Naxçıvanın memarlıq inciləri sırasında Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların arasında qalan 15-20 metr məsafədə isə dini bina qalıqları var.
   
   Hər dəfə Qarabağlar kəndinə yolum düşəndə nədənsə bərpaçı Həbib ustanı xatırlayıram. Sanki xeyirxahlıq üçün dünyaya gəlmişdi. Maraqlı peşə sahibi idi. İyirmi ilə yaxın müddətdə dağılmaqda olan abidələrimizin ruhu ilə yaşayıb, onlara yeni nəfəs, bənzərsiz görkəm verməyə çalışıb. Bir vaxtlar xalq yazıçısı Anar da onun Naxçıvan memarlıq məktəbinin qanlarla, genlərlə keçən yaşarı ənənələrindən qidalanmasından heyrətə gəlib, haqqında xeyli xoş sözlər yazıb.
   Həbib mahir sənətkar idi. Ötən əsrin səksəninci illərinin axırlarında möhtəşəm və qiymətli Qarabağlar abidələrinin bərpası da ona həvalə edilmişdi. O, burada da hördüyü muncuq-muncuq kərpiclərlə, saldığı zərif naxışlarla dahi memarların dəst-xəttini olduğu kimi təkrarlayırdı...
   Dərələyəz dağ silsiləsinin yamaclarında maili istiqamətdə yerləşən Qarabağlar kəndinin qədim tarixi var. Kəndin şimal-şərqində Qalacıq deyilən ərazidə insanlar eramızdan əvvəl ikinci minilliyin sonu və birinci minilliyin əvvəllərində yaşayıblar. Qarabağlar o dövrlərdə də böyük yaşayış məskəni olub, 30 hektara yaxın ərazini əhatə edib. Govurqalada aparılan arxeoloji qazıntılar nəticəsində həmin ərazidən çoxlu sayda maddi-mədəniyyət nümunələri, dən daşları, daş gürzlər, tunc bəzək əşyaları, monoxrom naxışlı boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli bina qalıqları aşkara çıxarılıb. Hamısı da Son Tunc və İlk Dəmir dövrünə aid olub. Bu isə o deməkdir ki, təxminən dörd min il bundan əvvəl bu kənd əcdadlarımızın ilkin yaşayış yerlərindən biri olub.
   Yaşayış məskəninin adının etimologiyası ilə bağlı deyilənlər də maraqlıdır. Alimlərin fikrincə, Qarabağlar sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantin Baqruanarodnının Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlərin bir tayfasının qarabay adlanması barədə deyilənlərlə tam uzlaşır. Deyilənə görə, 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan düyüşkən tayfa kimi ad çıxarmış kəngərlilərin bir hissəsini Naxçıvandan Qarabağa köçürüb. Çox ehtimal ki, Qarabay tayfasının nümayəndələri da onların arasında olub.
    “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”- xalqımızın ümummilli lideri Heydər Əliyev bu sözləri Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik” - deyərək, bu sənət əsərinin çoxəsrlik dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində oynadığı rola da toxunub: “Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
   Qarabağlar türbəsi də təkcə orta əsrlərə aid memarlıq abidəsi olmayıb. O da çoxəsrlik dövlətçilik ənənələrimizin yadigarlarından birinə çevrilib. 1256-1357-ci illərdə fəaliyyət göstərən Elxanilərin hökmdarlığı dövründə inşa olunan abidələrdən biri olub.
   Digər yerlərdən fərqli olaraq, türbə memarlıq kompleksinə aiddir. Burada qoşa minarə və dini bina qalıqları da var. Qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağ Elxanilər dövlətinin siyasi, iqtisadi və mədəni həyatının dirçəlişində mühüm rol oynayan Quti xatunun şərəfinə tikilib. Quti xatun Elxanilər sülaləsinin və dövlətinin banisi olan Hülaki xanın arvadı, elxanilərin üçüncü hökmdarı Əhməd Teykudarın anası olmuşdur. Heç şübhəsiz ki, o dövrdə Qarabağlar hökmdarlığın əsas ictimai-siyasi mərkəzlərindən biri olub.
   Sərdabə və yerüstü hissədən ibarət olan Qarabağlar türbəsində qülləvari türbələrin əsas xüsusiyyətləri əks olunub. Abidənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi kaşılı kərpiclə örtülərək, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Kitabə qurşağı isə nəsx xətlə işlənib. Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılıb. Onun memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə 4 baştağlı olmasıdır. Ayrı-ayrı qütblərdə yerləşən bu baştağlar ona dörd fasadlı görkəm verir.
   Türbənin konus şəklində olan yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından onun tikilmə tarixini dəqiq müəyyən etmək mümkün olmayıb. Aparılan tədqiqatlar isə Bərdə türbəsi kimi onun XIV əsrin əvvəllərində tikildiyini göstərir. Bu türbələr arasında oxşarlıqlar da çoxdur. Aydın duyulur ki, o dövrdə bu ərazilər bir dövlətin tərkibində olub.
   XVII əsrdə yaşayan məşhur türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində Qarabağları meyvə bağları arasında yerləşən böyük şəhər kimi təsvir edib. Onun sözlərinə görə, o dövrdə burada təxminən 50 min adam yaşayıb, burada 10 min ev, 70 məsçid, 40 minarə və karvansara mövcud olub.
   Deyilənə görə, sonrakı yüzilliklərdə feodallararası müharibələr və daxili çəkişmələr nəticəsində bu şəhər də tənəzzül edib. Hətta iyirminci əsrin əvvəllərində burada cəmi 2 min nəfər əhalinin yaşaması da tarixi sənədlərdə əksini tapıb. Əsrin sonlarında isə burada yaşayan əhalinin sayı yenə də xeyli artıb. Hazırda isə, o, Kəngərli rayonunun ən böyük yaşayış məskəninə çevrilib. Burada 7 min nəfərə yaxın adam yaşayır. Muxtar respublikada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri bu kəndi də öz əhatəsinə alıb. Memarlıq kompleksində konservasiya işlərinin görülməsi də həyata keçirilən mühüm tədbirlərdən biri olub. Başlıcası isə rayon mərkəzi olan Qıvraq qəsəbəsindən Qarabağlara uzanan avtomobil yolu boyunca geniş həcmdə yaşıllıq zolaqları salınıb.
   ...Qarabağlar kəndindən ayrılarkən yenə də bərpaçı Həbib ustanı xatırladım. Yadıma düşdü ki, bir vaxtlar onun qabiliyyət və bacarığının, “qızıl əlləri”nin müqabilində iri şəhərlərə dəvət edib böyük vədlər verirdilər. Geniş otaqlı mənzillər, minik maşını, yüksək maaş... Həbib isə bunların heç birini qəbul etməyib. Doğulub boya-başa çatdığı torpaqda qalıb işləməyə üstünlük verib.
   
   Məmməd MƏMMƏDOV,
   Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri namizədi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar