Ölkəmizin füsunkar bölgələrindən olan Lerikə ildən-ilə turistlərin marağı artır

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerikdə ilk dəfə “Uzunömürlülərin yaradıcılıq festivalı” keçirildi. Bu vəsilə ilə Lerikə səfərimiz zamanı rayonun bəzi gəzməli-görməli yerləri ilə tanış olmaq fürsəti də qazandım. Bələdçimiz Şakir Qafarov Lerikin tarixi, mədəni irsi, abidələri haqqında ətraflı məlumat verdi.
Lerik rayonu 1930-cu ildə təşkil olunub. 1938-ci ilədək Zuvand rayonu adlandırılıb. Ərazisi 1084 kvadrat km, əhalisi 67 min nəfər, yaşayış məntəqələrinin sayı 161-dir.


Hər kilometrdən bir hava dəyişir...

Rayonun ərazisi Talış dağ silsiləsinin əhatəsindədir. Bənzərsizliyi, nadir ağacları, saf suyu, meşələri, tarixi yerləri ilə bu dağları Azərbaycanın zümrüd qaşı da adlandırırlar. Buraların gözəlliyini sözlə təsəvvür etmək mümkün deyil. Lerik Azərbaycanın rəngarəng, füsunkar təbiətli rayonlarındandır. Dağlardan və meşələrdən süzülən şəffaf bulaqları, Sors, Zuvand, Lerik, Bilnə, Ləkər, Vazaru çayları bu yerlərə xüsusi yaraşıq verir. Qəribə təbiəti olan rayonun havası hər kilometrdən bir dəyişir. Coğrafi ərazisinə və relyefinə görə beş iqlim tipinə malikdir.

Tarixə şahidlik edən abidələr

Lerikdə çoxlu tarixi mədəniyyət nümunələri, o cümlədən 27 memarlıq, 25 arxeoloji, 78 dekorativ və tətbiqi sənət abidəsi var. Lerik şəhərində tarix-diyarşünaslıq muzeyi, “Uzunömürlülər muzeyi”, rəsm qalereyası fəaliyyət göstərir.
Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII-XIV əsrlər) və s. rayonun tarixinin qədimliyinin sübutudur. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəllərinə rast gəlmək mümkündür.
Rayon ərazisindəki Oğlan və Qız qalaları müdafiə məqsədilə tikilib. Qalaların bürcləri orijinal arxitektura quruluşuna malikdir. Rəvayətə görə, bura qədim albanların məskəni olub. Burada albanlara məxsus qəbiristanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik ərazisinə də göndərib. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır.

Lerikdəki mağaralar qədim insan məskənləridir

Lerik ən qədim yaşayış məskənlərindən biri kimi də tanınır. İbtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə ediblər. Bu mağaralardan bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Dağlarda eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.
Zuvand çayının sol sahilində eyniadlı mağara yerləşir. Onun üstündəki Buzeyir mağarası cənub zonasında tapılmış ən qədim insan düşərgələrindən biridir.
Bələdçimiz Şakir Qafarov deyir ki, Lerik rayon mərkəzindən 19 km məsafədə, Buzeyir kəndinin ərazisində yerləşən bu mağara Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. Burada daha bir neçə mağara var. Bu mağaraların ən böyüyü 1 km uzunluğundadır, ən kiçiyinin uzunluğu isə 5-6 metrdir. Qazıntılar zamanı mağaranın içərisindən daş dövrünə aid ov və məişət alətləri tapılıb. Mağaraların giriş qapısı çox kiçik olsa da, içərisinin hündürlüyü 2-2,5 metrdir.
Buzeyir mağarasına gedən yolda, «Dağlar qapısı» deyilən yerdə dayanırıq. Bələdçimizin sözlərinə görə, bura ona görə belə adlanır ki, hardasa külək, yağış olanda dağlar bu tərəfə keçməyə qoymur...
Dəlikdağın 1640 metr yüksəkliyində yerləşən 7 mağaradan biri «Cin» adlanır. Ora girmək üçün əyilib keçmək lazımdır. Amma içərisi çox böyükdür. Yerli sakinlərin sözləri ilə desək, bir şadlıq sarayı boyda. Hündürlüyü isə 2 metrə yaxındır. Mağaranın girişi olsa da, çıxışı yoxdur. Bu səbəbdən içəridə oksigen azlığı var. Kibrit yandırmaq belə mümkün deyil, dərhal sönür. Keçmişdə insanlar mağarada cinin olduğuna inanıb. Guya kibriti cin üfürür.
Mağaranın yerləşdiyi dağın maraqlı quruluşu var. Bu da dağın bir tərəfindən digərinə keçmək üçün onun içindən keçən təbii yoldu. Buna görə də həmin dağ Dəlikdağ adlanır.
1985-ci ildə Buzeyir mağarasında başlayan arxeoloji qazıntılar zamanı daş alətlər və heyvan sümükləri tapılıb. 1990-cı ildə Əsədulla Cəfərovun rəhbərliyi ilə Buzeyir mağarasındakı daha geniş sahədə arxeoloji qazıntı işlərinə başlanılıb. Qazıntılar zamanı mağaradan tunc və eneolit dövrlərinə aid gil qab qırıqları aşkar olunub. Tapılan daş məmulatların texniki və tipoloji xüsusiyyətləri əmək alətlərinin Mustye mədəniyyəti - Aşelin son mərhələsində hazırlandığını söyləməyə imkan verir.

«Uzunömürlülər diyarı» turizm marşrutu xarici qonaqlar üçün əvəzsiz turdur

Lerik rayonunun xarakterik xüsusiyyətlərindən biri də onun uzunömürlü insanlarıdır. Rayonun sakini Şirəli Müslümov dünyanın ən uzunömürlü insanı sayılır. O, 163 il (1812-1975) ömür sürüb. Onun həmyerliləri Məcid Ağayev 138 il (1835-1973), Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşayıb. Hazırda rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlayan onlarla insan yaşayır.
Məhz bu xüsusiyyəti Leriki turistlər üçün maraqlı məkana çevirib.
Rayon ərazisinə «Uzunömürlülər diyarı» mədəni turizm marşrutu da açılıb. «Millennium Turizm Konqres DMC»nin direktoru Ruslan Quliyev deyir ki, bu marşrut 2007-ci ildə rəhbərlik etdiyi şirkətin təklifi ilə yaradılıb. Onun sözlərinə görə, xarici turistlər üçün bu, əvəzsiz bir turdur: «Əsasən həftəsonu bu marşruta maraq göstərilir. Bəzi hallarda 7-10 günlük turlar təşkil edirik. İldən-ilə bu bölgəyə turistlərin marağı artır. Buna müvafiq olaraq buradakı istirahət mərkəzlərinin sayı da artır. 7 il əvvəl Lerikdə cəmi 2 istirahət mərkəzi vardısa, hazırda onların sayı 10-dan artıqdır. Bu da təbii ki, tələbatdan irəli gəlir».

9 ayda Lerikə 20 minə yaxın turist gəlib

Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aqil Sucayevdən isə buradakı turizm obektləri barədə məlumat alırıq. Onun sözlərinə görə, Lerikdə turistlərin qalması üçün şərait ildən-ilə yaxşılaşdırılır, yeni-yeni hotellər tikilir. Bunun nəticəsində rayona gələn turistlərin sayı da artır. Hazırda Lerikdə 12 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə bir gündə 1700 nəfərin qalması və istirahət etməsi üçün lazımi şərait mövcuddur. Rayondakı ən böyük turizm obyekti «Relax» istirahət mərkəzidir. Bu ilin 9 ayında Lerikə 20 minə yaxın turist gəlib ki, bunun da 8 min nəfəri xarici turistlərdir. Qeyd edək ki, ötən il bu rəqəm 17 min nəfər olub.

Fəxriyyə Abdullayeva