Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi ölkəmizdə geniş qeyd edilir. Qəbələ rayonunda da bu mövzuda tədbirlər keçirilir.
Fərəhli haldır ki, bu il 50 illiyi qeyd olunan Cəlil Məmmədquluzadə adına indiki Qəbələ Rayon Xalq Teatrının əsası 1962-ci ildə Hüseyn Cavidin “Ana” pyesi ilə qoyulmuşdur.
Hüseyn Cavidin yaradıcılığı həmişə alimlərin diqqətini cəlb etmişdir. Qəbələ rayonunun Bum qəsəbəsində anadan olan filologiya elmləri doktoru, professor Baloğlan Cəmaləddin oğlu Şəfizadə də ədibin irsinin tədqiqatçılarındandır. O, 1987-ci ildə ədibin “Peyğəmbər” əsərinin təhlilinə həsr olunmuş dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Bir maraqlı faktı da qeyd edək ki, ötən əsrin 30-cu illərində repressiyaya məruz qalmış Hüseyn Cavidin əsərləri qadağan edildiyi vaxt ədibin yaradıcılığının pərəstişkarı olan qəbələli dərzi Məmmədəli Sadıqov (1897-1974) onun kitablarını qorumuş, hətta oğluna Cavid (1936-2000) adını vermişdir. 1983-cü ildə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xalis Məmmədovun təşəbbüsü ilə həmin kitablar bu mədəniyyət ocağına təqdim olunmuşdur. Bu gün muzeyimizdə H.Cavidə həsr olunmuş daimi sərgiyə tamaşaçılar maraqla baxırlar.
Brilyant Məlikova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı