Xilədən Əmircana
“Bakı kəndləri” silsiləsindən növbəti yazını hazırlamaq üçün Azərbaycan mədəniyyətinə bir çox görkəmli insanlar bəxş etmiş, maraqlı tarixə, zəngin abidələrə malik Əmircan kəndinə baş çəkdik. Burada bizi qarşılayan tarixçi-alim, Bakı Dövlət Universitetinin dosenti Aydın Musayev öncə kəndin tarixi ilə bağlı məlumat verdi.
Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli “Şirvanşahlar dövləti” kitabında bu barədə yazır: “On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş tayfalar kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyillər. Arxeoloji tapıntılar bu ərazidə daha qədim zamanlarda skif tayfalarının yaşadığını göstərir”.
Xilə-Əmircanın məşhur yetirmələrindən olan böyük tarixçi Abbasqulu ağa Bakıxanov \"Gülüstani-İrəm\" əsərində doğma kəndinin adını \"Əmir Hacan\" yazıb. Bəzi tədqiqatçılar bu fikrə istinadən Məkkə (Həcc) ziyarətinə gedən zəvvarların başçılarının \"Əmir hac\" (hacıların əmiri, başçısı) adlandırıldığını nəzərə çatdıraraq kəndin adının da buradan götürüldüyünü qeyd edir. Onu da qeyd edək ki, vaxtilə Bakıya gələn karvan yolu Əmircandan keçib. Ərəb xilafəti zamanı Xilə kəndinin sahibi, böyük mülkədar Əmir Nizaməddin Bakıda çox məşhur və hörmətli şəxs olub.
Sara Aşurbəyli öz kitabında qeyd edir ki, Xilə Bakı kəndləri arasında yeganə ərəb mənşəlli kənddir. Eyni zamanda müəllif bildirir ki, e.ə VII əsrdə skif tayfaları bura köç edərkən artıq bu ərazilərdə (indiki Əmircan kəndi) yaşayış olub. Arxeoloji qazıntılar zamanı həmin yerdən tapılmış eramızdan əvvəl V əsrə aid kişi büstü kəndin qədimliyini deməyə əsas verir.
Qədim abidələr
Kəndlə tanışlıq zamanı burada bir çox abidələr qədimliyi, möhtəşəmliyi ilə diqqətimizi çəkdi. Tarixin səhifələrindən süzülən, əsrlərin sınağından keçən abidələr həm də turizm baxımdan böyük əhəmiyyət kəsb edir. Belə ki, XIV əsrdə tikilmiş “Nizaməddin” məscidi (1329-1330) fərqli quruluşuna və qədimliyinə görə seçilir. Məscid müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündəki kitabədə ərəbcə yazılıb: “Bu məscidi Əmir Nizaməddin - “Əmir hac” tikdirib”. Görkəmli yazıçı və diplomat Abbasqulu ağa Bakıxanov və onun atası, babası Əmircanda Nizaməddin mülkündə yaşayıblar. Məscidin ətrafında kəndin bir neçə qədim nəslinə malik evlər indi də qalmaqdadır. Nizaməddin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır. Məscid quruluşuna görə fərqlənir. “Nizaməddin” məscidi digər məscidlər kimi günçıxan tərəfə yox, üzü günbatana tərəf tikilib. Kənd ağsaqqallarının dediyinə görə, əvvəllər tikili ipək yolu üzərində yerləşdiyi üçün karvanlar burada gəlib dincələrdilər. Burada aparılan arxeoloji qazıntılar zamanı insan sümükləri, yeraltı keçidlər tapılıb.
Murtuza Muxtarovun 1901-ci ildə tikdirdiyi və quruluşuna görə Təzə Pir məscidini xatırladan Qoşa minarə məscidi isə hündür minarələri ilə diqqəti çəkir. 1908-ci ildə istifadəyə verilmiş məscid kənd camaatının M.Muxtarova xahişi əsasında tikilib. Məscid memar Zivər bəy Əhmədbəyovun İstanbul layihəsi əsasında inşa edilib. M.Muxtarovun qəbri də bu məscidin həyətindədir.
Minarələrdən görünən kəndin mənzərəsi bir başqa aləmdir. Buradan Əmircan kəndini sanki ovcunun içində hiss edirsən. Nizamlı inşa edilmiş məscid kompleksi insanı heyrətə gətirir. Bələdçimizin dediyinə görə, bura hər il müxtəlif ölkələrdən turistlər gəlir və abidələrlə yaxından tanış olurlar.
Qədimliyinə görə seçilən digər tarixi abidələrdən biri də XIV əsrə məxsus “Əmirhac” türbəsidir. “Uşaq piri” də adlandırılan bu yerdə üç qəbir var. Türbənin kitabəsi qalmadığı üçün haqqında dəqiq məlumat yoxdur. İnsanların inanc yerinə çevrilmiş “Əmirhac” türbəsinə bu gün də bir çoxları xəstə uşaqlarına şəfa tapmaq üçün üz tuturlar.
Qeyd edək ki, Bakının məşhur neft milyonçularından Şəmsi Əsədullayev və Murtuza Muxtarov Əmircan kəndində doğulub. Şəmsi Əsədullayevin bu kənddə tikdirdiyi və unikallığına görə seçilən məscid 1936-cı ildə dağıdılıb. Hazırda məscidin qalıqları tarixi abidə kimi qorunub saxlanılır.
Əmircan kəndi Bakı kəndləri arasında əhali və ərazisinin genişliyinə görə ön sıralardadır. Bu səbəbdən hər nəslin öz məscidi, hamamı olub. Belə məscidlərdən biri də Binyətdilər (Bunyadlılar) məscididir. Bu məscid 1904-cü ildə kəndin zəngin sakinlərindən olan Bünyət tərəfindən tikilib və məscid onların nəslinin adı ilə adlandırılıb. Bu məscid də mədəniyyət abidəsi kimi qorunur.
Əmircan kəndində XV-XVI əsrə aid tağ evlər bu gün də qalmaqdadır. Qonaq olduğumuz belə evlərdən birində bu qədimliyin şahidi olduq. Evin divarında qab və kasaların qoyulması üçün rəf və taxçalar var. Evin bir küncündə suyaçimən deyilən yer var ki, orada çimmək üçün nəzərdə tutulur. Tikili elə inşa edilib ki, yayın ən qızmar istilərində belə sərin olur.
Ağsaqqalların dediyinə görə, kənddə 18 qəbiristanlıq olub. 1932-ci ildə sökülərək qazıntılar aparılmış qəbiristanlığın üst qatlarında İslama qədərki dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki skelet aşkarlanıb. Bütün bunlar Əmircanda bizim eradan çox-çox əvvəldən yaşayış olduğunu deməyə əsas verir.
Qeyd edək ki, vaxtilə Əmircan ərazisində neft quyuları qazılarkən çox dərin qatlarda heyvan sümükləri tapılıb. Burada şir, ayı, kərgədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət heyvan qalıqları aşkar edilib. Bu ərazidə vaxtilə göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir. Əmircanda bu gün də Şor adlanan böyük göl var. Göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor gölü ərazisində ağ və göy gilabı çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabdan paltar, palaz, xalça yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib.
Məşhur simaları
Əmircan kəndi hər zaman ziyalılar kəndi kimi tanınıb. Kənddə hər bir ailənin ali təhsilli üzvü var. Kənddə rəssam, yazıçı, şair, həkim, bəstəkar və başqa sənət sahibləri olub. Tarixçi, şair Abbasqulu ağa Bakıxanov, böyük rəssam Səttar Bəhlulzadə, məşhur satirik şair, teatr xadimi Səməd Mənsur, tanınmış şair Tofiq Bayram Əmircan kəndinin yetirmələridir. A.Bakıxanov 1794-cü ildə Əmircan kəndində anadan olub, səkkiz yaşınadək burada yaşayıb, sonra Qubaya köçüb.
Kəndə təkcə Əmircanın deyil, bütün Azərbaycanın fəxri olan görkəmli fırça ustası Səttar Bəhlulzadənin ev-muzeyi də var. Lakin muzey təmirə bağlandığı üçün rəssamın evi ilə yaxından tanış ola bilmədik.
Məşhur satirik şair Səməd Mənsurun (Səməd Hacı Əhməd oğlu Kazımov) xatirəsi də ədəbiləşdirilib. Prezident İlham Əliyevin 27 avqust 2008-ci il tarixli sərəncamı ilə Səməd Mənsurun yaşadığı binaya (Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 15) xatirə lövhəsi vurulub.
Mədəniyyət evinin fəaliyyəti
Əmircan Mədəniyyət evinin metodisti Namiq Həkimov və bədii rəhbər Cavid Məlikov burada müntəzəm tədbirlərin keçirildiyini deyirlər: “İlin ilk yarısında 13 tədbir keçirmişik. İlin sonunadək planda daha 15 tədbir var. Sentyabr ayında yeni kurslarımız açılacaq. Mədəniyyət evində özfəaliyyət dərnəyimiz fəaliyyət göstərir. Hazırda Səməd Mənsurun “Dərviş” pyesinin məşqlərinə başlamışıq”.
Saf havası, insanları və ən əsası, tarixi və qədimliyi ilə seçilən bu kənddən zəngin təəssüratla ayrıldıq. Tarixi ilə hər kəsi özünə cəlb edən abidələri, nağıllardakı evləri xatırladan balaca “tağ evlər”i hələ yaddaşımızda çox qalacaq.
Yeganə Cansail