Bakı Dövlət Universitetində yaradılan muzeylər buna bariz misaldır
   
   Muzeylər tarixin səhifələrini özündə yaşadan, mədəni irsi hifz edib bu günlərə və gələcək nəsillərə çatdıran maddi-mənəvi xəzinələr olmaqla yanaşı, həm də elm, maarif müəssisələridir. Təsadüfi deyil ki, ölkəmizin bir sıra elm və təhsil ocaqlarında müxtəlif muzey guşələri fəaliyyət göstərir. Bu yazıda Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin muzeylərindən danışacağıq.
   
   Universitetin keçmişi və bu günü
   
   Bakı Dövlət Universitetinin tarixi muzeyi əsas korpusun 3-cü mərtəbəsində yerləşir. 1980-ci ildən fəaliyyətə başlayan muzeyin ekspozisiyalarında 93 yaşlı universitetin keçdiyi yol, adları bu qocaman elm və təhsil ocağı ilə bağlı olan görkəmli ictimai-siyasi xadimlər, alimlər haqqında sənədlər, foto və video materiallar yer alıb. Dəyərli eksponatlar arasında 1919-cu ildə qurulan Bakı Dövlət Universitetinin ilk nizamnaməsi, xeyli sayda nadir hədiyyələr və tarixi sənədləri görmək olar.
   Tanınmış dövlət və elm xadimləri tərəfindən BDU-ya təqdim edilən hədiyyələr də burada nümayiş olunur. Eksponatlar arasında qızıl heykəl diqqətimizi cəlb edir. Öyrənirik ki, heykəl biologiya fakültəsinin “Bitki fiziologiyası” kafedrasının müdiri Nemət Qasımova Böyük Britaniyanın Kembric Universitetindən, onun adının dünyanın tanınmış 2000 adamı siyahısına düşməsi münasibətilə verilib.
   
   Dünya şöhrətli məzun
   
   Heydər Əliyev Muzeyində universitetin dünya şöhrətli məzununun, xalqımızın ümummilli liderinin həyat və fəaliyyəti, eləcə də buradakı təhsil illəri barədə tarixi sənədlər və materiallar toplanıb. Muzeyin direktoru Zəkiyyə Kərimova deyir ki, bu sənədlər universitetdə oxuyan hər bir tələbə üçün örnəkdir. Dahi rəhbərin tələbəlik illərini əks etdirən guşədə diplomunun surəti, aldığı qiymətlər göstərilir.
   1997-ci ildən fəaliyyət göstərən muzeydə 80-dək eksponat yer alıb. “BDU intibah illərində”, “BDU-nun 80 illik yubileyi” guşələrində dahi öndərin universitetin əlamətdar günlərində bu ali təhsil ocağında olması, açılış mərasimlərində iştirakı ilə bağlı maraqlı fotolar var. Muzeyə gələnlər buradan dərin təəssüratla ayrılırlar.
   
   Təkamül təlimi muzeyi
   
   BDU-nun biologiya fakültəsinin ilk məzunlarından sayılan professor, Əməkdar elm xadimi Mirəli Axundov 1937-ci ildə respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmişdir. Tanınmış alim eyni zamanda respublikamızda yeganə olan təkamül təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Cənubi Qafqazda yeganə olan bu muzey nağılvari heyvanat aləmini də xatırladır. Heyvan müqəvvaları Azərbaycan faunasının zənginliyindən xəbər verir. Burada hətta uzaq Antarktidadan gətirilən pinqvin müqəvvası var. Muzeydə şüşə qablarda müxtəlif embrionların inkişaf mərhələlərini əks etdirən eksponatlar saxlanılır.
   
   Velosipedi yenidən kəşf edin
   
   Velosiped idman muzeyi 40 ilə yaxındır fəaliyyət göstərir. Onun yaradıcısı pedaqoji elmlər namizədi, idman ustası Ələddin Hacıağa oğlu Şabanovdur. Ələddin müəllim velosiped yarışlarında dünya, Avropa çempionatlarında, velomarafonlarda 50-dən artıq ölkədə Azərbaycanı təmsil edib. 1997-ci ildə “Ekoloji təmizlik uğrunda mübarizə” adlı marafonda Avropanın 27 ölkəsini, 144 şəhərini 6 ay müddətində qət edərək Vatikanda Roma papası II İohann Pavel tərəfindən mükafatlandırılıb.
   Universitetin qonaqları muzeyə böyük maraq göstərirlər. Muzeyin xatirə kitabında dünya və olimpiya çempionlarının, bir çox şəxsiyyətlərin ürək sözləri yer alıb. Ekspozisiyalar hər il yeni materiallarla zənginləşir.
   
   Faydalı qazıntılar muzeyi
   
   BDU-nun geologiya-coğrafiya fakültəsi yarandığı vaxtdan (1943) burada tanınmış alim Mirəli Qaşqayın böyük fədakarlığı sayəsində faydalı qazıntılar muzeyi təşkil edilib. İlk dövrlərdə 500-ə yaxın eksponatı olan bu muzeydə nümunələrin sayı 6000-i keçib.
   Muzeyin başlıca vəzifəsi ölkəmizdə indiyədək kəşf edilmiş yataqlardan əyani, elmi və mineraloji material toplamaq, Azərbaycan geologiya elminin nailiyyətlərini geniş yaymaqdır. Universitet tələbələrinin geologiya ixtisaslarına dərindən yiyələnməsi üçün muzeydə mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir.
   
   Arxeologiya və etnoqrafiya tariximizdən
   
   1976-cı ildə yaradılan arxeologiya və etnoqrafiya muzeyi Azərbaycanın zəngin maddi və mədəniyyət abidələrini təbliği və onlardan əyani tədris vəsaiti kimi istifadə məqsədi daşıyır. Muzeydə Azərbaycanın tarixi və etnoqrafiyası ilə bağlı zəngin çox əhəmiyyətli bir xəzinə toplanılıb. Bunların əsasında arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin ayrı-ayrı bölmələrdən ibarət ekspozisiyası yaradılıb.
   
   Ceyhun Zərbəliyev