(Əvvəli qəzetin ötən saylarında)

TÜRKSOY-un və Türkiyə Baş naziri yanında İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğunun təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan türk respublikalarının media mənsubları Kapadokya proqramının başa çatmasından sonra, fevralın 26-da İstanbula yola düşdülər. Fevralın 27-də İstanbulda ilk görüşümüz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) katibliyində gerçəkləşdi. Qurumun baş katibi Ramil Həsənov Qırğızıstanda rəsmi səfərdə olduğu üçün heyəti onun müavini Abzal Saparbekuly qəbul etdi. O, qurum yaranmasının tarixi barədə məlumat verdi. Bildirdi ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra meydana gələn müstəqil türk respublikalarının ilk əməkdaşlıq formatı 1992-ci ildə türkdilli ölkə başçılarının zirvə görüşü ilə başladı: “1993-cü ildə sizləri hazırda bir araya gətirən türk dünyasının beynəlxalq mədəniyyət təşkilatı - TÜRKSOY quruldu. 2006-cı ildə türkdilli ölkə başçılarının Antalya zirvə görüşündə bu formatda verilən qərarları gerçəkləşdirəcək daha sistemli mexanizm qurulması qərara alındı. 2009-cu ildə isə Azərbaycanın Naxçıvan şəhərində Türk Şurasının yaradılması haqqında sənəd imzalandı və Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təsis etdiyi qurum 2010-cu ildən fəaliyyətə başladı, İstanbulda katiblik açıldı. Qurumun katibliyinə növbə ilə üzv ölkələrin təmsilçiləri rəhbərlik edirlər”.
Sonra o, 2015-ci ildə Qazaxıstanda baş tutacaq türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü ilə bağlı media və informasiya texnologiyaları istiqamətində katiblik tərəfindən atılan addımlar haqqında məlumat verdi, şuraya daxil olan qurumların gördüyü işlərdən bəhs etdi. Astanada fəaliyyət göstərən Türk Akademiyasının fəaliyyətindən danışdı, ortaq tariximizin yazılmasını türk dünyasının uğuru kimi səciyyələndirdi. Qeyd olundu ki, Türk Şurasının gələcək planlarından biri də ortaq türk telekanalının yaradılmasıdır. Bu, elm və təhsil verilişləri yayımlayan kanal olacaq. Bakıda yaradılması nəzərdə tutulan TÜRKSOY-un Miras Fondundan da bəhs edən qurum təmsilçisi bu layihənin yaxın zamanlarda reallaşacağını diqqətə çatdırdı. Sonra Türk Şurasının tanıtım filmi nümayiş olundu, media nümayəndələrinin sualları cavablandırıldı.

Türk dünyasını arxivləşdirən məkan

Növbəti görüşümüz Dövlət Arxivləri Baş Direktorluğunda oldu. Qurumun müdir müavini Mustafa Budaq gördükləri işlərdən bəhs edərək bildirdi ki, bu, dünyada ilk sırada dayanan arxivlərdən biridir: “Osmanlı imperiyası üç qitədə qərar tutan, uzun tarixi olan bir dövlət olub. Bir çox dövlətlərlə əlaqələr qurulub, yazışmalar aparılıb. Arxivimizdə 36 milyon sənəd var”.
Həmsöhbətimiz qurumun arxiv bərpası ilə bağlı layihəsindən də söz açdı. Qeyd etdi ki, orta əsrlərdə türk dünyası dövlət başçıları arasında məktublaşmalar oxunaraq həm müasir türk dilinə tərcümə edilir, həm də bərpa olunur: “Əlyazmalar ərəb əlifbası ilə yazılmış Osmanlı türkcəsindədir. Bir sıra arxiv sənədləri kitab halına salınıb. Bu sırada Nadir şah Əfşarla Osmanlı sultanı III Mahmud arasında məktublaşmalar da tərcümə edilərək kitab halında çap edilib. Balkan müharibələri, I Dünya müharibəsi ilə bağlı kitablar da hazırlanaraq çap olunub: “Layihələrin gerçəkləşdirilməsində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrlə əməkdaşlıq edirik. Eyni zamanda türkdilli ölkələrin tarixçiləri buraya gələrək öz araşdırmalarında arxiv sənədlərindən istifadə edirlər. Bu günə qədər 160 arxivin 60-ı artıq elektronlaşdırılıb. Bundan başqa, 2014-cü ildə tətbiq edilən yeni texnologiya əsasında xeyli sənəd bərpa edilib və elektron daşıyıcılara köçürülüb. Bu istiqamətdə işlərimiz davam edir”.
Media nümayəndələrinin sualları cavablandırıldı, sonra heyət muzey və araşdırma salonlarına dəvət olundu. Olduqca maraqlı memarlı üslubunda tikilmiş bina pilləkənlər deyil, aşağıya doğru enişlərdən ibarətdir. Muzeyin ən maraqlı və diqqətçəkən bölümü əlyazmaların bərpa olunduğu hissəsidir. Qurumun böyük kitabxanası da fəaliyyət göstərir. Həmin gün media mənsubları Türk Dünyası Bələdiyyələr Birliyində (TDBB) də maraqlı görüş keçirdilər. Qurumun baş katibi Fahri Solak media nümayəndələrinə TDBB-nin fəaliyyəti və layihələri haqqında ətraflı məlumat verdi, türkdilli ölkələrin bələdiyyələrinin əməkdaşlığının vacibliyindən bəhs etdi.

İstanbulun fəthinin şahidi

Növbəti səfərimiz isə “Panorama 1453” tarixi muzeyinə idi. Yəqin ki, bu məşhur tarixi rəqəmin mahiyyətini çoxları bilir. Bəli, İstanbulun (Konstantinopol) Osmanlı sultanı II Mehmet tərəfindən fəthi. Üst qatında qeyri-adi tablo qurulan bu muzey həmin möhtəşəm günə həsr edilib. İçəri daxil olan kimi bizi elə sultanın “özü” - əzəmətli mum heykəli qarşıladı. Bu mənzərədən təsirlənən media nümayəndələrinin hər biri heykəllə xatirə şəkli çəkdirirdi. Muzeyin yuxarı mərtəbəsinə qalxdıqda isə gözlərinə inana bilmirsən. Özünü bir anda sanki döyüş səhnələrinin içində hiss edirsən, bu tarixi fəthin necə baş verməsinə şahidlik edirsən. Döyüş meydanındakı səs-küy, atların şahə qalxması, onların ayaq səsləri, qalxanların toqquşması, səslənən qələbə marşı, böyük özünümüdafiə qalaları, səngərlər, top-tüfənglər...
Bu gün dünyada belə panorama muzeylərin sayı cəmi 30-dur. Bildirildiyinə görə, belə muzeylər əsasən tarixi hadisələri və ya mühüm döyüşləri əks etdirir ki, bu sırada Vaterloo döyüşü, Krım müharibəsi, Napoleonun Moskvaya daxil olması və s. daxildir. “Panorama 1453”ü onlardan fərqləndirən burada həm vertikal, həm də horizontal parametrlərdən istifadədir.
3D formatda çəkilən bu rəsmlər insanı 562 il əvvələ aparır. Elə muzeyin qurulmasının da əsas səbəbi bu əfsanəvi döyüşdəki əfsanəvi qəhrəmanlığı yaşatmaqdır. Belə hesab olunur ki, o zaman Konstantinopolun fəthində təkcə döyüşçülər deyil, həm də texniki, mühəndislik fenomenliyi mühüm rol oynamışdı. Bununla yanaşı, II Sultan Mehmet dövrünün ən müasir ordusuna rəhbərlik etməklə bu qələbəyə nail ola bilmişdi. “Panorama 1453” muzeyi audio və 3D vizual effektlərini tətbiq etməklə Türkiyənin müasir mərhələdə muzey işi sahəsində nail olduğu yeniliyi də nümayiş etdirir.

Faydalı görüşlər, fikir mübadiləsi və dostluqlar

Media nümayəndələrinin İstanbulda sonuncu görüşü “Panorama 1453” muzeyi layihəsinin müəllifi, “Türkmedia” qrupunun rəhbəri Çingiz Özdemirin yeni qurduğu “360” televiziya kanalında baş tutdu. Onu da qeyd edim ki, Çingiz bəy də bu il TÜRKSOY mükafatına layiq görülüb. Söhbət əsnasında bəlli oldu ki, o, Atatürkün Samsundan Qurtuluş savaşına başlamasını əks etdirən “Panorama 1919” layihəsini həyata keçirməyə hazırlaşır. Bu günə qədər Türkiyənin məşhur qəzetlərinin köşə yazarı olan və eyni zamanda bir sıra televiziyalarda çalışan Ç.Özdemir, türk dünyası media mənsublarına yeni qurduğu telekanal haqqında məlumat verdi. Görüş maraqlı fikir mübadiləsi ilə başa çatdı.
Beləcə, TÜRKSOY-un bir araya gətirdiyi türk dünyası media təmsilçilərinin Türkiyə Baş naziri yanında İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğunun dəstəyi ilə gerçəkləşən, Ankara, Kapadokya və İstanbulu əhatə edən səfər proqramı bizə faydalı görüşlər, zəngin məlumatlar, qarşılıqlı fikir mübadiləsi və dostluqlar qazandırdı. Son olaraq hər iki quruma minnətdarlığımı bildirirəm.

Mehparə Sultanova,
Bakı-Ankara-İstanbul-Bakı