Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
   
   İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
   
   Dövlət başçısı iclası giriş nitqi ilə açaraq ilin altı ayının göstəricilərinin müsbət olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini deyib. Prezident bildirib ki, bu göstəricilər ilin sonuna qədər müsbət dinamikanın qorunacağını deməyə əsas verir. İlin birinci yarısında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru təxminən 11 faiz artıb.
   Əsas hədəfin qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu istiqamətdə ciddi nailiyyətlərin qazanıldığını, qeyri-neft sektorunda gedən proseslərin iqtisadiyyatın ümumi inkişafının təzahürü olduğunu vurğulayıb. İlin birinci yarısında kənd təsərrüfatı sahəsində təxminən 5 faiz səviyyəsində artım olub, iqtisadiyyata qoyulan sərmayələr xeyli artıb: “12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə, ilin sonuna kimi bu sərmayələrin səviyyəsi 25 milyard dollara çatacaqdır”. Eyni zamanda, qeyd olunub ki, Azərbaycan artıq başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoyur.
   Ölkəmizin valyuta ehtiyatları da ildən-ilə artır və bu gün 48 milyard dollardan çoxdur. Həyata keçirilən islahatlar dünyanın aparıcı maliyyə qurumları tərəfindən də təqdir edilir. Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb, inflyasiya isə cəmi 2 faiz olub.
   Prezident İlham Əliyev bildirib ki, ölkəmizin bölgələri də sürətli inkişaf dövrünü yaşayır, rayonlar, kəndlər abadlaşır, sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonunda başa çatacaq regionların inkişafı üzrə ikinci Dövlət Proqramı, eyni zamanda, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı uğurla icra edilir.
   İclasda maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ilin birinci yarısında görülmüş işlər barədə dövlətimizin başçısına məlumat veriblər.
   İclasa yekun vuran Prezident İlham Əliyev ölkədə maaş və pensiyaların artımı nəzərə alınaraq makroiqtisadi sabitliyə böyük diqqət yetirilməsinin vacibliyini bildirib. Prezident növbəti aylarda regionlarda kənd yollarının tikintisinin davam etdirilməsinə böyük diqqət göstəriləcəyini deyib, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya, sənayeləşmə, içməli su, kanalizasiya, enerji, qazlaşdırma layihələrinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.
   Dövlət başçısı növbəti aylarda qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün tapşırıqlarını verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar