Tək Azərbaycan deyil, həm də dünya ədəbiyyatına əvəzsiz ədəbi incilər, ölməz “Xəmsə”ni bəxs edən dahi söz ustadı şeyx Nizaminin doğma yurdu Gəncədəki möhtəşəm tunc heykəlini saxlayan postamentin müasir formaya salınması işləri yekunlaşmaq üzrədir. İşlər tam sona çatandan sonra abidə ustadın adına və şəninə yaraşar şəkildə göz oxşayacaq. Xatırladaq ki, abidənin yenidən qurulması Gəncəyə səfəri zamanı ölkə başcısı İlham Əliyevin də diqqətini çəkmişdi. Görülən işlə tanış olan dövlət başçısı müəyyən tapşırıqlar da vermişdi. Bu gün qarşıya qoyulmuş vəzifə demək olar ki, yerinə yetirilib. 20-ə yaxın işçi qüvvəsi tərəfindən heykəlin ətrafında 600 kv metr sahəyə tamet vurulub, köhnəlmiş, öz ömrünü başa vurmuş örtük xaricdən gətirilmiş naxışlı qranit hissələrdən, mərmərdən ibarət yeni örtüklə əvəz edilib. Bir sözlə abidənin müasir formaya salınması üçün bütün incəliklərə diqqət yetirilib. Bundan sonra Nizami Gəncəvinin abidəsi rənglənəcək, abidə ətrafında müasir işıqlandırma sistemi yaradılacaq. Heykəlin təmiri bir aya kimi başa çatmalıdır.
   
   Günay Asifqızı,
   Gəncə