Bölgələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə yad olunub

Sumqayıt şəhərində fəaliyyət göstərən mədəniyyət evləri və klub müəssisələrində Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
N.Nərimanov adına Mədəniyyət mərkəzində özfəaliyyət kollektivi üzvlərinin ifasında muğamlar dinlənilib, şeirlər səsləndirilib, faciəni əks etdirən kadrlar nümayiş olunub. “28 May” Diyarşünaslıq evinin Xalq teatrı kollektivinin ifasında “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara təsirli anlar yaşadıb. “Xocalı fəryadı” filmindən kadrlar təqdim edilib.
C.Cabbarlı adına Mədəniyyət evində keçirilən tədbirdə bədii qiraət dərnəyi üzvləri şəhidlərə həsr olunmuş şeirlər söyləyib, özfəaliyyət kollektivi üzvlərinin ifasında muğamlar səsləndirilib. Rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında nümayiş olunan “Gözü yolda qalan Xocalım” adlı ədəbi-bədii kompozisiya tamaşaçıları duyğulandırıb. Rəssamlıq kursunun üzvlərinin əl işlərindən ibarət sərgi keçirilib. Corat qəsəbə Mədəniyyət evi 7 saylı orta məktəbdə tədbir keçirib. “Xocalı unudulmaz faciədir” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, faciəyə həsr olunmuş şeirlər ifa olunub.
“Gənclik” şəhər klubunun “İstedad” liseyində keçirdiyi tədbirdə klubun özfəaliyyət kollektivi ədəbi-bədii kompozisiya təqdim edib. “Dostluq” Mədəniyyət evində və 4 saylı şəhər klubunda da anım tədbirləri keçirilib.
* * *
Masallı rayon Heydər Əliyev Mərkəzinin kinozalında Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri “Dolu” filminə baxıblar. Mərkəzin foyesində hazırlanmış guşə və sərgi ilə tanış olan məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.
* * *
Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət mərkəzində keçirilən tədbirdə erməni vandallarının Xocalıda törətdiyi qətliamdan söz açılıb, bu soyqırımının bəşər tarixində insanlıq əleyhinə yönəlmiş ən qəddar cinayətlərdən biri olduğu vurğulanıb.
* * *
Cəlilabad rayon Mədəniyyət mərkəzi, 2, 3 və 4 saylı şəhər klublarının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” adlı tədbir keçirilib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, rayon Dövlət Rəsm Qalereyası tərəfindən sərgi təşkil olunub.
* * *
Mingəçevir Turizm Kollecində keçirilən “Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətdir” mövzusunda konfransda soydaşlarımıza qarşı törədilən faciə haqqında həqiqətlərin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətləri vurğulanıb. Soyqırımına həsr olunmuş videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mingəçevir Şəhər Tarix Muzeyinin filialı olan Şəhidlərin xatirə muzeyində isə “Bu qan yerdə qalmayacaq” adlı ədəbi-bədii kompozisiya keçirilib. Məktəblilərin ifasında faciəyə həsr olunmuş şeirlər səsləndirilib.
* * *
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Füzuli rayon Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbi və Bala Bəhmənli kənd tam orta məktəbi kollektivinin, həmçinin Horadiz şəhər, Mahmudlu 1 kənd uşaq musiqi məktəbləri şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
* * *
Qusar rayon uşaq incəsənət məktəbində faciənin ildönümünə həsr olunmuş tədbirdə Xocalı qətliamının baş verməsindən, acı nəticələrindən söz açılıb. Sonda “Xocalı - faktlar” sənədli filmi nümayiş etdirilib.
* * *
Siyəzən Mədəniyyət mərkəzi və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Mədəniyyət mərkəzi bədii-qiraət dərnəyinin kollektivi və şagirdlərin ifasında soyqırımına həsr olunmuş səhnəciklər nümayiş etdirilib, şeirlər söylənib.
* * *
Balakən rayonunun mədəniyyət müəssisələrində “Xocalı silinməz yaddaş”, “Xocalı harayı”, “Xocalı soyqırımı - 24”, “Qanlı fevral” və s. mövzularda rəsm və kitab sərgiləri təşkil olunub, ədəbi-bədii gecələr, dəyirmi masalar keçirilib, filmlər nümayiş etdirilib.
* * *
Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsində Mədəniyyət mərkəzinin təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı - uşaqların dili ilə” qısametrajlı filmin yaradıcı heyəti ilə rayon məktəblilərinin görüşü keçirilib.
* * *
Qubadlı rayon Mərkəzi kitabxanasında mədəniyyət müəssisələri işçiləri ilə birlikdə “Xocalı uşaqları - qan içində qar çiçəyi” adlı anım mərasimi keçirilib. Tədbirdə erməni-rus birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklərdən danışıblar.
* * *
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon 3 saylı məktəb-liseydə anım tədbiri keçirilib. Çıxışlardan sonra “Məhv edilmiş şəhər” adlı videoçarx təqdim edilib. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
* * *
Quba rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən ədəbiyyat dərnəyinin təşkilatçılığı ilə keçirilən ədəbi-bədii tədbirdə qeyd olunub ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq əleyhinə törədilən faciədir. Sonda Heydər Əliyev Fondunun hazırladığı “Xocalı” filmi nümayiş olunub.
* * *
Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində İ.Dağıstanlının xatirə muzeyi ilə birgə keçirilən “Şəhid şəhər” adlı tədbirin iştirakçıları öncə soyqırımına həsr olunmuş fotolardan ibarət sərgiyə baxıblar. Çıxışlardan sonra 2 saylı məktəb-liseyin şagirdləri şeirlər söyləyiblər. Sonda “Cənnətdəki kölgələr” sənədli filmi nümayiş etdirilib.
* * *
Tovuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Xocalım, ay Xocalım” adlı anım tədbiri keçirilib. Çıxış edənlər faciəni ən qəddar terror hadisəsi kimi dəyərləndiriblər. Tədbirin sonunda mövzu ilə bağlı sərgiyə baxış olub.
* * *
Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxanada “Tarixin qanlı səhifəsi” adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Çıxışlarda o müdhiş gecənin dəhşətlərindən söz açılıb. Şagirdlər “Bir millətin səsi” adlı kompozisiya təqdim ediblər.
* * *
Lerik rayon MKS-də “Əsrimizin qan yaddaşı” mövzusunda keçirilən tədbirdə qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Sonda “Xocalı soyqırımını unutma!” adlı sənədli film nümayiş etdirilib.
* * *
Astara rayon Mərkəzi kitabxanasında xatirə gecəsi keçirilib. Çıxışlarda belə bir inam ifadə olunub ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsini törədənlər layiq olduqları cəzaları alacaqlar. Xocalı soyqırımını əks etdirən fotosərgi və ermənilərin xalqımıza qarşı apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilib.
* * *
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən anım mərasimində əvvəlcə ekspozisiyada təşkil olunmuş “Xocalı harayı” adlı sərgiyə baxış olub. Çıxışlarda faciənin dəhşətlərindən söz açılıb, o müdhiş gecənin yaddaşlardan silinməyəcəyi vurğulanıb.
* * *
Neftçala rayon Mərkəzi kitabxanasında “Xocalı soyqırımı - erməni faşizminin avtoportreti” adlı ədəbi-bədii kompozisiya keçirilib. Çıxışdan sonra rayon 3 saylı orta məktəbin IX sinif şagirdləri soyqırımına həsr olunmuş şeirlər söyləyib, musiqi parçaları təqdim ediblər.
* * *
Laçın Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Bakı şəhər Nizami rayonunda yerləşən 1 saylı Laçın uşaq musiqi məktəbində faciənin ildönümünə həsr olunmuş tədbir keçirilib. 33 saylı tam orta məktəbin şagirdləri Xocalıya həsir edilmiş şeirlər söyləyiblər. “Böyüməyən uşaqlar” adlı film nümayiş olunub. Sonda rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
* * *
Goranboy rayon Mərkəzi kitabxanasının oxu zalında “Qanla yazılmış tariximiz” adlı dəyirmi masa keçirilib. Xocalı sakinləri başlarına gələn dəhşətləri ürək yanğısı ilə danışıblar. Rayon 1 saylı və 2 saylı tam orta məktəblərin şagirdləri kompozisiyalarla çıxış ediblər, sərgiyə baxış olub.
Rayon Mərkəzi kitabxanasının işçiləri, rayon internat məktəbinin kollektivi, Balakürd kənd orta məktəbinin 11-ci sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Qan ağlayan Xocalı” başlıqlı tədbir keçiriblər. MKS-nin direktoru Gülnarə Nəsibova, şöbə müdiri Aygün Əliyeva Xocalı soyqırımı haqqında danışıblar. Mövzu ilə bağlı kitab sərgisi təşkil edilib.
* * *
Abşeron rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə iştirakçılar öncə Xocalı soyqırımını özündə əks etdirən fotostendə baxıblar. Sonra Mədəniyyət mərkəzi Xalq teatrının ifasında yazıçı-publisist Rafiq Rəhimlinin "Namus naminə" pyesi əsasında səhnələşdirilən “Bir ailənin taleyi” tamaşası nümayiş olunub.
* * *
Qazax rayon Mədəniyyət mərkəzində keçirilən anım tədbirində rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Gülayə Həsənova çıxış edərək bildirib ki, zaman bizi o dəhşətli faciədən uzaqlaşdırdıqca Xocalı soyqırımının törədən düşmənlərimizə qarşı nifrət və qəzəbimiz daha da güclənir. Soyqırımından bəhs edən kompozisiya təqdim olunub, 2 saylı musiqi məktəbinin özfəaliyyət kollektivinin ifasında Xocalıdan bəhs edən muğam səsləndirilib. Sonda iştirakçılar “Xocalı qətliamı uşaqların gözü ilə” adlı rəsm sərgisinə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar