2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində də sərgi təşkil olunub.
   
   Sərgidə gənc yazarlardan Arzu Nehrəmlinin “Tənha qu nəğməsi”, Kamal Fərəcin “Mənim gözəl Naxçıvanım”, Zaur Vedilinin “Vedi həsrəti”, Könül Əsgərin “Mən bir sevgi yetimiyəm”, Qafar Qəribin “Gözünə döndüyüm şəkil”, Ülvi Bünyadzadənin “Bir ölümün acığına”, Rahib Tahirlinin “Sonradan sonra”, İlqar Qulubəylinin “Ölüm şairlərin əyləncəsidir”, Gülsadə İbrahimlinin “Vətən bir incidir” və başqa kitablar, qəzet və jurnal materialları nümayiş olunub.
   Tədbirdə çıxış edən muzeyin direktoru Sübhi Kəngərli Azərbaycanda gənclər gününün keçirilmə tarixindən və onların ölkəmizin inkişafı, tanıdılması istiqamətindəki fəaliyyətindən bəhs edib. Bu bayramın yaranma tarixinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladan natiq, dahi rəhbərin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını bildirib.
   Sonra muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri İradə Məhərrəmova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından, onların cəmiyyətdəki rolundan danışıb. Həmçinin Naxçıvan Tibb Məktəbinin tələbəsi Sahilə Əhmədova “Naxçıvan gəncləri müstəqillik yollarında” mövzusunda çıxış edərək qarşıda duran vəzifələrdən söz açıb.
  
   Günel Novruzova,
   Naxçıvan