Prezident İlham Əliyev aprelin 15-də akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə) anadan olmasının 110 illiyi tamam olur: “Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynamışdır”.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb ki, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.