Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət və incəsənət xadimlərinin bölgələrdə görüşləri keçirilir. Gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyan növbəti görüşlər Quba və Siyəzən rayonlarında baş tutub.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovdan aldığımız məlumata görə, mayın 4-də Qubadakı “Yaşıl Teatr”da və mayın 5-də Siyəzəndəki Bayraq Meydanında reallaşdırılan konsert proqramlarında respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova və digər sənət adamları çıxış ediblər.
Görüşlərin yerli rayon ictimaiyyəti tərəfindən çox coşqu ilə qarşılandığını deyən nazirlik nümayəndəsi bildirdi ki, açıq havada baş tutan konsert proqramlarını yüzlərlə rayon sakini izləyib. İncəsənət ustalarının çıxışları alqışlarla müşayiət olunub.
Həmsöhbətim bildirdi ki, bu görüşləri təşkil etməkdə bir məqsəd də gənc ifaçıların məşhur sənətkarlarla bir səhnəni bölüşməsi, onların təcrübələrindən yararlanması, eyni zamanda yerlərdə insanların asudə vaxtlarının səmərəli təşkilidir.
Xatırladaq ki, bundan əvvəl belə konsert proqramları Şamaxı və Qobustan rayonlarında gerçəkləmişdi. Rayonların icra hakimiyyətləri konsert proqramlarının təşkilinə yaxından dəstək verir.
Fəxriyyə Abdullayeva