Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, 2012-ci il üçün Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. Bununla bağlı tərtib olunan tədbirlər planına uyğun olaraq, sentyabrın 7-9-da Masallıda beynəlxalq folklor festivalı keçiriləcək.
Beynəlxalq tədbirə hazırlıq işləri artıq yekunlaşıb.
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın bildirdiyinə görə, festivalda Türkiyə, İran, Latviya, Qazaxıstan, Rusiyanın Dağıstan, Başqırdıstan, Tatarıstan respublikalarından folklor kollektivləri iştirak edəcək: “İştirakçı kollektivlər üçün üzərində şəhərin emblemi və “Azərbaycanın Folklor Paytaxtı Masallı” yazılmış köynəklər sifariş edilib, tədbirin proqramı hazırlanıb. Çalışırıq ki, yaddaqalan bir festival təşkil edək. Tədbirlə bağlı Mədəniyyət və Turizm Nazirliyi, rayon rəhbərliyi tərəfindən bizə hər cür dəstək göstərilir”.
Festivalın ilk günü (7 sentyabr) iştirakçı ölkələrin kollektivləri Qarabağ küçəsindən başlayaraq Heydər Əliyev prospekti ilə parad formasında yürüş edəcəklər. Qonaqların qarşısından keçəndə hər kollektiv tərəfindən bir dəqiqəlik çıxış təqdim olunacaq. Həmin gün axşam saatlarında isə festivalın açılış mərasimi olacaq.
Festivalda Azərbaycanın müxtəlif bölgələrindən folklor ansambllarının iştirakı nəzərdə tutulur. Masallıdan isə festivala 4 kollektiv qatılacaq: “Nağaraçalanlar”, “Halay”, bu kollektivdə 30 il əvvəl çıxış etmiş yaşlı ifaçılardan ibarət “Veteranlar” ansamblı, rayon mədəniyyət evinin “Masallı” rəqs qrupu maraqlı nömrələr təqdim edəcəklər. Festival günlərində əyləncəli proqramlar təşkil olunacaq”.
Festival çərçivəsində dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi də açılacaq: “Masallıya gələn qonaqlar çox güman ki, özləri ilə xatirə əşyaları aparmaq istəyəcəklər. Bu məqsədlə festivalla bağlı olaraq hazırlanan suvenirlərin satış-sərgisini təşkil edəcəyik. Bundan əlavə, rayonun Boradigah qəsəbəsi və Şərəfə kəndində iştirakçı kollektivlərin konsertləri keçiriləcək”.
Festival ərəfəsində milli mətbəx nümunələrinin geniş təqdimatı da nəzərdə tutulur. Qonaqlar qəlyanaltı hazırlanması, lavaş bişirilməsi prosesi ilə tanış ola biləcəklər.
Ceyhun