Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən Göygöl şəhərində Qafqaz Almanları Tarix Muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir.
Muzeyin yaradılması vaxtilə orada yaşamış almanların ölkənin mədəni-iqtisadi həyatında oynadıqları rolu tədqiq etməklə yanaşı, regionda turizmin, eləcə də Almaniya ilə Azərbaycan arasında əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.
Layihə çərçivəsində Göygöl şəhərində (keçmiş Helenendorf qəsəbəsi) yaşamış sonuncu alman kolonisti Viktor Klaynın evi muzeyə çevriləcək.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Auxun rəhbərlik etdiyi «EuroKaukAsia» elmi-mədəni cəmiyyəti tərəfindən muzeyin elmi konsepsiyası hazırlanıb. Martın 2-də Mədəniyyət və Turizm Nazirliyində konsepsiyanın təqdimatı keçirilib. Almaniya Beynəlxalq Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə hazırda muzeyin ərsəyə gəlməsi üçün işlər davam etdirilir, yüzlərlə eksponat toplanıb.
Mart ayında muzeyin gələcək əməkdaşları Pərviz Səmədov və Alina Əliyeva Almaniyanın bir sıra şəhərlərində müvafiq muzeylərdə ustad dərslərinə cəlb olunaraq təcrübə keçiblər. “EuroKaukAsia” cəmiyyətinin təşkil etdiyi səfər zamanı onlar iki həftə ərzində Ştutqart, Roytlinqen, Detmold, Betsinqen, Boyren və başqa şəhərlərdə Almaniyada muzey işinin müxtəlif aspektləri və istiqamətləri ilə yaxından tanış olublar. Azərbaycanlı mütəxəssisləri təcrübə səfərində Almaniyada yaşayan həmyerlimiz, «EuroKaukAsia»nın icraçı direktoru, Berlin Humboldt Universitetinin dosenti Rasim Mirzəyev müşayiət edib. Azərbaycanlı mütəxəssislər Almaniya parlamentinin üzvü Heynrix Sertiklə də görüşüblər. Bundestaqın deputatı Azərbaycanda alman mədəni irsinin qorunması ilə bağlı görülən işləri yüksək dəyərləndirib.