrənirlər.
   Məktəb barədə bizə məlumat verən direktor İmran Mirzəyev burada istedadlı uşaqların yetişdiyini bildirir: “Qarabağ torpağının yetirmələri sənətə həmişə böyük maraq göstəriblər. Bu gün də valideynlərin hər biri maraqlıdır ki, övladları yaxşı musiqi təhsili alsınlar. Musiqi uşaqların tərbiyəsi üçün, şəxsiyyət kimi formalaşması üçün onların tərbiyəsində mühüm rol oynayır. Məktəbdə əsasən Xocalıdan olan uşaqlar təhsil alır. Şagirdlər sənətin sirlərini çox böyük həvəslə öyrənirlər”.
   
   Məktəbdə ixtisaslı kadrlar çalışır
   
   İmran Mirzəyev deyir ki, musiqi məktəbinin fəaliyyətə başladığı ilk illərdə çətinlikləri çox olub. Tədricən bir çox problemlər aradan qalxıb. Bu gün musiqi məktəbi köhnə binada fəaliyyət göstərsə də, musiqi alətləri, lazımi inventarla təmin olunub: “Son illər Heydər Əliyev Fondu tərəfindən bizə müxtəlif musiqi alətləri hədiyyə verilib. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də bizə lazımi köməkliklər göstərilir. Əlavə nə lazım olsa, nazirliyə, rayon mədəniyyət və turizm şöbəsinə müraciət edirik”.
   Məktəbin fəaliyyətinin ilk illərində kadr sahəsində də müəyyən çatışmazlıqlar olub. Hazırda burada ixtisaslı müəllimlər dərs deyir. Eyni zamanda məktəbin fəaliyyətinə gənc kadrlar da cəlb olunur.
   Son illərdə məktəbin 4 məzunu Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra müəllim kimi doğma musiqi məktəbində əmək fəaliyyətinə başlayıblar.
   Nicat Həsənov, Ülvi Mehdiyev xanəndəlik, Anar Əliyev tar, Aysel Əliyeva isə fortepiano ixtisası üzrə dərs deyirlər. Məktəbin şagirdləri müxtəlif müsabiqələrdə, festivallarda iştirak edərək diplom və mükafatlara layiq görülüblər.
   
   Dörd sinif otağı və sonsuz arzular
   
   Hazırda məktəbin problemlərindən biri sinif otaqlarının sayının az olmasıdır. Burada bütün dərslər dörd sinif otağında aparılır. Akt zalının olması isə konsertlərin keçirilməsinə imkan verir. Xocalı sakinlərinin ərazidə kompakt yaşaması nəzərə alınaraq həftənin bazar günləri əlavə proqram kimi musiqi dərsləri tədris olunur. Musiqi ədəbiyyatı, musiqi nəzəriyyəsi fənləri də təcrübəli müəllimlər tərəfindən keçirilir. Məktəbin xanəndəlik sinfinin müəllimi Rəna Xudiyeva burada təhsil alan şagirdlərin istedadından ağızdolusu danışır: “Məktəbimizdə çox istedadlı uşaqlarımız var. Onlar respublika əhəmiyyətli tədbirlərdə uğurlar əldə ediblər. 1995-ci ildən burada dərs deyirəm. İnanırıq ki, torpaqlarımız işğaldan azad olunandan sonra ermənilərin yerlə-yeksan etdikləri Xocalı şəhəri yenidən qurulacaq, bu torpağın yetirmələri öz yurdlarına dönəcəklər. Hələliksə mövcud çətinliklərə baxmayaraq Xocalı uşaqlarının təhsili, o cümlədən musiqi təhsili üçün səylərimizi əsirgəmirik, gənc istedadların üzə çıxarılmasına çalışırıq”.
   Məktəbin şagirdi Arzu Məmmədova Azərbaycanda keçirilən müxtəlif müsabiqələrdə fərqlənib. 2009-cu ildə Türkiyədə, 2010-cu ildə isə İtaliyada keçirilən festivalda iştirak edib. Bu il məktəbin məzunu olacaq. Musiqi təhsilini dava etdirmək, tanınmış xanəndə olub, Qarabağ musiqisini dünyaya tanıtmaq niyyətindədir. Mirnizami Həsənli tar, Nərmin Hüseynli isə fortepiano ixtisası üzrə 1-ci sinifdə təhsil alırlar. Uşaq dili ilə arzularından danışır, Xocalıda musiqi təhsillərini davam etdirmək istədiklərini deyirlər. Günel Orucova artıq 3 ildir fortepiano ilə məşğul olur. Rüfət Şirinovsa müəllim olmaq istəyir. Özünü böyük səhnələrdə görür. Fuad Şükürlü qardaşı ilə birgə xanəndəlik sinfində təhsil alırlar. Ataları onları bu sənətə həvəsləndirib. Şagirdlərlə söhbət etdikcə, onların musiqiyə necə maraq göstərdiyini görüb, ifaları ilə tanış olduqca fəxr etməyə bilmirsən...
   Məktəb direktoru İmran Mirzəyev Bakıdakı G.Şaroyev adına 35 nömrəli Uşaq Musiqi Məktəbi, Xoreoqrafiya Məktəbi ilə sıx əlaqələri olduğunu deyir: “Biz tədbirlər planına uyğun olaraq musiqi məktəbində bütün əlamətdar günləri qeyd edirik. Xocalı faciəsinin ildönümü ərəfəsində müxtəlif ünvanlarda tədbirlər keçirir, müxtəlif proqramlarla çıxış edirik. Qarşılıqlı konsert proqramı ilə dəfələrlə çıxış etmişik”.
   Sonda İmran müəllim hər kəsin arzusunu dilə gətirir: “İndi hamımızın arzusu odur ki, torpaqlarımız işğaldan azad edilsin. Dövlətimiz də buna çalışır. İnşallah, müvəqqəti işğal altında olan bütün torpaqlarımız, o cümlədən Xocalı alınar, burada təhsil alan uşaqlar, yeniyetmələr, müəllimlər doğma torpaqlarında fəaliyyət göstərərlər”.
   
   * * *
   ...Məktəbdən zəngin təəssüratla ayrılıram. Bir daha əmin oluram ki, məktəbin yetirmələri Xocalıdan, doğma yurdlarından uzaqda olsalar da, o torpağın sənət, musiqi ənənələrini yaşatmaq əzmindədirlər. Burada hər kəs Xocalı arzusundadır. Sanki uşaqlar kimi, məktəbin də “gözləri yol çəkir”. Bəzən mənə elə gəldi ki, burda ifa olunan əsərlər də Xocalıda səslənməsini istəyir. Sakinlərin Xocalı arzusu kimi... Xocalı musiqi məktəbindən növbəti yazını Xocalıdan hazırlamaq arzusu ilə...
   
   Ceyhun Zərbəliyev