Deyirlər, dünyada ən möhkəm ağac dəmirağacdır. O qədər möhkəm və əzəmətlidir ki, illərin qasırğaları onu yıxa bilmir. Lakin mən sizə ağacdan yox, dəmir iradəli insandan danışmaq istəyirəm. Ömrünün 68 ilinin tən yarısını - 34 ilini öz xalqına, tarixinə və mədəniyyətinə həsr edən Xalis Məmmədovun ömür salnaməsinə nəzər saldıqda onun çox kəşməkəşli bir yol gəldiyini görməmək mümkün deyil.
Xalis Xalid oğlu Məmmədov 1946-cı il mayın 15-də Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra bədii ədəbiyyata marağı onu Bakı kitabxanaçılıq texnikumuna gətirib çıxardı. Texnikumu fərqlənmə diplomu ilə bitirəndən sonra göndərişlə Azərbaycan Dövlət Universitetinə daxil oldu. 1978-ci ildə universiteti bitirəndə artıq 32 yaşı var idi. Elə həmin il doğma rayondakı mərkəzi kitabxanaya kitabxanaçı təyin edildi.
Kitabxanada işləməyinə baxmayaraq, bir fikir onu heç rahat buraxmırdı: Niyə Qəbələ kimi tarixi bir yerdə indiyə qədər muzey açılmayıb. Bu fikirlə o, 1979-cu il 25 oktyabr tarixində rayon qəzetində “Keçmişə və gələcəyə ehtiram” adlı bir məqalə çap etdirdi. Məqalə rayon ictimaiyyətində, xüsusilə də rəhbərlikdə yaxşı əks-səda doğurdu və belə bir muzeyin yaradılması ona həvalə edildi. Xeyli çətinlikdən sonra bir neçə ay içərisində minədək eksponat toplandı. Bu işdə onun ən yaxın himayəçisi atası Xalid (1920-1983) müəllim idi.
1980-ci ilin aprel ayında rayonda muzey açıldı. 1980-ci il mayın 15-də Xalis müəllim Mədəniyyət Nazirliyi tərəfindən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinə direktor təyin edildi. Həmin gün onun 34 yaşı tamam olurdu. Həqiqətən də ad günündə ən böyük hədiyyəyə layiq görülmüşdü.
Artıq 34 ildir ki, bu muzeyə rəhbərlik edir. Bu illər ərzində bir an belə dayanmayıb və ona göstərilən etimadı doğrultmağa çalışıb. Onun bu zəhmətinin nəticəsi göz qabağındadır. Min eksponatla fəaliyyətə başlayan muzeyin indi on dörd minə yaxın eksponatı var. Bunlar hamısı Xalis müəllimin dəfələrlə başqa-başqa şəhər və rayonlara ezamiyyətlərinin, rayon əhalisi ilə ünsiyyətinin, narahat günlərin nəticəsidir.
İndi biz muzeyimizin 2500 illik bir dövrü əhatə etməsindən fəxrlə danışa bilirik. Bunlar hamısı məhz bir insan ömrünün zəhmətidir. Xalis müəllim işinə o qədər vurğundur ki, bu illərin necə keçdiyini belə hiss etməyib. Bəzən fikirləşirəm ki, başqa heç bir kimsə öz gəncliyini onun kimi işinə qurban verməzdi. Yaşıdları ailə qurub ev-eşik, oğul-uşaq sahibi olduğu bu illər ərzində Xalis müəllim eksponat toplayıb muzey açmaqla və bu günədək bu muzeyi öz övladı kimi sevə-sevə qoruyub saxlamaqla məşğuldur.
Dövlətimiz də onun zəhmətini qiymətləndirib, ona Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onu rayonumuzun canlı ensiklopediyası adlandırsaq səhv etmərik, çünki o məhz bu bilik və bacarığa malik bir insandır. Dəmirağac tək möhkəm və əzəmətli, ensiklopediya kimi zəngin və savadlı. Tariximizin yorulmaz təbliğatçısını doğum günü münasibətilə təbrik edir, ona bu fədakar həyatında uğurlar arzulayırıq.
Ağgül Ağamoğlanova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş mühafizi