Ölkədə rəssamlıq sənətinin təbliği və inkişafında özəl qalereyaların üzərinə böyük işlər düşür. Bəs onların fəaliyyəti nə səviyyədədir, hansı layihələr həyata keçirirlər? Bu və başqa suallarla paytaxtdakı iki məkana baş çəkdik.
İlk özəl rəsm qalereyası
“Abşeron” rəsm qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov bildirir ki, bu sənət məkanı ölkəmizdə yaranan ilk özəl rəsm qalereyasıdır. Qalereya Abşeron boyakarlıq məktəbi nümayəndələrinin (Qorxmaz Əfəndiyev, Mircavad, Kamal Əhməd, Əlövsət Əliyev və s.) xatirəsinə ehtiram olaraq belə adlandırılıb: “1997-ci ilin yayında fəaliyyətə başlamışıq. Həmin ilin payızında isə ilk tədbirimizi - natürmort sərgisini təşkil etdik. 22 rəssamın 29 işini sərgilədik, tablo və rəsmlərin yarısı satıldı”.
“Abşeron” qalereyası indiyədək iki yüzdən artıq sərgi keçirib. Bunlara tematik sərgiləri, mərhum rəssamların xatirəsinə həsr olunmuş sərgiləri, 20 Yanvar və Xocalı faciələrinə, vətənpərvərlik mövzularına həsr olunmuş sərgiləri, müxtəlif rəssamların fərdi sərgilərini və s. misal göstərə bilərik.
Qalereyanın uğurlu işlərindən biri “Avropa şairləri və Azərbaycan rəssamları” layihəsi olub. Sərgidə rəssamlarımızın Avropa şairlərinin şeirlərinə həsr etdikləri tablolar yer almışdı. Sonrakı illərdə keçirilən uğurlu konseptual sərgilərdən biri isə “Neft və nağıllar səltənətində” sərgisi olub.
E.İbrahimov: “Abşeron boyakarlıq məktəbinə mənsub olan rəssamların sərgilərini də keçirmişik. Məsələn, Kamal Əhmədin qrafika və rəngkarlıq sərgilərini, Əlövsət Əliyevin, Həmzə Abdullayevin fərdi sərgilərini təşkil etmiş, kataloqlarını hazırlamışıq”.
Qalereya uşaqların rəssamlığa həvəsinin artırılması yönündə də işlər görür. İndiyə kimi qalereyada çoxlu uşaq sərgi və müsabiqələri keçirilib, qaliblərin işləri beynəlxalq müsabiqələrə göndərilib. E.İbrahimov “Azərbaycanın gənc rəssamları” adlı iki kitabın da müəllifidir. Birinci kitabda 50 gənc rəssam haqqında məlumat verilib, hərəsinin bir əsəri təqdim olunub. İkinci kitabda isə daha çox gənc rəssamın yaradıcılığından söz açılıb.
Sənətşünas Azərbaycanın tanınmış rəssamları haqqında kitablar da yazıb. Onların sırasında mərhum Ənvər Əliyevin, Rəhman Şıxəliyevin, qrafik Mais Əliyevin və rəngkar Təbriz Abdullayevin yaradıcılığına həsr olunmuş kitabları sadalamaq olar. Müəllifin “Lətif Kərimov - həyat və yaradıcılığı” və “Gürcüstan - Azərbaycan elləri” kitabları Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb və nəşr edilib.
Ümumiyyətlə, “Abşeron” qalereyasında indiyədək 15 kitab hazırlanıb və nəşr olunub. Ən uğurlu nəşrlərindən biri İstanbulda çap edilmiş ikicildlik “Azərbaycan milli təsviri sənəti”dir. Azərbaycan və ingilis dillərində kitabda qaya rəsmlərindən bu günümüzə qədər milli təsviri sənətimiz haqqında aydın təsəvvür yaradılıb.
Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə fundamental nəşrin “Azərbaycanın milli təsviri sənəti - gəncliyə örnək” adlı yığcam variantı da hazırlanıb və rəssamlara və sənətsevərlərə paylanıb.
“Məqsədimiz peşəkar sənət mərkəzi kimi formalaşmaqdır”
Ölkənin tanınmış qalereyalarından olan Xətai Sənət Mərkəzi isə 2008-ci ildən fəaliyyət göstərir. Böyük şair və sərkərdənin adını daşıyan qalereya həm də metronun “Xətai” stansiyasının yaxınlığında yerləşir.
Qalereyanın direktoru Zahid Əvəzov bildirir ki, bu işə rəsm əsərlərinə və fotoşəkillərə çərçivə hazırlamaqla başlamışıq. Onda müasir üsullarla çərçivə düzəldənlər az idi. Çərçivələrin çoxu taxtadan düzəldilirdi. Beləcə rəssamlarla işləməyə başladıq, onlarla sıx əməkdaşlığımız yarandı: “Azərbaycanda tarixən xalçaçılıq çox güclü inkişaf edib. Ona görə də evlərimizdə rəsm əsəri asmaq ənənəsi olmayıb, daha çox xalça asılıb. Bizim başlıca işlərimizdən biri insanlarda rəsm sənətinə maraq yaratmaqdır. Əsas məqsədimiz peşəkar sənət mərkəzi kimi formalaşmaqdır”.
Xətai Sənət Mərkəzi üç qatdan ibarətdir. Bina xüsusi olaraq qalereya kimi tikilib. Z.Əvəzov: “Yeni fəaliyyətə başlamışdıq, tanınmış rəssamların çoxu bizə əsər vermək istəmirdilər. Sonradan rəssamlar, sənətsevərlər işimizə yaxından kömək etdilər. Onlardan çoxlu məsləhət və təkliflər aldıq. Hazırda üçüncü qatımız yalnız sərgi salonudur. Burada 87 rəssamın əsəri sərgilənir. Onların çoxu gənc rəssamlardır. Gənclərlə çox sıx işləyirik. Onların əsərlərini ilk dəfə biz almışıq. Çevrəmizdə yalnız bizimlə işləyən rəssamlar da yetişməyə başlayıb. Bəyəniriksə, pulun verib əsəri alırıq. Bu, rəssamlarda yaradıcılığa gözəl stimul yaradır”.
Qalereyanın zəngin fondu da var, vaxtaşırı ekspozisiyadakı əsərlər yenilənir. Z.Əvəzov bildirir ki, rəsm əsərlərinin təbliğatı insanlar arasında düzgün qurulmalıdır. Bunun üçün insanlarda sənət zövqü yaranmalıdır: “İnsanda rəsm zövqü uşaqlıqdan yaranmalıdır. Bizdə həmişə kəndlərdə rəsm fənnini dərs saatı az olan qeyri-ixtisas müəllimləri tədris ediblər. Təəssüf ki, indi də elədir”.
Qalereya ardıcıl olaraq böyüklər, gənclər və uşaqlar arasında müsabiqələr keçirir. Mayın 6-da “Vətən buradan başlayır” adlı sərgi-müsabiqəyə yekun vurulacaq.
Təsviri sənətin bütün növləri üzrə keçirilən bu tədbirə 300-dən çox rəssam qatılıb. 70-ə qədər əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazanıb. Qaliblər sərgi zamanı sənətsevərlər tərəfindən seçiləcək.
Mərkəzin uşaqlar üçün təşkil etdiyi “Mənim düşüncəm” adlı sərgi-müsabiqəyə əsərlərin qəbulu başa çatmaq üzrədir. Mükafatlandırma mayın 13-də olacaq.
Xətai Sənət Mərkəzi mərhum rəssam Zakir Hüseynov haqqında sənətşünas Ziyadxan Əliyevin Azərbaycan və ingilis dillərində kitabını da nəşr etdirib.
Bəs burada əsərlərin satışı necədir, əsərləri daha çox kimlər alır? Direktor deyir ki, Azərbaycanda rəsm əsərlərini daha çox hədiyyə vermək üçün alırlar: “Hələ ki, belələri əsəri ev üçün almaq istəyənlərdən daha çoxdur. Yaxşı əsər həmişə dəyərlidir. Ümumilikdə isə Azərbaycan insanının sənətə meyli artıb”.
Bu gün rəssamların çoxu yaradıcılıqda mücərrədliyə meyl edirlər. Burada da mücərrəd, avanqard əsərlərə rast gəlmək olur. Qalereya sahibi daha çox tamaşaçıların zövqünə uyğun əsərlər alıb-satdıqlarını söyləyir. Burada kiçik heykəllər, suvenirlər də satılır.
Xətai Sənət Mərkəzinin mühüm işlərindən biri də az qala unudulmaqda olan sulu boya texnikasını (akvarel) dirçəltməkdir. Mərkəz indiyə kimi bir neçə sərgi keçirib, rəssamlarda bu sahəyə maraq yaradıb. Payızda yeni akvarel sərgisi keçirmək nəzərdə tutulur.
Mərkəz həm də rəssamlıq ləvazimatlarının satışını təşkil edir və həmişə sənətsevərlərin üzünə açıqdır. Günün istənilən çağında bura gələrək sadəcə əsərlərə tamaşa etmək istəyən insanlara rast gəlmək mümkündür.
S.Soltanlı