Və ona həsr edilən silsilə tədbir-simfoniyalarımız
   
   Bu dəfə dağlar Xızısı və bağlar Şabranında.
   Amma hər dəfə olduğu kimi - Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun təşkilatçılığı ilə.
   Özü də bütün dəfələrdə xalq və onun sənətkarlarının çıxış-alqış duallığında, səhnə-salon tandemində...
   
   ...Ötən dəfələr avtomobil karvanlarında ucqar regionların uzun yollarını yaxınlaşdıran “söhbət körpüləri” əsasən nazirliyin Regionlarla iş sektorunun rəsmiləri - Pərviz İsgəndərli, Oqtay Muxtarov və “ustad” səlahiyyətli xalq artistləri - Canəli Əkbərov, Cəmilə Bayramova, Ramiz Novruzov tərəfindən salınırdısa, bu kərə bu mənəvi “inşaat”da “...və başqaları” da fəal iştirak edirdilər. Hətta sükan arxasında olarkən verilən sualların belə yanından sükutla şütüyən Talıb kişi də yolüstü nəfəsdərmə obyektlərinin birində sənət-səhnə bilicilərinin stolüstü söhbətlər mizanına atüstü bir sürücü-həyatbilici düzəni verdi. Bu avto-sarban sənətkarların “müstəqillik-milli aqillik”, “xalq-qalx”, “rəhbərlik-səfərbərlik”, “siyasət naxışları - sənət alqışları” kimi alletrativ kəlmə-kəlamlarına qoşuldu. Oqtay müəllimə xitabən söylədi ki, yəqin, həm müstəqilliyimizə, həm özlərinə bu qədər alqışlar qazanan qaymaqlarımızın ev-eşiklərində də onları sağ-salamat aparıb-gətirənlərə alqışlar edilir...
   
   Gözləntilər...
   
   Bəli, bu səfərin də məqsəd-məramı, ithaf-qutlamı hər iki tərəfə bəlli; bu anlar yol gedən sazlı-sözlü qonaqlara da, onları səmimi baxışlar, alovlu alqışlarla qarşılayası ev yiyələrinə də. Amma bu, heç də doqmatik eyniyyətə, patetik trafaretə dəlalət etmir. Məsələn, Regionlarla iş sektoru - iki-üç nəfər istisna edilməklə, bu dəfə də sənətçilər siyahısına yeni isimlər əlavə edib. Deməli, ümummilli bayram-tədbirimizin budəfəki aparıcılığını başqa bir Xalq artistimiz - Tariyel Qasımov edəcək. Budəfəki salonlarda gülüş tufanını Əməkdar artistimiz Naibə Allahverdiyeva qoparacaq. Elə budəfəki ev yiyələri də yeniliklərlə ləbaləb; gedib görəcəkmişik ki, ümummilli məsələlərdə Cəfər dramatizmli, Müşfiq lirizmli Xızıda hamı ayaqda. Mədəniyyət evinin qarşısında - Müşfiq leksikonu ilə söyləsək, öylə bir kalabalık ki, iynə atsan yerə düşməz, ciknə çəksən göyə qalxmaz.
   Burada - Mədəniyyət evinin geniş, gözoxşar meydanında çox müasir qayda, sivil etiket, mədəni-ticari mizan-düzəndə yarmarka təşkil edilib. Hər kəndin adı yazılmış piştaxta-stollar üstündə özlərinə məxsus meyvə-tərəvəz, bostan, bal-balqabaqdan tutmuş qatıq-qaymağa qədər - “hər nə istəsən” məhsulları düzülüb. İnsanların sir-sifətləri bu məhsulları yetirən təbiətin bahar mövsümü; müstəqilliyimizin peşinə, qonaqların gəlişinə çiçəklənən təbəssümlər, təcəssümlər. Rayon İcra Hakimiyyətinin işçilərilə ictimaiyyət nümayəndələrini bir-birindən ayırd etmək müşkül. İcra başçısı Vaqif Abdullayevin səmimi söhbətlərində bu tədbirin “əzəl mübtədası”na - müstəqillik yubileyimizə dərin ehtiram, gözəl qonaqlarına özəl hörmət-izzət. Dünənki milli teatr problemimizin - “səhnə və qadın” düyününün çözüm banisi Cəfər Cabbarlının bugünkü yurdunda - mədəni-kütləvi ocaqlardan tutmuş ictimai-siyasi sahələrə qədər - qadınlardan ibarət mobil bir ordu!
   Mədəniyyət və Turizm Nazirliyinin layihə-təşəbbüsü, Regionlarla iş sektorunun təşkilatçılığı ilə düzənlənən bu tədbirlərin yerlərdə layiqincə mizanlanması işləri də böyük məsuliyyət hissi, vətəndaşlıq duyğusu tələb edir. Milli bayram ovqatımıza xələl gətirməmək üçün onların bu məsuliyyətdən xaliləri haqda yox, haliləri barədə danışmaq halətində olmaqla deyim ki, Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbov əvvəldən-axıra cərəyan edən bütün təşkilati-hərəki nüansların fərqində oldu.
   Və nəhayət, təyin olunmuş vaxtda - saat 13.30-da başlayan bu möhtəşəm tədbir-konsertdə bir-birini əvəzləyən çox təbii -
   
   Çıxış-alqış duetləri...

   
   Xalq artisti Tariyel Qasımov səhnəyə çıxar-çıxmaz, alqışlar qopur. Müstəqilliyimizin iyirmi ilinin hər ictimai-siyasi, sənət-mədəniyyət ilməsinə dair dediyi kəlmələr, ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın bu böyük, müasir, azad Vətən mülkinə yeni-yeni bəxşişləri haqda söylədiyi fikirlər salonun sürəkli alqışlarına qərq olur. Bu yığcam girişlə bir növ, tədbiri açıq elan edən aparıcı sözünə qüvvət olaraq Xalq artisti Canəli Əkbərovu səhnəyə dəvət edir. Böyük sənətkar ondan gözəl ifalar gözləyən salon əhlinə hələlik xoş sözlər çatdırmaq istədiyini bildirir, aparıcının müasir ölkə növrağının yaradıcıları haqda söylədiyi sözləri konkret faktlarla şaxələndirir, görüşdən öncə ötəri də olsa gəzib-gördüyü Xızı şəhərinin səliqə-sahmanı, yar-yaraşığı, vüqarlı insanlarının nurlu çöhrələri haqda müxtəsər bir “reportaj” təqdim edir.
   Sonra söz yalnız “sazlı qonaqlara” verilir. Adları və üslub ladları ilə digər ifaçılara nisbətdə yenilər - Nəzakət Məmmədova “Azərbaycanım”ı, “Azəri-star”dan tanınan Şahnaz Əliyeva “Yarim-yarim”iylə tamaşaçıları müasirlik ovqatı üstdə kökləyirlər. Getdikləri, oxuduqları məclis-mərəkələrdən alqış qönçələri qazanan Zakir Əliyev, Rövşən Əziz, rəğbət-məhəbbət xonçaları tutan Nişanə Baxışova, “vokal Leyli-Məcnun” adıyla çağırılan Şəms və Səməd dueti bu səfərdə də alovlu alqışlarla qarşılandılar. Öz ailəsində rişə ata bilməyib özgə sevgilərin qapı-pəncərəsinə mıx, öz halallarının gün-güzəran problemlərində zəfər çalmaq əvəzinə, “aşıq eldən yuxarı - dizi beldən yuxarı” haramların qarasına fit çalanlara islahedici səhnəcik təqdim edən istedadlı aktrisamız Naibə Allahverdiyeva hər iki mədəniyyət evinə toplaşanlara o ki var, əl çaldırdı. “Xızı dağları” ansamblı qonaqların çağlar sənət bulağına qaynar çeşmə kimi qovuşdu. Həqiqət Ağayeva və başqaları bir-birindən gözəl mahnılar ifa etdilər, hər məhəlli toy-bayramlarda qarşılarında çıxış etdikləri həmyerlilərilə ümummilli bayram sevinclərini də bölüşdülər.
   Xalq artisti Cəmilə Bayramova bu dəfə də milli rəqssevərlərimizə incəlik, zəriflik, həzinlik çalarlarından ibarət xoşbəxtlik anları yaşatdı. Turac kimi süzə-süzə, kəklik təki səkə-səkə klassik şairlərin, dədə aşıqların huş-guş təşbehlərinin təcəllasına çevrildi. Gurultulu alqış sahibləri isə sübut etdilər ki, onlar “sözsüz sənət” dillərinə də yaxşı bələddirlər.
   Bu da möcüzəli səs, möhtəşəm avaz... Ulu Şəhriyarın əziz-ləziz “Gözəllərin axıra qalmışıydı” misrasından çıxış etsək, “çıxış edir - klassik səs qaymaqlarının axıra qalmışlarından biri - Canəli Əkbərov!”
   Bu adın sədasına leysanlanan alqışlar susunca, öncə tar, ardınca kaman, sonca ilahi “aman-aman”larla xanəndə dil açır...
   Onun öz fikir-xəyalı qafiyə-qafiyə baş alıb gedən hikmətli misraların mehrində, tamaşaçıların duyğu-uyğuları isə o sözləri bəzəyib-gözəyən zəngulələrin sehrində...
   Məqamlar olur ki, gah səhnədəki avaz pıçıltısından qulaq tutulur, gah salondakı alqış təlatümündən...
   ...Beləcə, oktyabrın 7-də hər iki rayon mərkəzinin mədəniyyət evlərində edilən hər çıxışdan, oynanılan hər səhnəcikdən, səslənən hər alqışdan müstəqilliyimizə sevgi notları süzüldü. Yanğılanıb-yaxılan hər muğam parçasından özüm-özgürlük, yurdum-yuvamlıq, həyati-bayatilik şəhdlənib-şəkərləndi. Oğlun igid-intellekt, qızın gözəl və sivil, mədəniyyətin zəngin və yetkin, siyasətin müdrik və bitkin, gedən naxşı, gələn yaxşı və nəinki təkcə ölməyə, gəzməyə də “Vətən yaxşı!” nidaları dalğalandı...
   Və mən xeyli nəqli təsir bağışlayası bu təəssüratlarımı Regionlarla iş sektorunun müdiri P.İsgəndərli, aparıcı məsləhətçisi O.Muxtarovdan alacağım eksklüziv müsahibə ilə informativləşdirmək amacında ikən, onlardan: “Ayın 12-də İsmayıllı səfərimizi də başa vurandan sonra söhbətləşərik” cavabını aldım.
   
   Tahir Abbaslı