Oktyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi aşıq Pənah Pənahovun anadan olmasının (1926-1978) 90 illiyinə həsr edilən tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını bildirdi. Qeyd olundu ki, aşığın bir çox əsərləri indi də ədəbiyyatımızın və musiqi tariximizin “qızıl fond”unu bəzəyir. 52 il ömür yaşayan, lakin ustadlar-ustadı adlandırılan aşıq Pənah sazda 32 ənənəvi aşıq havasını məharətlə ifa edib, 18 saz havası (“Dilbər”, “Yeddi qardaş”, “Azərbaycan” və s.) qoşub. Eyni zamanda mahnılar da bəstələyən aşığın “Nə qəşəng bəzənmisən”, “Ana Kürüm” və digər nəğmələri hələ aşığın sağlığında ictimaiyyət tərəfindən maraqla qarşılanıb, bu gün də aşıların, müğənnilərin repertuarını bəzəyir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan aşığın “Saz və söz”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitabı işıq üzü görüb.
Mərasimdə çıxış edən görkəmli bəstəkar, Xalq artisti Arif Məlikov diqqətə çatdırdı ki, aşıq Pənah əvəzsiz sənətkar, sinədəftər el aşığı idi. O, “Qəhrəman şah Nəcəf”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. dastanları məclislərdə çox ustalıqla ifa edirdi. “Sülh” və “Pambıqçılar” dastanları onun yaradıcı aşıq kimi istedadının göstəricisidir.
Əməkdar mədəniyyət işçisi aşıq Əhliman qeyd etdi ki, sazda gözəl ifa etmək, məlahətli səsə sahib olmaq, şeir deyib dastan söyləmək qabiliyyətinin hamısı Aşıq Pənahda vardı: “Bir sənətkar kimi bu gün də onun lent yazılarını, gözəl aşıq havalarına dərin maraqla dinləməkdən doymuram. Sənətkarın xoşbəxtliyi ondadır ki, onu xalq sevir”.
Çıxışlardan sonra aşıq Əhliman, aşıq Əli, eləcə də istedadlı gənc aşıqlar, “Çeşmə” folklor qrupu, “Misri”, “Buta”, “Qobustan”, “Laçın” sazçı qrupları ustad aşığın sözlərini saz havası üstündə ifa etdilər. Bütün ifalar alqışlarla qarşılandı.
Tədbirin sonunda aşıq Pənahın oğlu Ələsgər Pənahov çıxış edərək atasının xatirəsinin bir daha yad edildiyinə görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Aşıqlar Birliyinə və tədbirin təşkilində zəhməti olanların hamısına ustadın ailəsi adından minnətdarlıq etdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar