Beyləqan rayon Mədəniyyət sarayında Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı ədəbi-bədii gecə keçirilib.
Mədəniyyət sarayının direktoru Cəbrayıl Məmmədov tədbirdə çıxış edərək görkəmli yazıçının XX əsr Azərbaycan ədəbiyyatında yerindən, nəsr və dramaturgiyamıza töhfələrindən söz açıb. Qeyd olunub ki, ədibin “Sən həmişə mənimləsən”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı” və s. pyesləri, “Geriyə baxma, qoca”, “Üçatılan”, “Söyüdlü arx”, “Körpüsalanlar” kimi nəsr əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanıb, ədəbiyyatımızı zənginləşdirib. Dramaturqun pyesləri Azərbaycan səhnəsinin bəzəyinə çevrilib, “İlyas Əfəndiyev teatrı” formalaşıb.
Yazıçılar Birliyinin üzvü, “Novator” qəzetinin təsisçisi və baş redaktoru Asif Cəfərli Xalq yazıçısının 100 illiyinin UNESCO kimi mötəbər təşkilatda qeyd olunmasını İlyas Əfəndiyevin simasında Azərbaycan ədəbiyyatının təntənəsi kimi dəyərləndirib.
Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Nazim Çıraqov Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığı illərdə yazıçı ilə olan görüşlərindən, onun nə qədər zəngin mənəviyyatlı, alicənab, vətənpərvər ruhlu bir insan olmasından bəhs edib.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gültəkin Məmmədova, Təhsil Şöbəsi Azad Həmkarlar Təşkilatının sədri Tahir Həsənov və yazıçı Fehruz Hilaloğlu çıxış edərək bildiriblər ki, görkəmli dramaturq səhnəmizə 20-dən çox pyes bəxş edib. Bu əsərlər sayəsində bir sıra görkəmli səhnə xadimləri yetişərək teatrlarımızın inkişafına töhfə veriblər.
Ədəbi-bədii gecədə şairlərdən Hidayət Ağalar, Qəni Qəmli, Allahverdi Kərimoğlu, Rövşən Budaq Xalq yazıçısına həsr etdikləri şeirlərini söyləyiblər. Ədibin “Atayevlər ailəsi” əsərindən parçalar nümayiş etdirilib. “Mil” xalq çalğı alətləri ansamblının konserti tədbiri rövnəqləndirib.