İyunun 29-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə aşıq Məmmədağa Babayevin 80 illik yubileyi qeyd olundu.
Tədbiri Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub açaraq Şirvan aşıq məktəbinin sənət aləminə bir çox görkəmli nümayəndələr verdiyini dedi. Onlardan biri də istedadlı aşıq Məmmədağa Babayevdir. Bildirildi ki, 1933-cü ildə anadan olan Məmmədağa Babayev 1953-cü ildən aşıqlıq sənətinə başlayıb, I Respublika Aşıqlar Qurultayının nümayəndəsi bir çox festivalların iştirakçısı və laureatı olub. 60-70-ci illərdə respublikada şöhrət tapıb, dövlət tədbirləri və el şənliklərində daim yaxından iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, professor Seyfəddin Qəniyev, İqtisad Universitetinin professoru Babaxan Niyazi, Aşıq Ələsgər muzeyinin direktoru Hüseyn Həsənov və başqaları sənətkarın mənalı ömür yolu, zəngin yaradıcılıq axtarışlarından söz açdılar.
Bildirdilər ki, aşıq Məmmədağa özünün savad, bilik səviyyəsi ilə digər aşıqlardan fərqlənib. O, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Aşıq havaları ilə yanaşı, muğamları da çox məharətlə ifa edib. Onun radionun qızıl fondunda yazılmış xeyli lent yazısı var. Aşıq uzun illər Şamaxıda “İncə tellər” aşıqlar ansamblına rəhbərlik edib.
Görkəmli sənətkar yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1977-ci ildə, 44 yaşında dünyasını dəyişib. Bu gün Şamaxıda mərkəzi küçələrdən biri onun adını daşıyır.
Yubiley tədbirində xanəndələrdən Abgül Mirzəliyev, Elbrus Niftəliyev, Ağapaşa Xəlilov, aşıqlardan Ağamurad Şirvanlı, Aşıq Yanvar, Əhliman Şirvanlı, Altay Məmmədli, Təbriz aşıqlarından Əsgər Məhərrəmi və Əbdüləli İsgəndəri, gənc aşıq Fariz Qobustanlı, Elman Talıstanlı, Əli Şirvanlı, aşıq Ramin Qarayev, “Buta” sazçı qrupu, aktyorlardan Elnar Qarayev, Şəhla Əliqızı və başqaları maraqlı çıxış və ifaları ilə tədbir iştirakçılarının zövqünü oxşadılar.
Tədbirin sonunda aşıq Məmmədağa Babayevin bacısı Səmayə Babayeva çıxış edərək mədəniyyətimizin inkişafına və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya ölkə rəhbərliyinə minnətdarlığını bildirdi, Mədəniyyət və Turizm Nazirliyinə, Aşıqlar Birliyinə və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür etdi.
S.Fərəcov