Burada Azərbaycanın faunası ilə yanaşı, dünyanın müxtəlif iqlim qurşaqlarına xas olan heyvanlar saxlanılır

Paytaxt sakinləri və şəhərimizin qonaqlarının maraq göstərdikləri çoxsaylı məkanlar arasında Bakı Heyvanat Parkının da məxsusi yeri var. Bu məkanda neçə illərdir insanlara Azərbaycan, eləcə də dünya faunasının müxtəlif heyvan və quş növləri nümayiş etdirilir. Hər bir zooparkın simvolu olduğu kimi, Bakı Heyvanat Parkının da öz simvolu var - bu, flaminqo quşlarıdır.

Parkın direktoru Azər Hüseynov bildirir ki, burada heyvanların yaşaması və artımı üçün hər cür şərait mövcuddur. Onun sözlərinə görə, park nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Burada Azərbaycanın faunasına aid heyvanlarla yanaşı, dünyanın müxtəlif iqlim qurşaqlarına xas olan heyvanların genofondu da toplanılıb. Parkda nəsli kəsilməkdə olan, adı “Qırmızı kitab”a düşmüş müxtəlif növ heyvanlar bəslənilir. Parkda 150 növdən çox, 1200-ə yaxın irili-xırdalı, yırtıcı heyvanlardan tutmuş balıqlaradək canlılar yaşayır.
A.Hüseynov deyir ki, vaxtilə parka gətirilən bir cüt Qafqaz incə maralının balalarının sayı artmaqdadır: “Bu cins marallar 8 il öncə parkımıza gətirilib. Marallar bu ilin mayında daha iki bala veriblər. Bununla da onların sayı 9-a çatıb. Bundan başqa, parka 1999-cu ildə İrandan gətirilmiş şir, həmçinin parkda saxlanılan dəvə və kenqurular da bala verib. Ana kenqurulardan biri qəfildən öldü və biz onun balasını əlimizdə böyütdük. İnsan qayğısı ilə böyüyən bu heyvan tam əhliləşib. Onu da deyim ki, sayı artan bəzi heyvanların, xüsusilə də Qafqaz incə maralının təbiətə buraxılması haqqında düşünürük”.
Gələn il Bakı Heyvanat Parkının 75 ili tamam olur: “Bizə dəstək göstərilərsə, bu yubiley tədbirini beynəlxalq konfransla qeyd etmək istəyirik. Belə bir tədbirin keçirilməsi ölkəmizdə heyvanat aləminin qorunmasına, heyvan növlərinin artırılmasına, eyni zamanda təcrübə mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər”.
Məlumat üçün bildirək ki, Bakı Heyvanat Parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Bakıda ilk zoopark isə 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami parkı) kiçik guşə şəklində təşkil edilib. Sonralar zoopark müxtəlif ərazilərə köçürülür və nəhayət, indiki məkana gəlib çıxır. Hazırda 4 hektardan çox ərazini əhatə edir. Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvüdür.

Fariz