Bu il oktyabrın 2-3-də Bakıda keçiriləcək IV Beynəlxalq Humanitar Forumun proqramı və müzakirə ediləcək mövzuların adları açıqlanıb. Tədbirin saytında yer alan məlumata görə, IV Bakı Beynəlxalq Humanitar Forumunda qloballaşan dünyada humanitar problemlər, perspektivlər və çağırışlar müzakirə olunacaq.
Forumda səkkiz dəyirmi masa təşkil ediləcək. Birinci dəyirmi masa “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusuna həsr edilib. Bu iclas çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı olacaq.
Bundan əlavə, forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzular müzakirə olunacaq. Qeyd edək ki, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” mövzusunda dəyirmi masa AzərTAc tərəfindən təşkil olunacaq.
Forumda müxtəlif ölkələrdən tanınmış alimlər, Nobel mükafatı laureatları və mədəniyyət xadimləri iştirak edəcək. Tədbirin açılış mərasimi Heydər Əliyev Mərkəzində olacaq. Proqramda iştirakçıların Azərbaycanın regionlarına səfərləri də nəzərdə tutulub.